Onlayn ictimai-siyasi qəzet
Britaniya hökuməti Londondakı Amerika səfirliyinin söz azadlığı, məhdud hökumət və qanunun aliliyi mövzularında təhsil layihələri üçün 500 min dollara qədər qrant proqramı ayırmasına görə bu ölkəni tənqid atəşinə tutulub. Britaniyalı tənqidçilər bu təşəbbüsü Donald Tramp administrasiyasının ideoloji prioritetlərini təbliğ etmək kimi qiymətləndiriblər və ABŞ-ın ölkənin daxili siyasətinə müdaxiləsi barədə iddia irəli sürməyə başlayıblar.
Son illərdə Azərbaycanda xarici maliyyələşmənin QHT-lərin ictimai fəaliyyətin şəffaflığının təmin olunmasını dövlət suverenliyi və milli təhlükəsizlik məsələsi kimi ciddi nəzarət altına götürülüb. Qərbdən isə Azərbaycandakı bu cür məhdudiyyətlər tez-tez vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının daraldılması kimi qiymətləndirilir.(mənbə-minval.az)
Britaniya nümunəsi göstərir ki, Qərb ölkələrinin özündə də xarici maliyyənin siyasi proseslərə təsiri ilə bağlı narahatlıqlar getdikcə artır. Bu baxımdan əsas sual ortaya çıxır: əgər xarici maliyyə Böyük Britaniya və digər Qərb ölkələrinin siyasi sisteminə təsir göstərə biləcəyi üçün nəzarətdə saxlanılırsa, Azərbaycan kimi ölkələrin də eyni təhlükədən qorunmaq üçün analoji tədbirlər görməsi niyə fərqli qiymətləndirilməlidir?
Məsələ yalnız maliyyənin haradan gəlməsində deyil, onun hansı məqsədlə istifadə olunmasındadır. Xarici fondların və təşkilatların maliyyələşdirdiyi layihələr bəzən insan hüquqları və vətəndaş cəmiyyəti ilə yanaşı, müəyyən siyasi və ideoloji yanaşmaların yayılmasına da xidmət edə bilər. Bu isə Azərbaycan cəmiyyətində həmin fəaliyyətin sırf “vətəndaş cəmiyyətinə dəstək” deyil, xaricdən müəyyən dəyərlərin və siyasi baxışların təşviqi kimi qəbul edilməsinə səbəb olur.
Qərb ölkələri öz siyasi sistemlərini xarici maliyyənin mümkün təsirindən qorumaq üçün qanunvericiliyi sərtləşdirirsə, Azərbaycanın xarici maliyyələşməyə nəzarət siyasətinə qarşı iradlar nə dərəcədə əsaslıdır və burada ikili standartlardan danışmaq olarmı?
Siyasi təhlilçi Sona Əliyeva mövzunu Musavat.com-da belə şərh etdi: “Maraqlıdır ki, dünyanın siyasi xəritəsinə baxanda bəzən eyni hadisənin iki ayrı adı olduğunu görürük. Londonda ABŞ-ın bir layihəyə yüz minlərlə dollar ayırması müzakirə doğuranda məsələ dərhal siyasətin, ideologiyanın, xarici təsirin və milli maraqların sərhədlərinə gəlib çıxır. Britaniyada insanlar haqlı olaraq soruşurlar: bu pul sadəcə maarifləndirməyə gedir, yoxsa başqa ölkənin siyasi baxışlarının cəmiyyətə daşınmasına xidmət edir? Bu sualın verilməsi tamamilə normaldır. Hətta demokratik cəmiyyət üçün vacibdir. Çünki söhbət təkcə puldan getmir. Pulun arxasında hansı fikir dayanır? Kim maliyyələşdirir? Nəyi dəyişmək istəyir? Hansı auditoriyaya təsir etmək niyyətindədir? Siyasi təsir çox vaxt artıq klassik formada gəlmir. Heç kim qapını döyüb “mən sizin ölkənin siyasətinə müdaxilə etməyə gəlmişəm” demir. Bəzən bunun adı qrant, bəzən təlim, bəzən ekspert layihəsi, bəzən media proqramı olur. Bəzən də çox gözəl səslənən dəyərlər, məsələn, demokratiya, insan hüquqları, azadlıq, qanunun aliliyi və s. Doğrudur, bu dəyərlərin özünə etiraz etmək mümkün deyil. Məsələ onların hansı məqsədlə və hansı siyasi kontekstdə istifadə olunmasındadır. Biz xarici maliyyələşməyə nəzarətdən danışanda məsələ dərhal “vətəndaş cəmiyyətinə münasibət” müstəvisinə çəkilir. Halbuki dövlətin qarşısında çox sadə bir sual dayanır: ölkənin daxilində fəaliyyət göstərən təşkilatın maliyyəsi haradan gəlir və həmin maliyyənin arxasında hansı maraq dayanır? Bu sualı vermək dövlətin avtoritar olduğunu sübut etmir. Əksinə, hər bir dövlətin öz siyasi sistemini qorumaq məsuliyyəti var. Xarici maliyyəyə nəzarət şəffaf olmalıdır, hüquqi əsaslara söykənməlidir və müstəqil ictimai fəaliyyət üçün nəfəsliyi tamamilə bağlamamalıdır”.
Siyasi təhlilçinin sözlərinə görə, Qərb ölkələri öz siyasi məkanlarına xarici təsir ehtimalını ciddi qəbul edəndə bunu dövlətin təhlükəsizliyi, siyasi sabitliyi və şəffaflığı ilə izah edirlər: “Eyni məntiq Azərbaycanda tətbiq olunanda isə çox vaxt başqa sözlər seçilir. Mən burada bütün Qərbi bir cümlə ilə ittiham etməyin tərəfdarı deyiləm. Çünki Qərbin öz daxilində də bu məsələyə münasibət birmənalı deyil. Britaniyada yaranan müzakirənin özü bunu göstərir. Lakin, niyə eyni təhlükə bir ölkədə dövlətin özünü qoruma haqqı kimi görünür, başqa ölkədə isə demokratiyanın məhdudlaşdırılması kimi təqdim olunur?
Məncə, beynəlxalq siyasətdə ən böyük ədalətsizliklərdən biri də qaydaların universal prinsip kimi təqdim olunmasına baxmayaraq, tətbiq ediləndə ölkədən ölkəyə dəyişməsidir. Biz cavan və müstəqil ölkəyik, əlbəttə ki, dövlətçilik ənənələrinin formalaşıb oturuşması zaman alacaq. Nəzərə alsaq ki, bu müstəqilllik dünya tarixinin və insanlığın ən yüksək inkişafının, eyni zamanda ən mürəkkəb dövrünün çağırışları altında yaşayırıq. Odur ki, səhvlərimiz də olacaq, tətbiq olunan hansısa mexanizm müzakirə obyekti də, hətta tənqid də olacaq. Lakin, tənqid etmək başqa şeydir, bir ölkənin öz təhlükəsizlik narahatlığını əvvəlcədən legitim saymamaq ikili standartlardır. Əgər London xarici siyasi təsirin öz cəmiyyətinə təsir edə biləcəyindən narahatdırsa, Bakı niyə eyni narahatlığı keçirə bilməz? Əgər xarici maliyyə Böyük Britaniyada siyasi təsir vasitəsinə çevrilə bilərsə, Azərbaycanda niyə avtomatik olaraq yalnız “vətəndaş cəmiyyətinə dəstək” kimi qəbul edilməlidir? Məncə, burada artıq demokratiyanın özündən çox, demokratiya haqqında kimin danışmaq haqqının daha üstün qəbul edilməsi məsələsi ortaya çıxır. Və bu, təhlükəli yanaşmadır. Çünki demokratiya yalnız Qərbin istifadə etdiyi siyasi termin deyil. Suverenlik də yalnız Qərb dövlətlərinin qorumağa haqqı olan anlayış deyil. Milli maraq da yalnız böyük dövlətlərin lüğətində olan söz deyil. Azərbaycan da öz siyasi sistemini, cəmiyyətini və dövlət institutlarını xarici təsirdən qorumaq istəyirsə, bu istəyini izah etmək haqqına malikdir. Lakin, bunu edərkən özümüz də bir şeyi unutmamalıyıq ki, xarici təsirdən qorunmaq adı ilə cəmiyyətin öz daxilindəki sağlam və müstəqil səsləri də susdurmaq olmaz. Çünki güclü dövlət xaricdən gələn hər fikirdən qorxan dövlət deyil. Güclü dövlət hansı fikrin xarici təsir, hansı fikrin isə öz cəmiyyətinin təbii tələbi olduğunu ayırd edə bilən dövlətdir. Ona görə də bu məsələyə bir az daha sakit, bir az daha ədalətli baxmaq lazımdır. Nə hər xarici qrantı “müdaxilə” adlandırmaq doğrudur, nə də hər xarici maliyyəni “demokratiyaya dəstək” kimi təqdim etmək. Və cəmiyyət də bilməlidir ki, bu kimi pulların arxasında həmişə başqa maraqlar dayanır və bu prinsip Londonda keçərlidirsə, Bakıda da keçərli olmalıdır. Əks halda söhbət artıq demokratiyanın müdafiəsindən yox, demokratiyanın kimin əlində necə yozulmasından gedir”.
Cavanşir Abbaslı
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ