Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp İranla genişmiqyaslı nüvə razılaşması əldə olunmasa belə, hərbi əməliyyatların başa çatdığını elan etməyə və Vaşinqtonun qələbəsini açıqlamağa hazırdır. Lakin cənub qonşumuz münaqişənin dayandırılması və Hörmüz boğazında gəmiçiliyin bərpası üçün ABŞ qarşısında ağır şərtlər qoyur. “The Wall Street Journal”ın ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev hazırda əsas diqqəti geniş nüvə sazişindən daha çox strateji əhəmiyyətli Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına yönəldib.
İran Hörmüz boğazında tranzitin bərpası üçün dəniz blokadasının tam aradan qaldırılmasını, ABŞ hərbi qüvvələrinin regiondan çıxarılmasını, iqtisadi sanksiyaların götürülməsini və hərbi əməliyyatlar nəticəsində dəymiş zərərə görə milyardlarla dollar təzminat ödənilməsini tələb edir.
Göründüyü kimi, İranla ABŞ arasında əsas mübahisə yalnız nüvə proqramı ilə bağlı deyil.
Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a deyib ki, geniş nüvə sazişi imzalanmadan müharibənin başa çatdırılması daxili və xarici auditoriya tərəfindən fərqli qiymətləndirilə bilər: “Tramp üçün əsas prioritet ABŞ-nin bitməyən Yaxın Şərq müharibələrinə cəlb olunmasının qarşısını almaq və qlobal enerji bazarlarını sabitləşdirməkdir. Əgər Vaşinqton İranın nüvə obyektlərinə vurulmuş zərər sayəsində nüvə təhdidinin illərlə təxirə salındığını və Hörmüz boğazında kommersiya gəmiçiliyinin bərpa edildiyini göstərə bilsə, bunu daxili siyasi auditoriyaya qələbə kimi təqdim edə bilər”.

Onun fikrincə, İranın təzminat tələb etməsi, ABŞ qoşunlarının regiondan çıxarılmasını və bütün sanksiyaların dərhal ləğvini şərt qoşması daha çox diplomatik masada mövqeləri gücləndirməyə hesablanmış maksimalist təzyiq taktikasıdır. Ekspertin sözlərinə görə, Tehran anlayır ki, Vaşinqton rəsmi "müharibə təzminatı" ödəməyəcək və regiondakı hərbi varlığına son qoymayacaq.
Hərbi ekspert hesab edir ki, Ağ Ev üçün hazırda əsas məqsəd uzunmüddətli siyasi müqavilə bağlamaqdan daha çox faktiki atəşkəs və iqtisadi axının (boğazın) bərpa olunmasıdır:
“Tərəflərin razılığa gələ biləcəyi ehtimal olunan kompromis çərçivəsi aşağıdakı kimidir: ABŞ rəsmi təzminat ödəmək əvəzinə, İranın xaricdə dondurulmuş maliyyə resurslarının bir hissəsini humanitar, dərman və ərzaq idxalı üçün istifadəyə aça bilər. Sanksiyaların tam ləğvi əvəzinə, ABŞ İranın müəyyən kvota daxilində Asiya bazarlarına neft satmasına müvəqqəti icazələr verə bilər.
Oman və ya digər üçüncü tərəflərin vasitəçiliyi ilə ABŞ İran limanlarının dəniz blokadasını qaldıra, İran isə öz növbəsində boğazda raket-dron hücumlarını və gəmilərin saxlanılmasını dayandıra bilər. Mövcud mənzərə göstərir ki, tərəflər dondurulmuş aktivlərin azad edilməsi və dəniz təhlükəsizliyinin bərpası üzrə praktiki addımlarda uzlaşa bilsələr, rəsmi nüvə sazişi olmadan da münaqişənin fəal fazasının başa çatması mümkündür”.
Cavanşir Abbaslı
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ