İnsanlara hürriyət, millətlərə istiqlal!

Talibanın 5 ili – Dünya Əfqanıstandakı rejimi NİYƏ hələ də qəbul etmir?

Talibanın hakimiyyətə qayıdışından beş il ötür.

Bəs bu müddət ərzində Əfqanıstanda real vəziyyət necədir? Taliban hakimiyyətini möhkəmləndirə bilibmi?

Mövzu ilə bağlı "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz” | Modern.az

“Taliban hakimiyyətə gəlişinin 5 ilini qeyd edib. ABŞ qüvvələri “Əl-Kaida” terror təşkilatıyla mübarizə adı altında Əfqanıstana müdaxilə edəndə qısa zamanda Taliban hərəkatı üzərində qələbə qazandı. ABŞ hərbçilərinin Talibana qarşı müxalif mövqedə olan Şimal Kolaisiyasıyla birgə başlatdığı əməliyyat paytaxt Kabilin ələ keçirilməsiylə tamamlandı.

ABŞ hərbçiləri sonrakı müddətdə Əfqanıstanın digər şəhərlərini də Taliban hərəkatından təmizlədilər. O zaman düşünülürdü ki, Taliban hərəkatı özünə gələ bəlməyəcək. Ancaq belə olmadı. Hərəkat partizan müharibəsinə keçdi. ABŞ Prezidentlərindən əvvəlcə Barak Obama, ondan sonra isə Co Bayden amerikalı hərbçilərin Əfqanıstanda saylarını azaltmağa qərar verdilər. Nəhayət, 2021-ci ilin avqust ayında ABŞ hərbçilərinin Əfqanıstanı tərk etməsiylə Taliban yenidən paytaxt Kabili ələ keçirdi.

Taliban hakimiyyətə gəldikdən sonra müxtəlif dövlətlərlə əməkdaşlığa başlamaq istədi. Ancaq bir çox ölkədə Taliban terrorçu qruplaşma kimi dəyərləndirildiyinə görə Kabildəki rejimlə diplomatik əlaqələri bərpa etmək istəyən dövlətlərin sayı çox olmadı. Birincilər sırasında Çin oldu. Pekin Talibanla əməkdaşlığa başladı, diplomatik əlaqələr qurdu. Çinin Talibanla əməkdaşlığının iki məqsədi var idi. Birincisi, Çin Əfqanıstanın zəngin yeraltı resurslarından istifadə etmək istəyirdi. İkincisi, Əfqanıstan ərazisində silahlı uyğurların varlığını Çin üçün təhlükə kimi qiymətləndirirdi.

Pekin Talibanla əməkdaşlığın və Əfqanıstana yatırımların qarşılığında silahlı uyğurların Çin sərhəddindən uzaq tutulmasını tələb edirdi. Taliban Pekinin bu şərtini qəbul edərək silahlı uyğurların Çinə təhlükə yaratmasının qarşısını aldı. Ancaq Əfqanıstan dağlıq və müxtəlif milli qrupların yaşadığı ölkədir".

Politoloqun sözlərinə görə, Taliban böyük şəhərlərə hakim olsa da, Əfqanıstanın tamamına nəzarət etmək imkanına malik deyil: "Talibanla Pakistan hakimiyyəti arasındakı gərgin münasibətlər məhz bu amillə qaynaqlanır. Vaxtilə Talibanın yaranmasında və güclənməsində Pakistanın əhəmiyyətli rolu olub. Ancaq Taliban gücləndikdən və Əfqanıstanda əsas gücə çevrildikdən sonra Pakistanla münasibətlər gərginləşdi. Çünki Əfqanıstan ərazisində Pakistana hücum edən silahlı qruplar mövcuddur. Taliban həmin qruplara nəzarət edə bilmir. Həmin qruplar Pakistan ərazisinə silahlı hücumlar təşkil etdikdə Pakistanın ordu komandanlığı Əfqanıstana zərbələr endirirlər. Buna cavab olaraq da Taliban hərəkatı Pakistan ərazisinə zərbələr endirir. Nəticədə, hər iki tərəfdən mülki insanlar arasında itkilərin sayı artır.

Bu arada Taliban ABŞ-la diplomatik əlaqələr qurmaq və ABŞ-ın Kabildə səfirliyinin bərpasını istəyir. Vaşinqton buna hazır deyil. Taliban Trampın nadir torpaq elementlərinə marağını nəzərə alaraq, Əfqanıstan ərazisində birgə istehsal qurmağı təklif edib. Ancaq Tramp başqa ölkələrdə gəlir əldə etməyə çalışsa da, bunu Talibanla etməyə hazır deyil. Vaxtilə Türkiyə də Əfqanlstana yatırım qoymağa, hətta Kabilin hava limanını bərpa etməyə hazır olduğunu bildirmişdi. Ancaq bu baş tutmadı. Çünki Talibanın Əfqanıstanda tətbiq etdiyi qadağalar bir çox ölkəni bu qruplaşma ilə əməkdaşlıqdan çəkindirir. Məsələn, Talibanın qadağaları səbəbindən Əfqanıstanda milyonlarla gənc qız orta və alİ təhsil almaqdan məhrum olub”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR