İnsanlara hürriyət, millətlərə istiqlal!

Toy etmək ziyan, yoxsa qazanc gətirir? — AÇIQLAMA

Azərbaycanda toy mərasimləri tarixən ailə həyatının ən mühüm və təntənəli hadisələrindən biri hesab olunur. Valideynlər övladlarının şad gününü yüksək səviyyədə təşkil etmək üçün illərlə hazırlıq görür, maddi və mənəvi resurslarını bu istiqamətə yönəldirlər. Bununla belə, son dövrlərdə qlobal və yerli bazarlarda müşahidə olunan qiymət artımları toy xərclərinə də birbaşa təsir göstərib. Şadlıq saraylarında menyu qiymətlərinin yüksəlməsi, geyim, bəzək, musiqiçi dəvəti və digər təşkilati işlərin bahalaşması toy prosesini gənc ailələr üçün sadəcə bayram deyil, həm də ciddi iqtisadi sınaq halına gətirib. İndi bir günlük şənlik bir çox ailə üçün aylarla, bəzən isə illərlə davam edən borc öhdəlikləri və maliyyə sıxıntıları deməkdir. Mövcud vəziyyət cəmiyyətdə yeni bir sual doğurur: görəsən, toy bitdikdən sonra yaranan xərclər yeni qurulan ailənin və onların valideynlərinin büdcəsinə uzunmüddətli mənfi təsir göstərirmi, yoxsa bu xərcləri kompensasiya etmək mümkündür?

Ölkədəki mövcud toy ənənələrinin iqtisadi tərəflərini, xərclərin bölgüsünü və bunun vətəndaşların cibinə təsirini dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli Demokrar.az-a açıqlamasında mövzu ilə bağlı mühüm məqamlara toxunub.

 natiq.jpg (51 KB)

Ekspert bildirib ki, məsələ toyların necə keçirilməsi, nə qədər xərc tələb etməsi və ümumilikdə bu mərasimlər üçün nə qədər vəsaitin toplandığı ilə bağlıdır:

"Bir çox hallarda toy edən ailələr ciddi şəkildə zərər etmir. Əksinə, dəvət olunan qonaqlardan gələn pul hədiyyələri və ümumi yığılan vəsait restoran və digər xərclərin azı bir hissəsini, bəzən ise böyük qismini qarşılamağa imkan verir. Lakin problem daha çox toy edən tərəfdən yox, tez-tez toylara dəvət olunan və büdcəsi məhdud olan ailələr üçün yaranır. Ay ərzində iki və ya daha çox toya çağırılan orta statistik ailə üçün bu, əlavə maliyyə yükü deməkdir. Belə ailələr həm gündəlik xərclərini qarşılamağa çalışır, həm də hər dəvət zamanı müəyyən məbləğdə iştirak etməyə məcbur qalır. Bu da onların büdcəsində ciddi gərginlik yaradır. Nəticə etibarilə, toy edənlər çox vaxt xərclərin böyük hissəsini qonaqlardan gələn vəsait hesabına kompensasiya edə bilsələr də, əsas maliyyə yükü daha çox dəvət olunan, xüsusilə də gəliri məhdud olan ailələrin üzərinə düşür. Bu isə sosial baxımdan müzakirə olunan ciddi bir problemə çevrilir".

Göründüyü kimi, Azərbaycan cəmiyyətindəki toy modeli qarşılıqlı borc və sosial öhdəlik prinsipinə əsaslanır. Toy sahibi ilkin mərhələdə böyük məbləğdə vəsait xərcləsə və ya borclansa da, mərasim günü qonaqların gətirdiyi pul zərfləri sayəsində bu kəsiri bağlaya bilir. Lakin bu sistem zəncirvari şəkildə digər vətəndaşların maliyyə sabitliyinə zərbə vurur. Xüsusilə yay və payız aylarında, yəni toyların intensivləşdiyi dövrlərdə orta və aşağı gəlirli ailələr çətin seçimlər qarşısında qalırlar. Gündəlik tələbat mallarını, kommunal xidmətləri, təhsil və səhiyyə xərclərini ödəməli olan şəxslər, eyni zamanda yaxınlarının şad günündə iştirak etmək və yazılmamış qanunlara görə müəyyən məbləğdə pul ödəmək məcburiyyətində olurlar. Nəticədə, toy sahibi öz xərclərini qonaqların hesabına kompensasiya etsə də, bu proses cəmiyyətin ümumi sosial-iqtisadi gərginliyini artırır və toy ənənələrinin gələcəkdə daha sadə, az xərcli formatlara keçməsini zəruri edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR