İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın oğlu İrəvana getməkdən imtina edib

Kiçik Tramp rusiyayönümlü Karapetyanın təsiri altına düşüb?

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Ermənistana planlaşdırılan səfərini ləğv edib. APA-nın xəbərinə görə, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, kiçik Trampın noyabrın 12-də İrəvana səfəri nəzərdə tutulurdu. Lakin səfər ərəfəsində ABŞ-də jurnalist Taker Karlsonun efirə getmiş verilişi və həmin proqramda səslənən iddialar geniş rezonans doğurub.

Verilişdə “Tashir Capital” şirkətinin baş direktoru Narek Karapetyan Ermənistan hakimiyyətinin erməni kilsəsinə qarşı hücumları barədə danışıb.

“Hraparak”ın yazdığına görə, kiçik Tramp bu məlumatlardan sonra Ermənistan rəhbərliyi ilə görüşməkdən və ümumilikdə səfərdən imtina edib. Trampın oğlunun səfərdən imtina etdiyi barədə xəbər doğrudursa, burada bir paradoksallıq varmı? Adıçəkilən şirkət Rusiyanın adamı olan Karapetyana (hazırda həbsdədir) məxsusdur. Kiçik Trampın səfərinin reallaşmamasının başqa səbəbləri varmı?

Abutalıb Səmədov: "Rusiya Azərbaycana qarşı iqtisadi təzyiq göstərir"

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, kiçik Trampın Ermənistana səfərinin ləğv olunması Ermənistan hakimiyyətinə ciddi zərbədir: “Səfərin indi baş tutmamasını mən oğul Trampın məlumatsızlığı və müəyyən qədər tərəddüd etməsi ilə əlaqələndirirəm. Başqa səbəbin olduğunu güman eləmirəm. Görünür, prezidentin oğlu həmin ərəfədə erməni kilsəsinə olan hücumlar barədə deyilənləri düzgün qiymətləndirə bilməyib. Çünki Karapetyan Ermənistan hakimiyyətinə qarşı mövqeyini ortaya qoydu və kiçik Tramp da bu mövqeyin təsiri altına düşdü. Məsələnin mahiyyətini öyrənmək üçün qarşı tərəfin də mövqeyini eşitmək lazımdır. Nikol Paşinyan hakimiyyəti ABŞ və bütövlükdə Qərb dünyası üçün çox dəyərlidir. Bu cür mənasız müsahibənin təsiri altına düşüb Paşinyanı nüfuzdan salan addım atmaq, özü də bu addımı seçkilərə az qaldığı bir zamanda atmaq son dərəcə yanlışdır. Kilsə rusiyayönümlü qüvvələrin önündə gedir, həmin qüvvələrin sanki baş qərargahıdır. Bu səbəbdən kilsə təkcə Ermənistan üçün yox, ABŞ üçün də ciddi təhlükədir. Kilsənin rəhbərliyinin dəyişməsi, normal insanların erməni kilsəsinin rəhbərliyinə gətirilməsi ABŞ-nin də maraqlarına uyğundur. Ümumiyyətlə, ABŞ və Qərb qarşıdan gələn parlament seçkilərində daha aktiv mövqe tutmalıdırlar. Ən azı Rusiya qədər fəal olmalıdırlar. Əks halda, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, ən azı onun burada gücünü azaltmaq mümkün olmayacaq”.

A.Səmədov güman edir ki, kiçik Tramp məsələnin mahiyyətini dərindən öyrənəndən sonra administrasiyadan, atasından zəruri məlumatları alandan sonra Ermənistana səfər barədə yenidən düşünəcək və daha məhsuldar, daha faydalı səfəri reallaşdıracaq: “Bu səfər eyni zamanda Paşinyan hakimiyyətinin nüfuzunun artmasına da xidmət edəcək. Bəlkə də noyabrın 12-də Ermənistana getmək qərarını ləğv etmək Ermənistan hakimiyyətinin xeyrinədir. Bu səfəri seçkilərə yaxın dövrdə reallaşdırmaq daha faydalı olacaq. Ancaq bu səfər və buna bənzər səfərlər, daha yüksək rütbəli administrasiya nümayəndələrinin Paşinyana dəstək verməsi çox vacibdir. Əks halda, qarşıdan gələn parlament seçkilərində birləşmiş blok kimi çıxış edən rusiyayönümlülər qalib gələcək və ikinci "İvanişvili fəlakəti" Ermənistanda reallaşacaq. Bunun da nəticələrindən biri ABŞ-nin “Tramp yolu” adlandırdığı Zəngəzur dəhlizinin açılmasının qarşısının alınması olacaq. Bu barədə ABŞ rəhbərliyi ciddi düşünməlidir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR