Onlayn ictimai-siyasi qəzet
“Rusiya və Azərbaycan arasında Qarabağda İT sektorunun inkişafı ilə bağlı müzakirələr davam edir”. Bunu Rusiya Prezidentinin davamlı inkişafa nail olmaq üçün Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə Xüsusi Nümayəndəsi Boris Titov 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) bildirib. Xüsusi Nümayəndə, həmçinin, qeyd edib ki, məlumat mərkəzlərinin yaradılması hazırda çətindir və ixtisaslaşmış proqramlar tələb edir, lakin bu sahədə gələcək əməkdaşlıq mümkündür.

Bəs niyə məhz Qarabağda?
Xatırladaq ki, az öncə rəsmi Moskva Xankəndində baş konsulluq açmaq istəyini bəyan etmişdi. Bu ilin aprelində isə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında rusiyalı iş adamlarının Azərbaycanın azad edilmiş ərazilərində quruculuq işlərində iştirak etməkdə maraqlı olduğunu söyləmişdi. “Biz Rusiya biznesini buradakı yaradıcı layihələrdə fəal iştirak etməyə yönləndiririk. Xüsusilə yaradılmış əlverişli investisiya mühiti bu əməkdaşlıq üçün geniş imkanlar açır”, - deyə Overçuk vurğulamışdı.
İyunun 4-də isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Azərbaycanla ikitərəfli əlaqələrin bütün spektrini ardıcıl şəkildə inkişaf etdirmək niyyətində olduğunu bəyan edib. Ardınca xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına yardım göstərməyə hazırdır. Qaluzinin sözlərinə görə, Rusiya Azərbaycanla iqtisadi inteqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə lazımi dəstəyi verməyə hazırdır. O qeyd edib ki, Moskva Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi önəm verir.

Siyasi ekspert Oqtay Qasımovun Musavat.com-a bildirdiyinə görə, Azərbaycan müstəqil siyasət yürüdür, Rusiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməyi üstün tutur. Onun fikrincə, rəsmi Bakı Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəzərdən keçirmir. İT sahəsində əməkdaşlığa gəlincə, O.Qasımov hesab edir ki, bu layihənin azad olunan ərazilərdə baş tutacağına inanmır: “Azərbaycan Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlıq edə bilər. Əslində, İT sahəsində Bakı, Sumqayıt və başqa şəhərlərdə əməkdaşlıq mümkündür, sadəcə Rusiya üçün Qarabağ simvolik məna daşıyır. Məhz bu səbəbdən ərazi olaraq bu bölgənin adı çəkilib. Amma reallaşacağını gözləmirəm”.

Ekspert Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri Güney Qafqazda təsir imkanlarını ciddi şəkildə itirdiyini müşahidə edir: “Ermənistanda nüfuzu zəifləyib, 44 günlük savaşdan sonra erməni cəmiyyətində Moskvaya münasibət dəyişib və bu, xüsusən də seçki ərəfəsində özünü göstərməkdədir. Azərbaycanla əlaqələr isə 2024-cü ilin dekabrına qədər kifayət qədər konstruktiv məcrada olub. Əsasən də 44 günlük müharibədən sonra münasibətlər yaxşı idi. Heç də həmişə belə olmayıb”.
Analitik qeyd edib ki, təyyarə hadisəsindən sonra Rusiyada imperiya düşüncəsinin hakim olduğunu, dialoq əvəzinə gərginlik yolu seçildiyini bir daha gördük: “Sadəcə, Azərbaycan da mövqeyindən geri çəkilmədi. İndi tərəflər arasında dialoq davam edir, gərginlikdən qaçmağa çalışırlar. Amma 2024-cü ildən əvvəlki münasibətlər də deyil. Eyni zamanda, Rusiyanın Ukraynada vəziyyəti yaxşı görünmür”.
Ekspert hesab edir ki, Rusiya Cənubi Qafqazda nüfuzunu artırmağı çox istəyərdi: “Bunun üçün Azərbaycanla münasibətlərin normallaşmasının vacib olduğunu anlayır, çünki bölgədə açar Bakıdır. Amma Rusiyanın Qarabağla bağlı manipulyasiyalar etdiyini görməkdəyik. Məsələn, Stavropol vilayətində məlum abidənin analoqu ilə göstərdi ki, Rusiya üçün bu mövzu bağlanmayıb...”
Emil Salamoğlu
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ