İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səhər Azəri” Trampa deyil, Xalidə Gəraya cavab verir

Hazırda İranda gedən xalq hərəkatları və üsyanlar fonunda dünyanın əksər ölkələrinin rəhbərləri, aparıcı media quruluşları və beynəlxalq ictimaiyyət bu ölkədə baş verən hadisələrə xüsusi diqqət ayırır, İrana yönəlik ciddi tənqidlər irəli sürür, prosesləri təhlil və təftiş edirlər.


 Küçələrdə baş verən aksiyalar, hakimiyyətin sərt reaksiyası, insan hüquqlarının pozulması ilə bağlı yayılan məlumatlar qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Bu mənada müstəqil media qurumlarının hadisələri obyektiv şəkildə işıqlandırması daha da önəmli xarakter alır.

“Yeni Müsavat” Media Qrupu da bu prosesləri diqqətlə izləyən media qurumları sırasındadır. Qurumun müxbiri Xalidə Gərayın hazırladığı reportaj da məhz bu kontekstdə təqdim olunmuş, İranda mövcud vəziyyətə, sosial-siyasi gərginliyə və xalq narazılığının səbəblərinə diqqət çəkmişdi.

Lakin bu reportaja İran kəşfiyyatına bağlı olan “Səhər Azəri” tele-kanalı son dərəcə sərt reaksiya verib. Bu kanal ABŞ prezidenti Donald Trampa, Avropa ölkələrinin liderlərinə cavab vermək əvəzinə, məhz “Yeni Müsavat”ın müxbiri Xalidə Gəraya cavab verməyi üstünlük sayıb. Müxbirimizə ünvanlanan açıqlamada Zəngəzur dəhlizi məsələsini gündəmə gətirərək deyib ki, “bir dəhliziniz var idi, onu da Trampa pay verdiniz, oldu TRİPP. Qorxuram bu dəfə ölkənizin adını dəyişirib Trapestan qoyasınız”.

İranı illərdir bütün dünya ilə düşmən edən, blokada vəziyyətində saxlayan, xalqını acından zəlil günə qoyan bir rejimin məhz Zəngəzur dəhlizi məsələsinə ilişməsi və bizə cavab verməsi olduqca gülməlidir və indiki vəziyyətdə ağlamalıdır. 

İran özünün problemləri ilə məşğul olsun, ölkədə yaranmış dərin böhranın səbəblərini aradan qaldırmaq üçün real addımlar atsın. Eyni zamanda beynəlxalq medianın və müstəqil jurnalistlərin ünvanladığı tənqidlərə açıq olmaq məcburiyyətindədir. Açıq olmasa da biz yenə də öz fikirlərimizi, mövqeyimizi qeyd edəcəyik.

“Bəs bundan özünüzə təhdid hiss edirsinizmi?” -sualına müxbirimiz Xalidə Gəray belə cavab verib:

“Əlbəttə, İran rejimindən hər şey gözləmək olar. Bu rejim üçün heç bir sərhəd, heç bir mənəvi və hüquqi çərçivə yoxdur, istənilən addımı ata bilər. Millət vəkili Fazil Mustafaya qarşı terror aktı törədən bir sistem mənə qarşı da eyni cür davranmaqdan çəkinməz. Bu ehtimalı real və ciddi hesab edirəm.

Lakin bütün bunlara baxmayaraq baş verənləri, eləcə də, güneyli soydaşlarımıza qarşı edilən haqsızlıqları, zorakılıqları olduğu kimi ictimaiyyətə çatdırmaq jurnalist kimi vəzifəmizdir. Heç bir təzyiq, hədə-qorxu və ya açıq-aşkar təhdid bizi bu missiyadan döndərə bilməz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR