Onlayn ictimai-siyasi qəzet
“Böyük şirkətlərin təşkilati strukturu tamamilə sıradan çıxıb. Sıradan çıxmasının səbəbi strukturların pis olması deyil, bunun obyektiv səbəbləri var”.
Musavat.com xəbər verir ki, bu fikirləri “01.AI” şirkətinin baş icraçı direktoru Kai Fu Li İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Ağıllı İqtisadiyyatlar: Süni İntellekt, İnnovasiya və Rəqəmsal Transformasiya” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, insanların idarəetmə diapazonu məhduddur, hər menecer yalnız 5-10 nəfəri idarə edə bilir:
“Təsəvvür edin ki, şirkətinizdə 10 000 işçi və informasiyanı irəli-geri ötürən 3 000 menecer var. Süni intellekti idarə edə biləcək yetəri sayda insan varmı? İddia edirəm ki, heç bir şirkət buna hazır deyil. Məsələni kökündən həll etmək lazımdır. Baş icraçı direktor (CEO) nəzarəti əlinə almalı, bütün məlumatlara yuxarıdan tam baxış qazanmalı, şirkətdə nə baş verdiyini anlamalı, daha çox pul qazanmalı (çünki buna ehtiyacınız olacaq), sonra isə kimin süni intellekti idarə etməyə yüksəldilə biləcəyini müəyyənləşdirib onları irəli çəkməli və kimin sadəcə məlumat ötürməklə, iclaslar keçirməklə və insanları idarə etməklə məşğul olduğunu tapmalıdır. Onları oradan kənarlaşdırın. Əgər bunu etməsəniz, şirkətiniz məhv olacaq. Mən bunu artıq etmişəm. Sizə sadəcə nə edəcəyinizi demirəm, özüm tətbiq etmişəm. Bununla gəlirlərimiz kəskin şəkildə artdı. Cəmi 300 nəfərlik təşkilatımız, bəlkə də 100 menecerimiz var. Mən hələ də onların idarə etməsinə icazə verirəm, amma bütün əsas layihələr süni intellekti idarə edən insanlarla bir tərəfə çəkilib və onlar birbaşa mənə hesabat verirlər. Bütün təşkilatıma deyirəm ki, əgər bu 4 əsas şəxs sizdən nə isə istəsə, etdiyiniz işi saxlayın və rəhbərinizə CEO-nun belə dediyini bildirin. Şirkətimdə daha heç bir vitse-prezident qalmayacaq. Yalnız bu süni intellekti idarə edən insanlar olacaq”.
Nigar Həsənli
Musavat.com
25 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ