Onlayn ictimai-siyasi qəzet
BMT-nin məlumatına görə, Suriya prezidenti Əhməd əş-Şaraa və hökumət üzvlərinə qarşı beş uğursuz sui-qəsd cəhdi ilə bağlı hesabat dərc olunub.
Musavat.com xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
BMT-nin Terrorla Mübarizə İdarəsinin fevralın 11-də yaydığı hesabatda bildirilir ki, prezident Əhməd əş-Şaraa və onun bəzi nazirləri son bir ildə azı beş sui-qəsd cəhdindən sağ çıxıblar.
Hədəf alınan şəxslər arasında daxili işlər naziri Ənəs Həsən Xəttab və xarici işlər naziri Əsəd əl-Şibani də var. Prezidentə qarşı sui-qəsd cəhdlərinin əsasən Hələb və Dəra bölgələrində qeydə alındığı vurğulanır.
BMT ekspertlərinin fikrincə, “Saraya Ənsar əl-Sünnə” qrupu bu hücumlara görə məsuliyyəti üzərinə götürüb. Lakin ekspertlər hesab edirlər ki, sözügedən struktur əslində İŞİD üçün örtük rolunu oynayan çətir təşkilatıdır. Belə vasitəçi qruplardan istifadə terrorçulara mümkün inkar imkanını qorumağa və eyni zamanda əməliyyat imkanlarını genişləndirməyə şərait yaradır.
Ekspertlər qeyd edir ki, İŞİD 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin süqutundan sonra yaranmış təhlükəsizlik boşluğu və qeyri-müəyyənlikdən yararlanmağa çalışır.
Üsyan dalğası fonunda hakimiyyətə gəlmiş, “Heyət Təhrir əş-Şam”ın keçmiş lideri Əhməd əş-Şaraa hazırda İŞİD-in əsas hədəflərindən biri hesab olunur. Bildirilir ki, Suriya hökumətinin 2025-ci ilin noyabrında rəsmi şəkildə İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmasından sonra vəziyyət daha da gərginləşib.
BMT vurğulayır ki, hökumət rəhbərliyinə qarşı fiziki sui-qəsd cəhdləri radikal qrupların Suriyada sabitləşmə prosesini pozmaq və yeni siyasi nizamın formalaşmasına mane olmaq niyyətindən xəbər verir.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ