Onlayn ictimai-siyasi qəzet
“Venesueladakı vəziyyətə görə ABŞ Dünya Kubokuna ev sahibliyi etmək hüququndan məhrum edilməyəcək”.
Bunu Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov bildirib.
“FİFA buna heç bir şəkildə reaksiya verməyəcək. İkili standartlar siyasəti olub və qalmaqdadır. İsrail və ABŞ hər şeyi edə bilər, amma biz hətta sərhədlərimizi də qoruya bilmərik. Heç nə dəyişməyəcək, ümid yoxdur”, – deyə Match TV Koloskovun sözlərini sitat gətirib.
Xatırladaq ki, bu il DÇ-nin final oyunları ABŞ, Meksika və Kanadada keçiriləcək. Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən bütün nüfuzlu beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə kənarlaşdırılıb.
Koloskov nəyin gileyini edir? O, nə dərəcədə haqlıdır?

Futbol mütəxəssisi Kənan Məstəliyev Rusiyanın iddiasını doğru hesab etmir: “Kor kora kor deməsə, bağrı çatlayar" deyib atalarımız. Rusiya da bir presedentdən tutub hamını aldatmaq istəyir. Təbii ki, ABŞ-ın etdiyi beynəlxalq hüququn ciddi pozuntusudur. Nə qədər diktator sayılsa da, nə qədər tiran biri olsa da, Maduro rəsmi prezident idi və ona qarşı edilən bu hərəkət tək ona yox, həm Venesuela dövlətinə, həm Venesuela xalqına, həm də beynəlxalq hüquqa zidd idi. Bu belədir, başqa izahı da yoxdur, ola da bilməz.
Ancaq Rusiyanın bundan istifadə edib həyata keçirdiyi işğalçılığı, hərbi və insanlığa qarşı cinayətləri ört-basdır etməyə çalışması, buna haqq qazandırması yolverilməzdir. Koloskov məsələnin mahiyyətini bilərəkdən qarışdırır. Rusiyanın etdiyi ilə ABŞ Administrasiyasının etdiyini eyniləşdirmək olmaz. Maduronun həbsi zamanı heç kim öldürülməyib, soyqırım edilməyib. Cinayətdən-cinayətə fərq var. Eləsi var 15 sutka, eləsi var ömürlük cəza alır. Buna isə qərarı məhkəmə verir. Bu halda məhkəmə BMT-dir. Bu təşkilat öz rəyini verməli, sanksiyalarını açıqlamalıdır. FİFA da buna uyğun addım atacaq. Ali futbol qurumu məhz BMT-nin təlimatları ilə hərəkət etməlidir, qanunlar bunu tələb edir. Nə vaxt qərar çıxar, o vaxt da danışılar bu məsələ. Həm də ABŞ bu il mundiala ev sahibliyi edəcək. Ondan bu hüququn alınması böyük problem olardı. Düşünürəm ki, Rusiyanın iddiası doğru deyil və sadəcə, diqqət yayındırmaq üçündür”.
Cavanşir ABBASLI
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ