Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Putinlə Zelenskinin görüşünə Türkiyə, Azərbaycan və ya Birləşmiş Ərəb Əmirlikləri ev sahibliyi edə bilər”
Rusiya-Ukrayna müharibəsi dördüncü ilinə yaxınlaşdıqca həm cəbhə xəttində, həm də diplomatik müstəvidə yeni dinamika formalaşır. Son günlər tərəflərin qarşılıqlı bəyanatları, mümkün danışıqlarla bağlı çağırışlar və beynəlxalq vasitəçilik təşəbbüsləri münaqişənin gələcək inkişaf istiqamətləri barədə müzakirələri yenidən aktuallaşdırıb.

Siyasi analitik Aqşin Kərimov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin hərbi arenasında əməliyyatlar davam etsə də, siyasi müstəvidə iki ölkə lideri bir-birlərinə jestlər edirlər: “Bunun görünən tərəfi Rusiya prezidenti Vladimir Putinin 9 Mayla əlaqədar elan olunan atəşkəsdən sonra ukraynalı həmkarına “cənab” deyə müraciət etməsi ilə başladı. Bu, Putinin müharibə başlayandan bəri təbliğat ritorikasında Zelenskiyə münasibətdə istifadə etdiyi müraciət modelində dönüş nöqtəsi kimi şərh oluna bilər.
Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 4-də Vladimir Putinə açıq məktub göndərərək mövcud cəbhə xətti boyunca dərhal atəşkəs elan etməyi və müharibəyə son qoymaq üçün üçüncü ölkədə ikitərəfli görüş keçirməyi təklif etdi. Lakin bunlar qarşılıqlı jest və diplomatik etiket çərçivəsindən kənara çıxan daha dərin səbəblərlə əlaqəlidir. Hər iki tərəf bununla müharibənin ölkələrinə vurduğu ziyanları üstüörtülü şəkildə etiraf etmiş olur. Bu, həm Moskvanı, həm də Kiyevi qarşılıqlı güzəştlər əsasında müharibəni dayandırmağa sövq edir, hərçənd ki, sülh müqaviləsindən danışmaq hələ tezdir. Çünki strateji xətlərdəki fundamental yanaşmalardan imtina yoxdur. Hərbi analizlərə görə, Rusiyanın Ukrayna meydanındakı ərazi qazancları xeyli azalıb. Rusiya qüvvələri 2024-cü ilin dekabrından 2025-ci ilin mayına qədər təxminən 516 kvadrat kilometr əraziyə nəzarəti ələ keçirmişdilər. Ancaq 2025-ci ilin dekabrından 2026-cı ilin mayına qədər onların irəliləyişi cəmi 41 kvadrat kilometr olub. Bu o deməkdir ki, Rusiya bu il ötən ilin eyni dövründə əldə etdiyi ərazinin yalnız təxminən 8 faizini qazana bilib”.

Müsahibin sözlərinə görə, Ukraynanın DeepState OSINT qrupunun məlumatları göstərir ki, Rusiya qüvvələrinin ərazi qazancları məhdud olaraq qalır: “Son dörd həftədə (5 may – 3 iyun 2026) onlar cəmi 8 kvadrat kilometr xalis irəliləyiş əldə ediblər, may ayı ərzində isə ümumilikdə 14 kvadrat kilometr Ukrayna ərazisini nəzarətə götürüblər. Lakin bunlar məhdud irəliləyişlərdir və vəziyyət Rusiyanın itkiləri də nəzərə alınanda daha da pis görünür. Ötən ilin əvvəlində Rusiya 516 kvadrat kilometr ərazi qazanmışdı, halbuki bu ilin eyni dövründə ümumi hesabla 281 kvadrat kilometr ərazi itirib. Yəni əldə etdiyi kiçik irəliləyişlər itkiləri kompensasiya etməyib. Ukrayna aktiv döyüş meydanında fərqli metodlarla vəziyyəti dəyişməyə çalışır, lakin hazırda Ukrayna qüvvələri də əhəmiyyətli üstünlük qazanmayıb. Buna baxmayaraq, Ukraynanın əks-hücumları Rusiya ilə cəbhə mövqelərinin tez-tez kəsişməsinə və ya situativ şəkildə əl dəyişdirməsinə səbəb ola bilər”.
Ekspert qeyd edib ki, Rusiyanın Ukraynadakı nəzarət zonalarına və Moskvanın Ukraynanı intensiv raket və pilotsuz uçuş aparatları ilə hücumlara məruz qoymasına baxmayaraq, Kiyevin əks-tədbirləri Kreml üçün daha güclü siqnaldır: “Ukraynadakı müharibənin trayektoriyası Rusiya üçün iqtisadi xərclərlə yanaşı, daxili təhlükəsizlik və kəşfiyyat boşluqları risklərini də artırır. Ukraynanın Rusiya daxilindəki strateji obyektlərə qarşı həyata keçirdiyi hücumlar Kiyevin kəşfiyyat əməliyyatlarında sürət qazandığını nümayiş etdirir. Ukrayna kəşfiyyat icmalarındakı sürətli innovasiya ona Rusiya qarşısında üstünlük qazandıran amillər verir. Bu, Rusiya elitasındakı bölünmələri və çatları dərinləşdirməyə yönəlmiş Ukrayna konsepsiyasının mühüm elementi kimi qiymətləndirilə bilər. Rusiya qlobal güc oyununda əhəmiyyətli mövqe tutsa və daha böyük aktor olsa da, Ukraynanın kəşfiyyat əməliyyatları Kremldaxili ziddiyyətlərdən yararlanmaq baxımından unikal imkanlar yaradır.
Bu amil Vladimir Putinin prioritet verdiyi istiqamətlərə təsir göstərir və Kreml rəhbəri saraydakı ziddiyyətləri idarə etmək üçün əlavə səylər göstərir. Bu, Kremlin daxili dayaq nöqtələrini zəiflədir və təsadüfi deyil ki, Rusiyada artıq çevriliş cəhdləri üçün müəyyən qüvvələrin fəallaşması barədə iddialar sürətlə yayılır. Bu səbəbdən mövcud güc strukturunun hər hansı qəfil pozulması Putin üçün ciddi təhdidə çevrilə bilər. Vladimir Putin həm də Kreml daxilində müdafiə xərclərini azaltmaq və Ukraynaya qarşı müharibəni dayandırmaq üçün edilən təzyiqlərə müqavimət göstərir. Bloomberg-in araşdırdığı mənbələrə əsasən, Rusiya Maliyyə Nazirliyinin və Mərkəzi Bankının yüksək vəzifəli rəsmiləri Putinə Rusiyanın hazırkı proqnozlaşdırılan müharibə xərclərinin səviyyəsinin davamlı olmadığını və büdcə kəsirini təhlükəli şəkildə artıra biləcəyini bildiriblər”.

Siyasi analitik əlavə edib ki, Kiyevin Qərbdəki müttəfiqləri ilə birlikdə Rusiya üçün formalaşdırdığı risklərə baxmayaraq, onun öz perspektivini yüksək inamla proqnozlaşdırmaq olmur: “Birincisi, Ukraynanın Rusiya hücumlarına qarşı davamlılıq qabiliyyətinin nə qədər davam edəcəyidir. İkincisi, Ukrayna siyasi isteblişmentində Zelenskiyə qarşı yüksələn səslər müharibənin gedişində Kiyev üçün mənfi təsir potensialını qoruyub saxlayır. Üçüncüsü, Rusiya və ABŞ arasında mümkün sövdələşmənin Ukrayna üçün mənfi ssenarilər vəd etməsidir. Dördüncüsü, Ukraynanın müharibədə davamlı uğur qazanmaq üçün canlı qüvvə çatışmazlığı ilə üzləşməsi və bu problemin potensial olaraq Kiyevin gündəmini daha fəal şəkildə məşğul etməsidir.
Putin və Zelenski ölkələrinin düşdüyü vəziyyəti dərk edərək bir-birlərinə münasibətdə müəyyən ritorik dəyişiklikləri prioritetləşdirirlər. Əvvəldə sadaladığım amillərin bu prosesdə təsiredicilik baxımından hansı dərəcədə rol oynadığını müəyyənləşdirmək mürəkkəbdir. Lakin hər iki liderin tənliyi sadələşdirmək üçün hərəkətə keçdiyini müşahidə etmək çətin deyil. Belə bir “satış təklifi”nin 2026-cı ilin fevral ayında Vladimir Putin administrasiyasının üzvləri tərəfindən edildiyi bildirilir. “Dossie Center” yazır ki, bu təqdimat Prezident Administrasiyasının sədr müavini Sergey Kiriyenkoya təqdim olunan sənəd şəklində olub. Təqdimatda Rusiya qüvvələri Donbasın qalan hissəsini ələ keçirdikdən sonra müharibənin sonunun ictimaiyyətə necə “satılacağı” müzakirə olunub. Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnıy hesab edir ki, müharibənin uzanması fonunda həm Rusiya, həm də Ukrayna üçün əsas məsələlərdən biri hərbi və siyasi nəticələrin daxili auditoriyaya necə təqdim olunacağıdır. Onun fikrincə, tərəflər əldə etdikləri nəticələri öz ictimaiyyətlərinə qələbə kimi göstərməyə çalışırlar: “Həm Rusiya, həm də Ukrayna üçün qələbə getdikcə nəticəni qələbə kimi necə satmaq məsələsinə çevrilir. Kimsə ərazi və insanlar qazanacaq və bunu “qələbə” adlandıracaq; kimsə demək olar ki, hər şeyi itirəcək, lakin yenə də onu öz xalqına “qələbə” kimi satmağa çalışacaq. Hazırkı problem budur”.

A.Kərimova görə, Zelenskinin Putinə görüş üçün açıq şəkildə müraciət etməsi Ukraynanın Avropadakı müttəfiqlərinin – Almaniya, Fransa və Böyük Britaniyanın – pərdəarxası rolları ilə əlaqələndirilir: “Bu üç dövlət Zelenskinin mövqeyini gücləndirən impuls dəyişikliyini gördükləri üçün Rusiyanı müharibəyə son qoymaq məqsədilə danışıqlara cəlb etmək planları üzərində Kiyevlə işləyirlər. Lakin bu plan ABŞ və onun prezidenti Donald Trampın iradəsindən kənarda reallaşarsa, bu, Ağ Evin Kreml ilə razılaşmaq üçün qapıları açıq saxlamasına şərait yarada bilər. ABŞ Avropa ilə ortaq mövqedən çıxış edərsə, Rusiyanın xarici siyasət kursundakı aqressivlik başqa regionlarda əvəzçıxma əməliyyatı kimi özünü göstərə bilər. Rusiyanın hazırda Ermənistanla bağlı sərt kursunu açıq şəkildə nümayiş etdirməsi də həmin məsələ ilə əlaqəli görünür.

Bütün bunlara baxmayaraq, Putinlə Zelenskinin görüşü mümkünsüz görünmür. Bu görüşə ev sahibliyi edəcək üçüncü tərəf isə Türkiyə, Azərbaycan və ya Birləşmiş Ərəb Əmirlikləri ola bilər. Ancaq danışıqlar perspektivinin meydana çıxması hərbi qarşıdurmanın zəifləyəcəyi anlamına gəlmir. Həm Moskva, həm də Kiyev gələcək diplomatik masaya daha güclü mövqedən oturma üçün hərbi üstünlük əldə etməyə çalışır. Bu səbəbdən Rusiyanın Ukraynaya qarşı hava hücumlarını, Ukraynanın isə Rusiya daxilində pilotsuz sistemlərlə həyata keçirdiyi zərbələri davam etdirməsi ehtimalı yüksək olaraq qalır”.
Afaq Mirayiq,
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ