İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təkcə Kəhrizəkdə 802 insan öldürülüb” – Güneyli mühacir İrandakı dəhşətdən danışır

"Ötən şənbə günü Güney Azərbaycan şəhərlərində milli fəallarımıza etirazlara çıxmaq üçün çağırışlar etmişdik. Lakin milli fəallara qarşı çox ciddi təzyiqlər göstərilib. Onların hamısına bir-bir zəng edərək, təhdid ediblər ki, küçələrə çıxsanız, sizi tutacağıq. Hətta tanınmış bir fəalımızı maşınının içində öldürməyə çalışıblar, amma o, son anda xilas ola bilib".

Bu sözləri Musavat.com-a açıqlamasında İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

Onun sözlərinə görə, rejimə bağlı qüvvələr şəhərləri gəzərək avtobusları və maşınları saxlayır, insanların telefonlarını əlindən alır və yoxlayırlar: “Əgər kiminsə telefonunda etirazlarla bağlı şəkil və ya video aşkar olunarsa, dərhal tutub aparırlar. Yəni, bu rejim bütün vasitələrlə nəzarət tətbiq edir və insanlarda qorxu yaratmağa çalışır.

Göründüyü kimi, proses artıq başqa məcraya doğru gedir. Camaat istəyirdi ki, dinc şəkildə küçələrə çıxaraq öz sözünü desin, fikirlərini hakimiyyətə çatdırsın və müxalif mövqeyini göstərsin. Amma hakimiyyət özü qarşıdurmalar yaradaraq insanlara atəş açır, iğtişaş törədir və insanları qətlə yetirməklə bu etirazları yatızdırmağa çalışır".

M.Bilginin sözlərinə görə, 3 gün ərzində İranda qətlə yetirilənlərin sayının 10-12 min nəfərə çatması ilə bağlı məlumatlar yayılır: "Təkcə Kəhrizək əyalətində 802 nəfərin öldürülməsi faktı artıq təsdiqini tapıb. İndi təsəvvür edin ki, hər bir şəhərdə buna bənzər qətliamlar törədilibsə, cəmi 3 gün ərzində nə qədər insanın həyatına son qoyulub. Etirazlar zamanı bəzi məscidlərin yandırıldığı ilə bağlı görüntülər yayılmışdı. Halbuki nə Güney Azərbaycanda, nə də İranın digər bölgələrində indiyə qədər heç vaxt siyasi qüvvələr tərəfindən məscidlərə od vurulmayıb. Bu, İran rejiminin öz ssenarisidir. Rejim bu cür addımlarla ictimai rəyi manipulyasiya etməyə, zorakılığını haqq qazandırmağa çalışır”.

Mahmud Bilgin qeyd edib ki, məhz bu səbəbdən milli fəallar hesab edirlər ki, hazırkı mərhələdə əhali kütləvi etiraz aksiyalarına qoşulmaqda ehtiyatlı olmalıdır: "Çünki bu qətliamların hara qədər gedəcəyi, rejimin daha hansı vəhşiliklərə əl atacağı hələlik məlum deyil.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR