Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un xəbər verdiyi kimi, ötən həftə Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən ənənəvi “Ərdəbil həftəsi” və “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” tədbirlərində iştirak edib.
Ölkəmizi bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Ceyhun Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov təmsil ediblər. Ceyhun bəyin çox maraqlı səfər təəssüratları var. Həm müşahidələrini bölüşməsini istədik, həm də Azərbaycana münasibətdə bəzən əndazəni aşan çevrələrlə bağlı o tayda hansı yanaşmaların olmasına aydınlıq gətirməyə çalışdıq. İkinci bölümdə Azərbaycana qarşı fəaliyyət göstərən çevrələrlə bağlı da çox mühüm açıqlamalar var:
(Əvvəli burada: https://musavat.com/news/erdebil-seferinden-qayidan-deputatdan-sensasion-aciqlamalar_1278506.html)

Müsahibənin bu məqamında İranda anti-Azərbaycan çıxışlarla bağlı danışırıq:
- Amma onlar (İrandakı bəzi qüvvələr-red.) Azərbaycana qarşı əsassız iddialar irəli sürür, ittihamlar səsləndirirlər...
- Orada belədir... Ümumiyyətlə, mən sizə bir şey deyim ki, iranlılarla tədbirlərdə vaxtaşırı görüşürəm. İranda əsasən bu kimi məsələlərdə radikallıq göstərən daha çox SEPAH-la bağlı insanlardır. Amma ümumi götürdükdə, biz ostanfarla, vali ilə görüşdük...Münasibətlər çox normal, çox yaxşı, qaydasında idi.
- Deməli, yerli rəhbərlik də əslən azərbaycanlılardır?
- Bəli. Vali dəyərli bir azərbaycanlıdır. Mən iranlı deputatlarla görüşə hazır idim. Amma bəzi yoldaşlar dedilər ki, görüş başlayana qədər iranlı deputatlarda bir narahatlıq və bir gərginlik var idi. Onlar düşünürmüşlər ki, danışıqlar bir az başqa formada gedəcək. Amma mən görüş başlayandan Azərbaycanın atdığı addımlar barədə onlara çox geniş məlumat verdim. Əsaslandırdım ki, sizin ən çətin dövrünüzdə yanınızda olan Azərbaycan dövlətidir, Azərbaycan Prezidentidir.

- Yəni tam məlumatlı deyildilər?
- Hər halda belə görünür. Mənə başqa yoldaşlar dedilər ki, görüşə qədər İran tərəfində bir ciddi gərginlik müşahidə olunurdu. Amma siz çıxışa başlayandan sonra artıq münasibətlərin daha fərqli məcrada, danışıqların getdiyini gördülər. Mən daha çox danışdım. İran tərəfi elə çox danışmadı. Mən Azərbaycanın etdiklərini, cənab Prezidentin müharibə dövründə dəstəyini, səfirliyə getməyini, Sahibə xanımın İranda olmasını və digər bütün məsələləri xüsusi vurğuladım və əsaslandırdım. Axırda onlar özləri də qeyd etdilər ki, bəli, siz doğru deyirsiniz. Hətta sizin özünüzün bu müharibə vaxtı burdakı konfransda iştirak etməyiniz, sizin dövlətin, dövlət başçınızın bizə verdiyi dəyərin, göstərdiyi diqqətin göstəricisidir.
- Zəngəzur dəhlizinə münasibətlər necədir?
- Biz o mövzudan danışmadıq. Ümumiyyətlə, ona toxunmadıq. Biz ümumi görülən işlərdən danışdıq. Hesab edirəm ki, o məsələlərə orada toxunmağa ehtiyac yox idi.
- Bəs Araz çayı üzərində tikilən, Ağbənd – Kəlalə körpüsü ilə bağlı gözləntiləri necədir?
- Onlar bu körpünün açılışını səbirsizliklə gözləyirlər. Vali ilə, ostandarla görüşdə də böyük marağı hiss etdik. İran tərəfi çox maraqlıdır ki, sərhədlər açılsın və eyni zamanda İran tərəfi yolun və körpünün açılmasına maraq göstərir. Hətta onlar İmişliyə də bir dəmir yolu xətti çəkilməsi təşəbbüsü ilə çıxış ediblər. Görüşdə xüsusilə sərhədin bağlı olması məsələsini qaldırdılar. Mən orada o məsələni xüsusi qeyd etdim ki, Azərbaycanın sərhədi yalnız İranla bağlı deyil. Bizim quru sərhədlərimiz Gürcüstan, Türkiyə, Rusiya və İranla bağlıdır. Ona görə də bu, sırf İranla bağlı məsələ deyil. Onlar da bunu anladılar və anlayışla yanaşdılar. Amma gördüyümüz odur ki, İran tərəfi çox maraqlıdır ki, bizim münasibətlərimiz, əlaqələrimiz daha da inkişaf etsin. Çünki bu, İran üçün də lazımdır və onlar da istəyirlər ki, sərbəst gediş-gəliş olsun və əlaqələr inkişaf etsin.
- Konfransdan yayılan görüntülərdə Azərbaycanda mənfi personaj olaraq tanınan dini liderin Ərdəbil üzrə rəsmi nümayəndəsi Seyid Həsən Amulini də gördük. Onun Azərbaycan və Türkiyə liderləri barədə yersiz ifadələrini unutmamışıq və cənab Prezident bu şəxsi əyalət mollası adlandırmışdı. Maraqlısı budur ki, cavabı verildikdən sonra gözə görünmürdü və hər hansı açıqlamasına rast gəlməmişik. Səfər zamanı Azərbaycan nümayəndə heyəti ilə təmasa cəhd göstərdimi?

- Şəkillərdə var, biz yan-yana oturmuşduq, bir az məndən o tərəfdə idi. Bizə belə bir məlumat vermişdilər ki, ola bilsin onunla da görüş olsun. Biz nümayəndə heyəti olaraq əvvəlcədən dedik ki, bizim onunla görüş planımız yoxdur. Çünki bu şəxs dəfələrlə Azərbaycana dil uzadıb və cənab Prezident özü bu adam haqqında vaxtilə fikir söyləyib, “İrandakı əyalət mollası” deyib. Ona görə biz belə bir görüşə ehtiyac görmürük. Hiss olunurdu ki, o görüşə hazır idi. Mən onu xüsusi vurğulayım ki, həmin tədbirdə İsa müəllim (Həbibbəyli-E.P.) çox dərin məzmunlu bir çıxış elədi. Biz kənardan baxırdıq, onu (Amulini-E.P.) izləyirdik. O, çıxışı çox diqqətlə dinləyirdi. Hətta yanındakılarından da bəzən nəyisə soruşurdu, deyirdi. Sonradan bizə deyildi ki, çıxışdan onun çox xoşu gəlib. Ümumiyyətlə, İsa müəllimin çıxışı deyə ən yaxşı, ən belə samballl çıxışlardan biri idi. Yəni mövzuya, tədbirin mahiyyətinə uyğun, ədəbiyyat üzərində, eyni zamanda siyasət üzərində qurulmuş bir çıxış idi. Kənardan hiss olunurdu ki, o (Amuli-red.) diqqətlə izləyir və təbii ki, bizimlə görüşün olmasını da istəyərdi. Amma biz onun məlum çıxışlarına və mövqeyinə görə öncədən fikirlərimizi bildirdik ki, biz belə bir görüş bizim proqramda yoxdur.
- Ərdəbilli Tural adlı yeniyetmənin ifasından təsirlənmişdiniz, bunu kadrlardan da gördük. Səfər zamanı Azərbaycan nümayəndə heyətinə yaxınlaşıb, nəsə şəxsi xahiş edən, Bakıda təhsil almaq istəyən gənclər, cənublular oldumu? Bilirik ki, siz Ərdəbil Universitetində də olmusunuz…
- Bəli. Mən bayaq da qeyd etdim, orada olan soydaşlarımızın bizim cənab Prezidentə, xalqımıza böyük bir sevgisi var. Biz orada olanda həmin o Tural Gəncənin valideyni bizə yakınlaşdı. Sonra biz orada olanda bir neçə başqa sənət adamı da bizə müraciətlə dedilər ki, biz Bakıya gəlib Bakıda oxumaq istəyirik. Təhsil almaq, film çəkmək, birgə əsərlər ərsəyə gətirmək istəyirlər. Eyni zamanda dediyiniz kimi, biz Ərdəbil Universitetində də olduq.
- Azərbaycanın xoşməramlı mövqeyinə, dövlətimizin humanist siyasətinə baxmayaraq, qarşı tərəf adekvat davranmır. Bu ərəfədə Tehrandan Azərbaycana qarşı növbəti düşmənçilik mövqeyi ortaya qoyuldu. İranın Kəşfiyyat Nazirliyi Azərbaycanın dövlət televiziya kanalını da daxil etdiyi “düşmən media qurumları” ilə bağlı siyahısını yayıb və AzTV də bu siyasıya salınıb. Səfər zamanı bu məsələyə erazınızı bildirdiniz, yoxsa məlumatlı deyildiniz?
- Yox, orada bu məsələlər yox idi. O məlumatlar son günlər yayılmağa başladı. Biz qayıdandan sonar detallarla tanış olduq. Amma istənilən halda, belə bir açıqlama qəbuledilməzdir!
- Belə fikirlər var ki, İranın rəsmi qurumunun bu kimi davranışları fonunda gərək belə səfərlərdə iştirakdan imtina olunsun...
- Yox, mən o fikirlərə fərqli yanaşıram. Mən sizə bir şey deyim. İranı həmişə araşdırıram, öyrənirəm, 25 ildir bu proseslərin içindəyəm. Təbii ki, İranın bizə qarşı zaman-zaman yanlış addımları olub, biz də bunlara reaksiya vermişik. Amma mən bir daha əmin oldum ki, həm bizim, həm İranın dövlət maraqları bizim münasibətlərin inkişafını zəruri edir. O mənada İrana getmək, bu cür görüşlərdə iştirak etmək münasibətlərin normallaşmasına aparır. Əgər Azərbaycanda kimsə düşünürsə ki, İranla münasibətləri pozmaq, İranla düşmənçilik etmək lazımdır, bu, yanlışdır. Biz məsələyə bir çox aspektlərdən yanaşmalıyıq... Bu gün Azərbaycanda da kifayət qədər sevilən, hörmət olunan İran prezidenti Pezeşkianın mövqeyi var. Biz orada olanda da deyildi ki, Məsud Pezeşkian bütün görüşlərdə Azərbaycanla əlaqələrin inkişafının önəmini davamlı olaraq vurğulayır. İranın ali dini liderinin də bununla bağlı vaxtı ilə bir mövqeyi var idi. Ona görə, yəni o radikal, populist, düşünmədən söylənilən fikirlər ki, var, bunlar bizim münasibətlərin inkişafına töhfə vermir.
- Demək deyirsiniz ki, o tərəfdə də bənzər yanaşmalar var?
- Birmənalı. Ən azından bizim orada 40 milyon soydaşımız var, onları incitməməliyik. Onlar bizi sevirlər, biz də onları sevirik.

- Amma imkan dairəsində soydaşlarımızın da müqaviməti, etirazı olmalıdır ki, Azərbaycan dövlətinə, liderinə dil uzatmaq olmaz!
- Biz orada rəsmilərlə də görüşdük. Bəzən İranla bağlı məsələlərdə ayrı-ayrı dairələrdən məqsədli şəkildə, münasibətlərin gərginləşməsinə hesablanmış müxtəlif addımlar atılır. Biz buna getməməliyik. Təii ki, İranın aidiyyəti strukturları da bizə qarşı təxribatlara, bizə qarşı radikal fikirlərə və bəyanatlara son qoymalıdır! Yəni münaqişələrin, anlaşılmazlqların həlli oturub müzakirə etməkdən keçir.
- Amma İranda elə qüvvələr var ki, Azərbaycana qarşı sistemli fəaliyyət göstərirlər. Həm də İrana sığınan bir qrup Azərbaycan vətəndaşı var ki, onların anti-Azərbaycan fəaliyyəti qəbulolunmazdır, bu barədə dəfələrlə rəsmi xəbərdarlıqlar edilib.
- Təbii ki. Bəli, bu faktlar da var. Mən bunu parlamentdə də dəfələrlə qaldırmışdım. Ümumiyyətlə, İranda Azərbaycanla bağlı böyük bir şəbəkə işləyir və onlar sosial mediada həddindən artıq fəaldırlar. O mənada şübhəsiz ki, İran da üzərinə düşəni etməlidir. Bizim İrandan gözləntilərimiz var. Biz necə ki, ərazimizdən kiməsə İrana qarşı imkan vermirik, İranın suverenliyinə, müstəqilliyinə xələl gətirəcək hansısa bir addım atmırıq, İran da orada olan o müəyyən azərbaycanlılar ki, var, ölkəmizə qarşı təxribatçı çıxışlar edirlər, fikirlər səsləndirirlər, onlarla bağlı təbii ki, İran da müəyyən bir addımları atmalıdır və bu məsələlərə son qoymalıdır.
- Ceyhun bəy, yeni dini liderin ortaya çıxmaması, görünməməsi barədə nə danışırdılar? Bu, ölkədə narahatlıq, yaxud suallar doğururmu?
(Davamı olacaq)
Elşad Paşasoy,
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ