İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə Nəsimi və Ani olayı – Paşinyan özünü dolaşdırıb

İllər keçdi, hakimiyyətdə olduğu dönəmdə müəyyən təcrübə qazandı, amma Ermənistanın baş naziri Nikol Paşinyan dəyişmədi ki, dəyişmədi...Yenə də 2018-ci ildəki kimi ziddiyyətli mövqeləri ilə diqqət çəkən həmin Paşinyandır.

Bu ziddiyyətli mövqe təkcə Azərbaycanın təqdim etdiyi ev tapşırıqlarını icra etməklə bağlı ortaya çıxmır, Ermənistan konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizində tikintiyə başlanılması, Azərbaycanın əsir, itkin və girov götürülmüş 4 min 10 vətəndaşı ilə bağlı həqiqətlərin ortaya çıxarılması, o cümlədən ölkəmizə qarşı davam edən mina terrorunun aradan qaldırılması istiqamətində normal mövqe tutulması məsələsində də ziddiyyətli mövqe sərgilənir. Elə bu günlərdə demişdi ki, itkinlərlə bağlı əməkdaşlıq edə bilərik. Soruçan lazım, bəs, sənin əlini kim tutub saxlayır?!

Sister of Armenian woman shot by Azerbaijani soldier claims he ...

Bir neçə gün öncə müəmmalı şəraitdə Ermənistan ərazisinə keçmiş Azərbaycan hərbçisi Nəsimi Musayevin məsələsi ilə bağlı da Nikol Paşinyan yenə bir-birinə zidd mövqələr sərgiləməkdədir. Ermənistan parlamentində çıxış edərkən bildirmişdi ki, əlində avtomat olan Azərbaycan əsgəri saxlanma zamanı HEÇ BİR MÜQAVİMƏT GÖSTƏRMƏYİB və hətta ÖZÜ DƏ xəsarət alıb. Yəni faktiki olaraq Ermənistanın Baş naziri bununla “zərərçəkən” kimi təqdim olunan Qarakilsə rayonunun Şəki kəndinin – tarixən azərbaycanlıların yaşadığı yaşayış məskəninin sonradan burada məskunlaşan sakinlərindən birinin – Ani Avetisyanın guya xəsarət alması barədə iddiaların oyun olduğunu təsdiqləyib.

ed3ffdc4-2260-4040-a533-384efd0fbc26.jpg (238 KB)

Paşinyanın özünün də açıqlaması onu deyir ki, əslində xəsarət alan Azərbaycan hərbçisidir. Bundan əvvəl hərbçimizin qadın tərəfindən bıçaqlandığı barədə məlumat da yayılmışdı. Nəsimi Musayevin xəstəxanaya köçürüldüyü bildirilir. Lakin onun müalicəsi necə gedir, kimlər müalicə edir, bu barədə səhih məlumat yoxdur. Bəlkə xəstəxanada da türk düşmənləri hansısa pisliklər etmək üçün hərəkətə keçiblər, təhlükəsizliyi təmin olunurmu? Bəlkə Nəsimiyə sonradan başına müsibətlər açacaq hansısa preparatlar verirlər... Nə Ermənistan tərəfi bu barədə açıqlama verir, nə də vaxtilə məşhur olan Qızıl Xaç Komitəsindən bir soraq var. Həmçinin Ermənistandakı beynəlxalq təşkilatların təmsilçilərinin də bu barədə səsi çıxmır. Amma analoji vəziyyət Azərbaycanda baş versəydi, erməni hərbçisi Azərbaycan tərəfinə keçsəydi və eyni vəziyyət yaransaydı, o zaman indi Makron Fransasından tutmuş, AŞ PA, Avropa Parlamentinədək hamısı səs-səsə vermişdilər.

Beləcə, Nikol Paşinyan erməni deputatların qarşısında bildirir ki, hərbi hər hansı müqavimət göstərməyib, əlində avtomat silahı olsa da...Amma qəribəsi olan başqadır: Paşinyan həm də onu bildirir ki, Şəki kəndində tapılan Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək. Hətta minnətlə deyir ki, hərbçi bütün ömrü boyu Ermənistanda qalmayacaq. Sanki bir Amerika kəşf edib. Nəsimi hansı cinayətə imza atıb ki, onun hətta bütün ömrü boyu Ermənistanda qala biləcəyi ilə bağlı bir təhdid də edirlər? Bu minnətli açıqlama nəyə hesablanıb? Yenə alverə getmək istəyir?

Razılaşmaya görə, sülh prosesinə uyğun olaraq, qarşılıqlı şəkildə hərbçilərin bu və digər əraziyə keçməsi halında - hələ ki, dəqiqləşdirilməyən sərhəd zolağından söhbət gedir - onların dərhal geri qaytarılması məsələsi müsbət həllini tapmalıdır.

Yaxşı olardı ki, Paşinyan həmin Şəki kəndində məskunlaşmış axçidən soruşardı: Azərbaycan əsgəri səni hardan tanıyıb? Hərbçimizi yoldan çıxarıbsa, Ermənistan qanunları ilə cəza ona düşür. Azərbaycan hərbçisi tanımadığı, bilmədiyi bir ünvana gedib çıxıb və burada da hətta ona bıçaq xəsarəti yetirilib? Deməli, burada müəmmalı məsələlər var. Ən azı şübhələnmək üçün ciddi əsaslar var: necə oldu ki, milli təhlükəsizlik xidmətinin direktor müavini məhz hərbçi söhbətindən sonra cəzalandırıldı? Belə çıxır ki, erməni xüsusi xidmət orqanlarının hansısa bir əməliyyat planı olub və həmin erməni qadından bu əməliyyat planında istifadə olunub, Azərbaycan hərbçisini hansısa bir yolla ələ alsın, öz evinə aparsın və sonradan da gələcəkdə onunla Azərbaycanda saxlanılan separatçılarla bağlı mübadilə planı həyata keçirilsin. Bəlkə burada Bakıda cəza çəkən canilərdən hansınınsa ailə üzvləri də iştirak edib, kim bilir...

Təbii ki, bu vəziyyət Paşinyan üçün heç də arzuolunan vəziyyət yaratmır. İstisna deyil ki, burada hansısa digər qüvvələr iştirak edib, Paşinyan üçün sürpriz olub və indi “odla sua arasında qalıb” və mücərrəd açıqlamaları ilə vəziyyətdən çıxmağa çalışır.

Paşinyan onu da deyib ki, hadisə zamanı yaralanan Ani Avetisyan polis əməkdaşlarının gəlməsini gözləsə idi, bütün bunlar baş verməzdi. Hər halda, çox maraqlı məsələlərdir. Yəni, Azərbaycan hərbçisinin əlində silah olubsa, dərhal, əgər hansısa bir qəsdi var idisə, qadını bir tətiklə qətlə yetirə bilərdi. Deməli, burada hər hansı bir cinayət törətmək niyyətindən söhbət gedə bilməz.

Təbii ki, Azərbaycanda faktla bağlı cinayət işi açılıb. Azərbaycan Baş Prokurorluğu bununla bağlı bəyanat yayıb və hərbçi xidmət etdiyi yeri icazəsiz tərk edib, buna görə məsuliyyət daşıyır. Amma Ermənistanın Azərbaycan hərbçisi ilə bağlı “asıb-kəsən” mövqeyi heç şübhəsiz ki, qəbulolunmazdır. Hətta müdafiə naziri Suren Papikyan da bildirir ki, Azərbaycan əsgəri həbs olunarkən müqavimət göstərməyib. Bu da onun təxribatçı olmadığını göstərir.

Eyni zamanda, Ermənistan parlamentinin sədri Rubinyan da parlamentdəki o debat zamanı bildirmişdir ki, Azərbaycan əsgəri hər hansı bir cinayət törətməyib və onun təxribatçı olması versiyası istisna olunur.

Bütün bunlardan sonra məhkəmənin nə üçün onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçməsi də anormallıqdır.

Nikol Paşinyan deyir ki, əgər Azərbaycan hərbçisi sonrakı açıqlamasında deyirsə ki, Azərbaycan hərbçisi atəş açmasaydı, biz onu elə həmin gün geri qaytarardıq. Yaralı Nəsimi müqavimət göstərməyibsə, bəs atəşi kim açıb? Paşinyan özünü dolaşdırıb. Lap deyək ki, özünü bıçaqlı ağçidən qorumaq üçün əlini silaha atıb...Paşinyana sualımız var: on illər ərzində Qarabağda Azərbaycana qarşı cinayətlər törədən hərbçiləriniz heç atəş açmamışdılar? Özü də onlar səhvən torpaqlarımıza keçməmişdilər, son nəfərlərinədək məhv edilmələri zərurət olduğu halda, dövlətimiz humanistlik etdi, cəhənnəm olmalarına şərait yaratdı.

44 günlük müharibədən sonra Paşinyan kapitulyasiya aktını imzaladı və sonradan özü də etiraf etdi ki, əgər sənədi imzalamasaydı, o halda Qarabağdakı minlərlə hərbçisi mühasirə vəziyyətinə düşə bilərdi. Onlar Azərbaycana atəş açmamışdılarmı?..

Eyni zamanda unutmamışıq, 44 günlük əməliyyatdan sonra Şirakdan Azərbaycan ərazisinə gizli yolla soxulan 60-dan çox erməni silahlısı saxlanılmışdı, sonradan onlar Ermənistana təhvil verildi. Yəni Azərbaycan dəfələrlə şərti sərhədlərdən Azərbaycan ərazisinə azıb keçən, yaxud da başqa bir əməliyyat planı nəticəsində ölkəmizin ərazisinə sızan erməni hərbçilərini İrəvana təhvil verib. Amma indi Paşinyan hələ açılıb-açılmadığı dəqiq bəllli olmayan bir atəşin qarşılığında deyir “atəş açılmasaydı, həmin gün geri qaytaracaqdıq”.

Bu mənada belə görünür ki, baş nazir vəziyyəti qəlizləşdirməyə çalışır. Düzdür, onu da deyir ki, “bizim hərbçimiz səhvən Azərbaycana keçsə, o halda necə olacaq? Biz kimi təhvil verəcəyik onu geri qaytarmaq üçün?” Amma ardınca yenə özünü təkzib edir. Söz oyunu ilə məşğuldur, kəsəsi...

Bütün bunlar Ermənistan rəhbərliyinin dəyişmədiyini və növbəti dəfə Azərbaycandan nələrisə, kimlərisə qopartmaq üçün manevrlər etdiyini göstərir. Amma unutdurular ki, Bakıda cəzalarını çəkən erməni separatçı rəhbərlərin azad olunmasını Nikol Paşinyan, onun komandası, həmçinin havadarları yalnız yuxularında görərlər. Azərbaycan hərbçisini isə gecikmədən və səhhətində daha da ağırlaşmalar baş vermədən geri qaytarmalıdırlar, yoxsa bütün bunlar Ermənistan rəhbərliyinə baha başa gələr! Onsuz da Nəsimi Azərbaycan dövləti və qanunları qarşısında cavab verəcək...

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR