Onlayn ictimai-siyasi qəzet
Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsindən 2 il ötdü. 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə olaraq təşkil edildi. Bu tarixi seçki 92,12% səslə İlham Əliyevin yenidən prezident seçilməsi və ərazi bütövlüyünün tam bərpası şəraitində keçirilən "Zəfər seçkisi" kimi xarakterizə olunur.
Musavat.com-un məlumatına görə, bunu deputat Vüqar Bayramov Milli Məclisin iclasında deyib.
O əlavə edib ki, sonuncu növbədənkənar Prezident seçkilərindən keçən müddətdə, yəni son 2 ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb:
“Sonuncu seçkilərdən sonra Azərbaycanda 6 milyard manatlıq yeni dəyər yaranıb. Ötən iki ildə ÜDM 123 milyard manatdan 129.1 milyard manatadək artıb. Zəfər seçkisindən sonra əvvəlki illərdə olduğu kimi Azərbaycanda sosial təminat tədbirlərinin daha dərinləşməsi və əhalinin sosial rifahının daha yüksəlməsi üçün yeni sosial paketin reallaşması həyata keçirildi. Yalnız son 2 ildə dövlət büdcəsindən sosial istiqamətə 32.7 milyard manat vəsait ayrılıb. Bu il isə sosial istiqamətə 17.1 milyard manatın ayrılması nəzərdə tutulub”.
V.Bayramov daha sonra bildirib ki, dünən cənab Prezidentin imzaladığı sərəncamla 1.1 milyon yaxın vətəndaşlarımızın pensiyaları artırıldı:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq "orta güc" dövlətinə çevrilərək regional düzəni müəyyənləşdirən əsas ölkələrdəndir. Son seçki yeni mərhələnin başlanması kimi xarakterizə olunur. Bu mərhələdə iqtisadi və institusional islahatların dərinləşməsi ilə yanaşı, regional stabilliyin güclənməsi də müşahidə edilir. Son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpasına yalnız dövlət büdcəsindən 9.8 milyard manat vəsait ayrılıb. Bütövlükdə isə, şanlı Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 22.1 milyard manat vəsait xərclənib. Artıq işğaldan azad olunan ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və çalışır. Ötən il avqustun 8-də Vaşinqtonda imzalanan anlaşama isə region üçün yeni səhifənin açılması demək idi. Regionda yeni dövrün yaradıcısı isə Azərbaycan və onun lideridir”.
E.Paşasoy,
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ