İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Şərqin xəzinəsini necə apardı? – Ərdəbil kitabxanasının şok talanı

Araşdırmaçı jurnalist, ssenarist Müsəllim Həsənov sosial media hesabında olduqca maraqlı tarixi faktlar, detallı hekayələr paylaşır.

Musavat.com həmin qeydlərdən bir neçəsini bir araya gətirərək oxuculara təqdim edir.

Peterburq Universitetinin professoru O.Senkovski hələ Rusiya–İran müharibəsinin (1826–1828) gedişində İran şəhərlərindəki kitabxanaların müsadirə edilməsi barədə təklif vermişdi.

Rusiya Dövlət Tarix Arxivində O.Senkovskinin 1827-ci ilin noyabrında imperator I Nikolaya fransız dilində yazdığı məktub saxlanılır. Professor yazır ki, hələ antik dövrlərdən başlayaraq müharibələrin yekununda bəzi fatehlər məğlub ölkədən təzminat əvəzinə qiymətli əlyazmalar tələb ediblər.

Konkret tarixi nümunələrin sadalandığı uzun girişdən sonra Senkovski qeyd edirdi:

“…Bütün cəhalət zülmətinə baxmayaraq, İranın kitabxanalarında hələ də ərəb və fars dillərində çoxsaylı qədim əlyazmalar mövcuddur.

…Mən öz təcrübəmdən bilirəm ki, bu kitabxanalarda islam teologiyasına dair çoxlu sayda traktatlar, mistik və asketik yazılar var ki, bunlar elmi baxımdan dəyərsizdir.

…Təbriz, İsfahan, Tehran, Rəşt, Məşhəd, Mərv və Herat şəhərlərinin kitabxanalarında hələ də çox qədim və dəyərli elmi əsərlərin qorunduğuna şübhəm yoxdur”.

Professor bütün bunları xatırladaraq imperatora təklif edirdi:

“Gürcüstanda yerləşən qoşun dəstəsinin baş komandanına fəth olunmuş şəhərlərin məscid və mədrəsələrində saxlanılan kitabxanaları götürərək Sankt-Peterburqa göndərmək əmri verilməlidir”.

O.Senkovski bu əlyazmaların seçimi üçün Şərq ədəbiyyatı sahəsində dərin biliyi olan bir şəxsin təyin edilməsini də məqsədəuyğun sayırdı.

İmperator I Nikolay professorun təklifini bəyənir və Baş qərargah rəisi İvan Dibiçə göstəriş verir ki, məsələ icra olunsun. Baş qərargah rəisi 1827-ci il noyabrın 17-də Senkovskinin məktubunu əlavə təliqə ilə birlikdə Paskeviçə göndərir.

İ.Dibiç general Paskeviçə yazırdı:

“…Əlahəzrət imperator qədim əlyazmalarla bağlı məsələnin sülh traktatına daxil edilməsini məqbul saymır. Amma istəyir ki, siz bu məsələni diqqətdən qaçırmayasınız.
Qacarlar dövlətinin səlahiyyətli şəxslərini başa salın: müqavilə bağlanarkən şah tərəfindən Əlahəzrət imperatora müxtəlif hədiyyələr verilə bilər. Siz onları inandırın ki, hədiyyə əvəzinə qədim əlyazmalar təqdim etmək daha məqsədəuyğundur…

İmperator həzrətləri belə əlyazmaların tapılmasında sizin yanınızda olan Qriboyedovun imkanlarından istifadə etməyi də məsləhət görür”.

Paskeviç bu sənədi və Senkovskinin məktubunu alan kimi tapşırığın icrasını A.Qriboyedova həvalə edir.

Bundan təxminən iki ay sonra – 1828-ci il yanvarın 25-də rus qoşunları Ərdəbili tutur.

Fevralın 8-də isə Ərdəbilin işğalına rəhbərlik edən general Suxtelen diqqəti şəhərin məşhur Şeyx Səfi kitabxanasına yönəldir. Bu kitabxana Şərqin ən qiymətli əlyazmalarının saxlanıldığı mərkəzlərdən biri idi.

General Suxtelen fevralın 8-də Şeyx Səfi kitabxanasına nəzarət edən din xadimlərini yaşadığı evə dəvət edir. Onlara bildirir ki, Rusiya imperatoru özünün çoxsaylı müsəlman təbəələrinin təhsil və tərbiyəsi üçün Şərq ədəbiyyatına ehtiyac duyur.

General qeyd edir ki, bu məqsədlə kitabxanadakı əlyazmaların üzünü köçürmək üçün onları götürmək istəyir.

Hacılar və mollalar əvvəlcə etiraz edirlər. Lakin rus general onları inandırır ki, əlyazmaların surəti çıxarılacaq və geri qaytarılacaq.

3291e8ec-3698-41af-af25-21e302313c92.jpg (316 KB)

General Suxtelenin Paskeviçə hesabatından:

“…Nəhayət, hacılar və mollalar inandıqlarını bildirdilər ki, böyük Rusiya imperatoru əsrlər boyu Persiya hökmdarlarının və digər məşhur şəxslərin səxavəti nəticəsində toplanmış bu qiymətli ədəbiyyatı məhv etməyəcək və böyük Şeyx Səfinin məscidini mükafatsız qoymayacaq”.

Bundan sonra din xadimləri rus generalları və tərcüməçilərlə birlikdə Şeyx Səfi kitabxanasına gedirlər. Qədim əlyazmalar səkkiz sandığa yığılır. Hər sandığa yeddi möhür vurulur, o cümlədən dörd möhürü Ərdəbil mollaları vurur.

Beləliklə, kitablar səliqə ilə yığılaraq Ərdəbil qalasına aparılır və oradan Tiflisə göndərilmək üçün hazırlanır. Kitabların Tiflisə çatdırılması polkovnik Reneyə tapşırılır.

İş başa çatdıqdan sonra general Suxtelen öz cibindən 25 çervon pul verərək bunu Ərdəbil yoxsullarına ianə kimi təqdim edir. Bu “xeyirxah jest” din xadimlərinə xoş təsir bağışlayır və mollalardan biri Rusiya imperatorunun səadəti üçün dua oxuyur.

General Suxtelen Paskeviçə yazdığı raportda qeyd edir ki, bütövlükdə Şeyx Səfi kitabxanasının “alınmasına” cəmi 50 çervon xərclənib...

Yazdığı hər sözə görə məsuliyyət daşıyan qələm adamı

Müsəllim Həsənov

araşdırmaçı-jurnalist, ssenarist

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR