İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə: BU terror təşkilatı fəaliyyətini dayandırdı

Suriyada mühüm siyasi-hərbi proses rəsmiləşib. PKK terror təşkilatının Suriya qolu YPG-nin əsasını təşkil etdiyi SDQ terror təşkilatı fəaliyyətini dayandırıb.

Musavat.com xəbər verir ki, SDQ-nin baş komandanı Məzlum Abdi Dəməşqdə keçirilən mərasimdə təşkilatın buraxıldığını və onun qüvvələrinin Suriya dövlətinə və silahlı qüvvələrinə tam inteqrasiya olunduğunu açıqlayıb.

Abdi bildirib ki, Dəməşqlə əldə edilmiş razılaşmalar çərçivəsində SDQ-nin hərbi strukturlarının Suriya ordusuna birləşdirilməsi prosesi tamamlanıb. Bununla da təşkilatın ayrıca silahlı qüvvə kimi fəaliyyətinə son qoyulub.

Məlumata görə, inteqrasiya prosesi təkcə hərbi sahəni deyil, SDQ-nin nəzarətində olmuş ərazilərdəki təhlükəsizlik, dövlət və inzibati strukturları da əhatə edir. SDQ ilə yanaşı, onun nəzarətindəki muxtar administrasiya və ona bağlı hərbi və mülki qurumlar da müstəqil strukturlar kimi ləğv edilərək Suriya dövlət institutlarına birləşdirilir.

Qeyd edək ki, SDQ 2015-ci ildə yaradılıb. Onun əsas hərbi qüvvəsini YPG və YPJ təşkil edib. YPG isə PKK-nın Suriya qolu kimi tanınır. Türkiyə YPG ilə PKK arasında fərq olmadığını dəfələrlə bəyan edib. Beynəlxalq mənbələr də YPG ilə PKK arasında təşkilati və ideoloji əlaqələrin olduğunu qeyd edir.

d38c8eb8-e139-404c-bff8-20371bdab89c.jpg (198 KB)

SDQ-nin tərkibinə sonradan ərəb, aysor və digər silahlı qruplar da daxil edilib. Buna baxmayaraq, təşkilatın əsas hərbi və siyasi rəhbərliyi YPG-nin əlində qalıb. SDQ ABŞ-nin dəstəyi ilə İŞİD-ə qarşı aparılan əməliyyatlarda iştirak edib və bir müddət Suriyanın təxminən dörddəbirinə nəzarət edib.

Türkiyə uzun illər Suriyanın şimalında PKK/YPG-nin silahlı mövcudluğunu öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edib və bu qüvvələrə qarşı bir sıra hərbi əməliyyatlar keçirib. PKK ABŞ və Avropa İttifaqının terror təşkilatları siyahısındadır.

Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında devrilməsindən sonra SDQ-nin gələcəyi əsas müzakirə mövzularından birinə çevrilib. 2026-cı ilin əvvəlində Suriya ordusunun irəliləyişindən sonra SDQ nəzarət etdiyi geniş əraziləri itirib və Dəməşqlə qüvvələrin dövlət strukturlarına inteqrasiyası barədə razılaşmaya gəlib.

Məzlum Abdinin son açıqlaması ilə 2015-ci ildən fəaliyyət göstərən SDQ-nin ayrıca silahlı struktur kimi mövcudluğuna rəsmən son qoyulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR