İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya görə böyük yüklər Ermənistandan kənar marşrutlara yönəldilir - Paşinyan

Ermənistan Rusiyanın Ermənistan dəmir yolları üçün icarə məsələsini qarşılıqlı maraqları nəzərə alaraq dostluq atmosferində həll etmək istəyir.

Musavat.com xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan jurnalistlər üçün keçirilən brifinqdə deyib: "Biz dəmir yolu məsələsinə dostcasına həll yolu istəyirik və sərt qərarlara əl atmaq istəmirik. Bir-birimizin maraqlarını başa düşməli və güzəştə getməliyik".

Onun sözlərinə görə, güzəşt Rusiya icarəsinin tamamilə və ya qismən satılmasını əhatə edə bilər: "Bu, Ermənistanın beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya edə bilməsi üçün lazımdır. Biz Rusiya ilə mövcud müqaviləni pozmaq istəmirik. Mənim Rusiya və ya onun maraqları ilə heç bir problemim yoxdur, amma mövcud vəziyyət dəmir yolumuzun beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasına mane olur. Səbəb onun Rusiyanın icarəsində olmasıdır. Problem bizdə deyil, bu dəmir yolundan istifadə etmək istəyənlərin böyük əksəriyyətinin Rusiya icarəsinə görə Ermənistandankənar başqa marşrutlar axtarmasındadır".
Bundan əvvəl Paşinyan Ermənistan dəmir yolları üçün Rusiya icarə hüququnun satışı ilə bağlı müzakirələrdən imtina etməyəcəyini bildirmişdi: "Ermənistan və Rusiya arasındakı münasibətlərdə, xüsusən də dəmir yolu ilə bağlı məsələdə gərginliyə səbəb olan amillər var. Biz bu tarixi fürsətdən istifadə etməliyik. Mən bu barədə əvvəllər də danışmışam. Biz bu gündəmdən əl çəkməyəcəyik və dəmir yolumuzun metallom olaraq qalmasına icazə verə bilmərik".

Onun sözlərinə görə, dəmir yolunun böyük tranzit potensialı var.

Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən Cənubi Qafqaz Dəmir Yolu (CQD) QSC Rusiya Dəmir Yollarının (RYD) tam mülkiyyətində olan törəmə müəssisəsidir. CQD Ermənistanın dəmir yolu nəqliyyat sistemini 2008-ci ildə RYD ilə Ermənistan arasında bağlanmış icarə müqaviləsi çərçivəsində idarə edir. Müqavilə 30 il müddətinə imzalanıb və onu daha 10 il uzatmaq hüququ var.

Paşinyan əvvəllər bildirmişdi ki, Rusiyanın razılıq veriləcəyi təqdirdə Ermənistan Qazaxıstanın Ermənistan dəmir yolları üçün Rusiya icarə hüququnu əldə etməsinə etiraz etməyəcək. O, Rusiyanın Ermənistan dəmir yolu icarəsini həm Rusiya, həm də Ermənistan üçün dost olan bir ölkəyə satmasını təklif etmiş və bildirmişdi ki, Rusiya icarəsi İrəvan üçün rəqabət əlverişsizliyi yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR