Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə Abşeronun Novxanı kəndində həyat yoldaşı tərəfindən qətlə yetirilən tanınmış plastik cərrah Türkan Gündüzün qızı Həlimə Gündüz videoaçıqlama yayaraq ailəsinin üzləşdiyi problemlərdən danışıb.
Musavat.com xəbər verir ki, Həlimə Gündüz anasının qətlinə görə 17 il müddətinə azadlıqdan məhrum edilən atalığı Məhəmməd Gündüz tərəfindən müxtəlif vasitələrlə narahat edildiyini iddia edib.
M.Gündüzün hazırda cəzaçəkmə müəssisəsində olduğunu bildirən Həlimə onun telefon zəngləri və vasitəçilər vasitəsilə özünə və ailə üzvlərinə psixoloji təzyiq göstərdiyini deyib.
Həlimə Gündüz anasından qalan əmlaklarla bağlı da problemlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Nərimanov rayonunda anasına məxsus evdə yaşayan kirayəçiyə təzyiq göstərilir və onun evdən çıxmasına nail olunmağa çalışılır. O, videoaçıqlamasında vəziyyətin psixoloji durumuna və təhsilinə ciddi təsir etdiyini deyib:
“Mənim həqiqətən psixologiyam artıq dözmür. Artıq üç ildir anam olmadan yaşayıram. Necə yaşayacağımı bilmirəm. Mən məktəbimi necə oxuyum? Anamın istədiyi kimi təhsilimi başa vurub Azərbaycanda xeyirxah həkim necə olum? Mən bunu edə bilmirəm. Çünki bunlar mənə imkan vermirlər. Bunlar mənim hər qazancımda, anamdan mənə çatan hər gəlirdə problem yaradırlar. Dedilər ki, orada vəkil tutublar, vəkilə pul verirlər, vəkillə qapıya gəlirlər. Mən kirayəçimlə bağlı belə narahat edilirəmsə, mən haradan pul qazanmalıyam? Mənim sadəcə iki yerdən gəlirim var – Türkiyədən və Azərbaycandan. Amma bunlar buna da imkan vermirlər. Buna nə birinci evliliyindən olan insan imkan verir, nə də özü. Hətta bir adamı öldürüb, elə bil mənə bu qədər dərd yaşatması kifayət deyilmiş kimi, indi də anamın adına olan miraslarla bağlı problem yaradır. Öz qızlarının, balaca bacımın qarşısında belə hərəkətlər edir. Balaca bacım aylarla danışa bilmədi. İndi də bizim anamızın əmlakından aldığımız pulları bizə çox görürlər. Bu, necə utandırıcı bir şeydir, bilirsiniz? Birinci evlilikdən olan Büşra Gündüz – Bakı Dövlət Universitetində psixologiya oxuyan qız – onunla bağlı da aidiyyəti qurumların araşdırma aparmasını istəyirəm. Çünki o, yetim və atasız qalan uşaqların haqqına göz dikir. Gedib anamın adına olan evə, kirayəçiyə deyir: “Çıx, mən burada oturacağam”. Atasının başını bişirib, əmlakdan 50 faiz pay alan bir insandır. Sonra isə evlilik dövründə alındığına görə anamın haqqını böldülər.
Mən bezdim, yoruldum! Biz nə yeməliyik, nə içməliyik? Biz necə oxumalıyıq? Biz necə gələcəyimizi quraq? Niyə Azərbaycan dövləti bu qız uşaqlarına kömək etmir? Niyə bu qız uşaqlarının yanında olmur? Mən buna üsyan edirəm”.
Həlimə Gündüz Türkiyədə tibb təhsili aldığını və yaranmış vəziyyətin onun həm maddi durumuna, həm də təhsilinə ciddi təsir etdiyini bildirib: “Türkiyədə tibb təhsilimi davam etdirmək üçün maddi və mənəvi olaraq çox çətin, çıxılmaz bir vəziyyətə düşmüşəm”.
O, bacısı ilə birlikdə anasının ölümündən sonra ağır psixoloji sarsıntılar keçirdiyini də deyib. Həlimənin sözlərinə görə, son üç il ərzində ailəsi müxtəlif məhkəmə prosesləri və əmlak məsələləri ilə bağlı problemlərlə üzləşib. Gənc qız dövlət qurumlarına müraciət edərək ailəsinin hüquqlarının qorunmasını istəyib. O, cəzaçəkmə müəssisəsindən edilən zənglərin və ailəsinə göstərilən təzyiqlərin qarşısının alınmasını, hüquqi yardım göstərilməsi üçün vəkil ayrılmasını tələb edib.
Qeyd edək ki, tanınmış plastik cərrah və proktoloq Türkan Gündüz 2023-cü il mayın 7-də Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən bağ evində qətlə yetirilib. Araşdırmalar zamanı Türkiyə vətəndaşı Məhəmməd Gündüzün həyat yoldaşına bıçaqla xəsarətlər yetirərək onu öldürdüyü müəyyən edilib. Türkan Gündüz bir sıra tanınmış klinikalarda, o cümlədən Türkiyənin “Acıbadem” xəstəxanasında çalışıb. Onun son iş yeri Bakıda yerləşən “City Hospital” klinikası olub.
Məhəmməd Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. 2026-cı ilin fevralında Ali Məhkəmə onun kassasiya şikayətini təmin etməyərək əvvəlki məhkəmə qərarlarını qüvvədə saxlayıb.
Şahanə Rəhimli
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ