İnsanlara hürriyət, millətlərə istiqlal!

Sayımız 5 oldu... – Beynəlxalq reytinqdəki YERİMİZ ədalətlidirmi?

Xəbər verildiyi kimi, “Times Higher Education” (THE) tərəfindən 2027-ci il üzrə “Dünya universitetləri reytinqi”nin (THE World University Rankings) nəticələri açıqlanıb. Bu il reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 4-dən 5-ə yüksəlib.

Nəticələrə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ötən illə müqayisədə mövqeyini yaxşılaşdıraraq801–1000 intervalından 701–800 intervalına yüksəlib və Azərbaycan universitetləri arasında ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universiteti 1601–1800, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1801–2000, Azərbaycan Texniki Universiteti isə 2001+ intervalında yer alıb. Reytinqin builki nəticələrində mühüm yeniliklərdən biri Azərbaycan Tibb Universitetinin (ATU) ilk dəfə sıralamaya daxil olmasıdır. Belə ki, ATU reytinqə 2001+ intervalından daxil olub.

Ümumilikdə, 2027-ci il üzrə THE Dünya Universitetləri Reytinqində 118 ölkədən 2 297 ali təhsil müəssisəsi yer alıb. Bu, ötən illə müqayisədə 4 faiz artım deməkdir. Builki reytinqdə universitetlərin mövqelərinin daha dəqiq göstərilməsi üçün sıralama formatında da dəyişiklik edilib. Belə ki, ötən illərdə reytinqdə ilk 200 universitetin yeri ayrıca göstərilirdisə, bu ildən etibarən ilk 300 universitet fərdi olaraq sıralanıb. 300-cü yerdən sonrakı universitetlər isə daha kiçik intervallar üzrə qruplaşdırılıb. Nəticədə reytinq intervallarının sayı 10-dan 18-ə yüksəlib.

THE bildirir ki, bu dəyişiklik universitetlərin reytinqdəki mövqelərini daha aydın göstərməyə və nəticələri daha dəqiq müqayisə etməyə imkan verəcək.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzunu Musavat.com üçün şərh edib:
““Times Higher Education” (THE) agentliyinin elan etdiyi “World University Rankings 2027” hesabatının nəticələri, Azərbaycan ali təhsil sisteminin qlobal rəqabət mühitindəki sistemli yenilənməsini və elmi-tədqiqat potensialının artımını əks etdirir. Akademik prizmadan yanaşdıqda, milli ali təhsil müəssisələrimizin reytinqdə kəmiyyət baxımından 4-dən 5-ə yüksəlməsi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 701–800 qlobal intervalına irəliləməsi təsadüfi bir statistik sıçrayış deyil, ali təhsildə ekstensiv inkişaf modelindən intensiv və keyfiyyət yönümlü modelə keçidin bariz göstəricisidir. Elmi rəqabətin miqyasının hər il genişləndiyi və bu il 118 ölkədən 2 297 elmtutumlu ali təhsil müəssisəsinin daxil edildiyi qlobal reytinq platformasında irəliləyiş əldə etmək, universitetlərimizin beynəlxalq elmi dövriyyəyə inteqrasiyasını təsdiqləyir. Azərbaycan Tibb Universitetinin (ATU) ilk dəfə 2001+ intervalından reytinqə daxil olması isə milli tibb təhsili və klinik tədqiqatların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılmış mühüm institusional addımdır. Bu nailiyyətlər, ali təhsil müəssisələrimizin təkcə tədris deyil, həm də elmi-tədqiqat mərkəzləri kimi qlobal səviyyədə legitimlik qazanması baxımından böyük çəkiyə malikdir.

Sıralamanın metodoloji ədalətliliyi məsələsinə gəldikdə, THE agentliyinin tətbiq etdiyi WUR 3.0 qiymətləndirmə sistemi tamamən empirik məlumatlara, ölçüləbilən indikatorlara və elmi obyektivliyə əsaslanır. Cari ildə ilk 300 universitetin fərdi şəkildə sıralanması və ümumi intervalların sayının 10-dan 18-ə çatdırılması, reytinqin daha detallı və şəffaf analitik alətə çevrilməsini təmin edib. Bu struktur dəyişikliyi təhsil müəssisələrinin elmi fəaliyyətindəki kiçik dinamik fərqləri belə üzə çıxarmağa imkan verir ki, bu da rəqabətin ədalətlilik dərəcəsini əhəmiyyətli dərəcədə artırır. Reytinqin formalaşmasında subyektiv yanaşmaların minimuma endirilməsi, tədqiqatın keyfiyyəti, beynəlxalq müştərək müəlliflik, patent gəlirləri və sitat indeksləri kimi ciddi elmi parametrlərin əsas götürülməsi onun nəticələrinin elmi icma tərəfindən tam mənada etibarlı qəbul edilməsinə zəmin yaradır”.

Həmsöhbətimiz regional konseptdə və makroiqtisadi coğrafiyada Azərbaycanın yerini dəyərləndirərkən qeyd edib ki, həm mühüm strateji üstünlüklər, həm də ciddi akademik çağırışlar qarşıya çıxır:
“Cənubi Qafqaz regionu çərçivəsində Azərbaycan ali təhsili institusional liderliyini qoruyur və UNEC bütövlükdə region üzrə bu reytinqdə ən yüksək mövqedə qərarlaşıb. Lakin qonşu regionların qlobal akademik oyunçuları olan Türkiyə, İran və Rusiya ilə müqayisədə fundamental elmi göstəricilər üzrə hələ də ciddi nəzərəçarpan bir gerilik mövcuddur. Türkiyənin 124, İranın 75 universitetlə təmsil olunduğu və bu ölkələrin aparıcı ali məktəblərinin top-400 səviyyəsində qərarlaşdığı reytinq cədvəli bizə göstərir ki, elmi rəqabət birbaşa olaraq fundamental elmlərə yatırılan onilliklər boyu davam edən strateji investisiyalardan, geniş laboratoriya infrastrukturundan və yüksək impakt faktorlu (Scopus, Web of Science) jurnallardakı nəşr aktivliyindən asılıdır. Hesab edirəm ki, Azərbaycan universitetlərinin bu qlobal arenada mövqelərini daha da möhkəmləndirməsi üçün ali təhsil müəssisələrimiz klassik tədris funksiyasından tam mənada tədqiqat universiteti statusuna keçid etməli, elmi-tədqiqat fəaliyyətlərinin sənayeyə transferini gücləndirməli və beynəlxalq istinad göstəricilərini mütəmadi olaraq artırmalıdırlar. Həm də fürsətdən istifadə edərək UNEC İctimai Nəzarət Şurasının üzvü kimi bu strateji hədəflər fonunda Cənubi Qafqaz birincisi olaraq ölkəmizi qlobal arenada layiqincə təmsil edən UNEC-in fədakar kollektivini başda cənab rektor olmaqla ürəkdən təbrik edirəm. Bu tarixi uğurun əsasında böyük bir səy, yorulmaz əzm, məqsədyönlü və ardıcıl zəhmət, həmçinin yüksək kollektiv ruh dayanır”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR