Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp enerji sisteminin xarici təhdidlər qarşısında daha dayanıqlı olması üçün yeni qərar qəbul edib. Xaricdə istehsal olunan və enerji şəbəkəsində zəiflik yarada, hətta kiberhücumlar zamanı istifadə oluna biləcək bəzi avadanlıq və proqram təminatlarının istifadəsinə məhdudiyyət qoyulması nəzərdə tutulur. Bu addım Vaşinqtonun enerji təhlükəsizliyini milli təhlükəsizlik məsələsi kimi ön plana çıxardığını göstərir.
Vaşinqtonun enerji avadanlıqları ilə bağlı yeni qərarı qlobal enerji bazarında hansı dəyişikliklərə səbəb ola bilər?

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb.
O deyib ki, Vaşinqtonun məlum enerji avadanlıqları ilə bağlı qərarının bir sıra istiqamətlərdə dəyişikliklərə səbəb olacaq: "Lakin nəzərə almaq lazımdır ki, bu qərar qlobal enerji sektoru və ya ABŞ-nin enerji təhlükəsizliyi üçün böyükmiqyaslı fərqlər yaratmayacaq. Çünki birinci səbəb odur ki, bu məhdudiyyətlər ABŞ üçün təhlükəli hesab edilən xarici subyektlərlə — yəni həmin məhsulları istehsal edən xarici təsərrüfat subyektləri ilə bağlıdır. Bir neçə gün əvvəl qəbul edilən bu qərar transformatorları, generatorları, invertorları, enerji saxlaması sistemlərini, idarəetmə avadanlıqlarını, hətta proqram təminatlarını, eləcə də uzaq məsafədən idarə oluna bilən (işə salınan, dayandırılan və s.) avadanlıqları əhatə edir. Bütün hallarda, bu sənədin qüvvəyə minməsi və tətbiqi ilə bağlı ABŞ Energetika Nazirliyinə 120 gün vaxt verilib. Yəni təxminən ilin sonuna qədər olan bu 4 ay ərzində prosesin təfərrüatları bəlli olacaq. Yalnız bu detallar aydınlaşdıqdan sonra həm ABŞ iqtisadiyyatına və enerji sektoruna, həm də qlobal iqtisadiyyatın bəzi istiqamətlərinə müəyyən təsirlərin olacağını düşünürəm”.

İqtisadçıya görə, gözlənilən təsirlərdən birincisi ABŞ-nin məhsul idxal etdiyi ölkələrin coğrafiyasında dəyişikliklərin baş verə biləcəyidir: “Bu qərardan sonra şübhəli istiqamətlər üzrə olan avadanlıqların yerli istehsalının daha da artacağı gözlənilir. ABŞ yerli istehsala daha çox önəm verdiyi və tələbat yarandığı üçün proses bilavasitə daxili istehsalın təşviqinə gətirib çıxaracaq. Artıq bəzi ölkələrdə bunun ilkin təzahürləri müşahidə olunur. Məsələn, Cənubi Koreyada ABŞ-nin analoji siyahısına salınma ehtimalı olan avadanlıqları istehsal edən müəssisələrin səhmlərində son günlərdə artım baş verib. Bu da Çin məhsullarının Cənubi Koreya alternatvləri ilə əvəzlənə biləcəyini göstərir".
Müsahibimiz deyib ki, digər bir təsir isə qiymətlərdə müəyyən artımlar ola bilər: "Avadanlıqlar nə qədər çox diqqət cəlb edərsə, dərin təhlil olunarsa və texniki xüsusiyyətləri detallandırılarsa, onların maya dəyərində də artım olacaq. Bu baxımdan həm məhsulların, həm də icra olunacaq layihələrin qiymətinin yüksələcəyi istisna edilmir. Üçüncü məsələ isə ölkələr arasında rəqabətin bir qədər də güclənməsidir. Bununla belə, qərarın ABŞ-nin enerji sektoruna böyükmiqyaslı və ciddi təsirinin olacağını düşünmürəm. Sənəddə açıq şəkildə ifadə edilməsə də və proses enerji təhlükəsizliyi kontekstində təqdim olunsa da, məsələyə məhz ABŞ-nin milli təhlükəsizlik prizmasından baxılır. Çünki ABŞ-ni qorxudan transformatorların fəaliyyətinin sadəcə dayanması deyil, elektrik şəbəkəsindəki və digər infrastruktur obyektlərindəki avadanlıqların partladılması, müxtəlif faciələrin törədilməsi və onların təhdid vasitəsinə çevrilməsidir. Bu səbəbdən Vaşinqton məsələyə enerji təhlükəsizliyi adı altında yanaşaraq, əslində öz milli təhlükəsizliyini sığortalamaq addımını atıb”.
Afaq Mirayiq,
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ