İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Xəzəri gözləyən iki TƏHLÜKƏ

“Xəzər dənizinin ekoloji problemləri iki səbəbdən yaranır. Onlardan birincisi, dənizin çirklənməsi, ikincisi isə Xəzərə dənizə tökülən suların miqdarının azalması nəticəsində səviyyəsinin enməsidir”.

Bunu Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev deyib.

Xəzərin səviyyə dəyişmələrindən danışan alim prosesin periodik xarakter daşıdığını deyib. O diqqətə çatdırıb ki, son 4 min ildə Xəzərin səviyyəsində periodiklik təxminən 200-250 ildir və sonuncu ən böyük səviyyə təxminən 1805-1810-cu illərdə müşahidə olunub. “Arabir bəzi qalxmalar olsa da, ümumi period enmə dövrüdür ki, bu da təxminən 2040-2050-ci illərə qədər davam edəcək. Bundan sonra Xəzərin səviyyəsi yenidən qalxmağa başlayacaq”, - Əliyev bildirib.

Bəs bu enmə hansı fəsadlara gətirib çıxara bilər?

1726570708224014972_1200x630.jpg (105 KB)

Ekoloq Fikrət Cəfərov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Xəzər dənizinin mövzusu və problemləri çox mürəkkəbdir: “Professor Əmir Əliyev Xəzər dənizində suyun səviyyəsindəki dalğalanmalar üçün mümkün bir ssenari təqdim etdi. Xüsusilə iqlim dəyişikliyi nəzərə alınmaqla modelləşdirməyə əsaslanan digər proqnozlar da mövcuddur. Bütün bunlar dənizin səviyyəsinin növbəti 10 il ərzində aşağı düşəcəyini göstərir. Su səviyyəsinin dalğalanmalarının uzunmüddətli təhlili göstərir ki, suyun səviyyəsinin qalxması və enməsində müəyyən dövrilik var. Lakin iqlim dəyişikliyinə töhfə verən antropogen fəaliyyətlər buxarlanmanı kəskin şəkildə artırır və çay axınını azaldır. Bu da öz növbəsində dəniz səviyyəsinin aşağı düşməsinin sürətlənməsinə səbəb olub.

Risklər nələrdir? Sahil xəttindəki dəyişikliklər, liman infrastrukturunun sıradan çıxması və bu infrastrukturun saxlanılması üçün böyük investisiyalara ehtiyac var. Bu, həmçinin dənizdə neft hasilatına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Suyun həcminin azalması duzluluğun artmasına səbəb olacaq və bütün Xəzər ekosisteminə, ilk növbədə balıq qidası təchizatına mənfi təsir göstərəcək. Balıq ehtiyatları daha da azalacaq və bu da sahil icmaları üçün birbaşa maliyyə itkilərinə səbəb olacaq. Çay axınlarının və ümumi su həcminin azalması, xüsusən də Xəzərin şimalında çirklənmənin artmasına səbəb olacaq, yəni Xəzər dənizindən çıxan bütün qida məhsulları insanlar üçün zəhərli ola bilər”.

ghghgh.jpg (18 KB)

Ekoloq Rövşən Abbasov da mövzu ilə bağlı Musavat.com-a danışıb: “Hazırda Xəzər dənizinin çəkilməsi davam edir. Bu il düşən güclü yağıntılardan sonra Xəzərin səviyyəsinin enmə prosesinin dayana biləcəyinə dair bir ümid yaranmışdı və bu ümid hələ də qalmaqdadır. Ola bilsin ki, qarşıdakı illərdə bu cür yağıntılar təkrar olunsun. Məhz o zaman anlayacağıq ki, Xəzər hövzəsindəki quraqlıq artıq rütubətli bir dövrlə əvəz olunub. Bu da Xəzərə tökülən çayların suyunun artmasına və nəticədə dənizin səviyyəsinin qalxmasına səbəb olacaqdır.

Xəzər dənizində səviyyənin azalması prosesi hələ də davam edir və bu hal sahilyanı ölkələrdə çox ciddi problemlər yaradıb. Son illərə alimləri, elm xadimlərini və siyasətçiləri düşündürən əsas suallardan biri məhz Xəzərin səviyyəsinin enmə səbəbləridir. Bu səbəblər çoxistiqamətli və çoxfaktorludur. Xəzərin səviyyəsinin enməsi ilk növbədə iqlim dəyişikliyi amillərindən asılıdır. Son onilliklərdə Xəzər hövzəsində baş verən güclü quraqlıqlar dənizə tökülən çayların suyunu azaldıb, səthdən gedən buxarlanmanı isə artırıb. Bu da su səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarıb.

İkinci vacib amil Xəzər hövzəsində — Volqa, Kür və Ural çayları boyunca həm kənd təsərrüfatı, həm də sənayenin inkişafı ilə əlaqədar suya olan tələbatın kəskin artmasıdır. Nəticədə dənizə axan çayların sululuq dərəcəsində əhəmiyyətli azalma qeydə alınıb. Eləcə də, Volqa çayı hövzəsində ciddi su itkiləri baş verir. Burada tikilən su anbarlarının ümumi sahəsi 30 min kvadratkilometrə (30\,000\text{ km}^2) çatır. Bu çox böyük rəqəmdir. Həmin su anbarlarının səthindən gedən buxarlanma və infiltrasiya hesabına Volqa çayının suyu hiss olunacaq dərəcədə azalıb”.

Ekoloqa görə, Xəzəri xilas etməyin əsas yollarından biri iqlim dəyişikliyinin qarşısını almaqdır: “Bu baxımdan Paris Razılaşması çərçivəsində ölkələrin karbon emissiyalarını azaltması böyük ümid yaradır. Bu addım daxili hövzə olan Xəzər regionunda yağıntıların artmasına və dəniz səviyyəsinin tədricən bərpa olunmasına təkan verə bilər.

Digər bir ümid isə Xəzəryanı ölkələrin artıq əməli hərəkətə keçməsidir. Hövzədə qənaətcil su iqtisadiyyatının yaradılması və dənizə tökülən çayların sululuğunun artırılması istiqamətində kifayət qədər ciddi proqramlar hazırlanıb. Yaxın gələcəkdə bu tədbirlərin öz bəhrəsini verəcəyi gözlənilir. Bundan əlavə, bir çox alimlərin fikrincə, Xəzərin səviyyəsi tarixi dövrlərdə hazırkı göstəricidən də aşağı olub. Dənizdə baş verən bu səviyyə tərəddüdləri dövrü (periodik) xarakter daşıdığından, Xəzərin gələcəkdə öz-özünü bərpa edəcəyi də ehtimallar sırasındadır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR