İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Dövlətləri Təşkilatı İslam dünyası üçün yeni platforma rolunda

Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının keçirilməsi Türk dünyası, Qafqaz və İslam aləmi arasında mənəvi bağların və həmrəyliyin gücləndirilməsi baxımından mühüm hadisə oldu.

Konfrans çərçivəsində dini-mənəvi dəyərlərin qorunması,Türk dünyası dövlətləri arasında dini və mədəni əlaqələrin daha da gücləndirilməsi, eləcə də müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Türk və İslam dünyası arasında birləşdirici rolunu vurğulayıb və müsəlman ölkələrinin vahid ailə kimi bir araya gəlməsinin vacibliyini diqqətə çatdırıb. Prezident həmçinin çıxışında Azərbaycanın Türk dünyası, Qafqaz və İslam aləmi arasında birləşdirici rolunu vurğulayıb.

Bəs, türk dünyası ölkələrinin əhəmiyyətli hissəsini özündə birləşdirən Türk Dövlətləri Təşkilatı kimi təşkilatın mövcud olması, fəaliyyəti İslam dünyasının güclənməsində hansı yeni imkanlar aça, hansı töhfələri verə bilər?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Musavat.com-a bildirib ki, TDT türk-müsəlman ölkələri arasında daha sıx əməkdaşlıq üçün əlavə platforma yaradan təşkilat kimi çıxış edə bilər: “Hazırda TDT-nin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan olmaqla beş üzvü var. Təşkilatın əməkdaşlıq sahələri siyasi və iqtisadi məsələlərdən tutmuş enerji, nəqliyyat, təhsil, mədəniyyət və müsəlman dini qurumları arasındakı əməkdaşlığa qədər genişlənib.

TDT İslam dünyasına yeni imkanlar yaradan mühüm regional platformaya çevrilir. Türk Dövlətləri Təşkilatının güclənməsi İslam dünyasında yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Burada söhbət İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini əvəz etməkdən deyil, türk-müsəlman ölkələrinin mövcud potensialını daha yaxşı əlaqələndirməkdən gedir.

TDT-nin üstün cəhətlərindən biri ondan ibarətdir ki, təşkilat artıq siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil, səhiyyə, mədəniyyət, humanitar məsələlər və müsəlman dini qurumları arasında əməkdaşlıq kimi çoxsaylı istiqamətləri əhatə edir. Təşkilatın İƏT, İSESKO və digər beynəlxalq qurumlarla əməkdaşlıq mexanizmlərinin olması isə bu platformanın İslam dünyasının daha geniş institusional sistemi ilə əlaqələndirilməsi üçün imkan yaradır”.

Deputat qeyd edib ki, TDT ölkələrinin beynəlxalq təşkilatlarda ayrı-ayrılıqda malik olduqları imkanların müəyyən məsələlər üzrə əlaqələndirilməsi İslam dünyasının ümumi gündəliyinə əlavə dəstək verə bilər. TDT-nin artıq təhsil, elm, texnologiya, innovasiya və mədəni əlaqələr üzrə mexanizmləri mövcuddur. Bu imkanların digər müsəlman ölkələrinin universitetləri, tədqiqat mərkəzləri və gənclər təşkilatları ilə birləşdirilməsi İslam dünyasında bilik və texnologiya mübadiləsini sürətləndirə bilər”.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR