Onlayn ictimai-siyasi qəzet
Türkiyə yaxın günlərdə Şimali Atlantika Alyansının (NATO) növbəti sammitinə ev sahibliyi etməyə hazırlaşır. Hazırlıq prosesi yalnız təhlükəsizlik və təşkilati məsələlərlə məhdudlaşmır. Rusdilli “Yeni Şafak” nəşrinin məlumatına görə, Ankaranın mərkəzi küçələrində Türkiyə müdafiə sənayesinin məhsullarını əks etdirən iri reklam bannerləri yerləşdirilir.
İlk baxışdan bu, sadəcə vizual təqdimat kimi görünə bilər. Lakin siyasi müşahidəçilər hesab edirlər ki, bu addım NATO sammiti fonunda Türkiyənin hərbi-sənaye kompleksinin imkanlarını nümayiş etdirmək və potensial sifarişçilərə mesaj vermək məqsədi daşıyır. Sammitin əsas mövzularından biri NATO ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsi olacaq. Ukraynadakı müharibə və Rusiya ilə qarşıdurma ehtimalının artması Avropa dövlətlərini uzun illər davam edən hərbi ixtisar siyasətini yenidən nəzərdən keçirməyə məcbur edib. "Soyuq müharibə"nin başa çatmasından sonra bir çox Avropa ölkələri müdafiə xərclərini azaldaraq vəsaiti sosial layihələrə yönəltmişdi. Lakin hazırkı geosiyasi vəziyyət göstərir ki, bir sıra ölkələrin silahlı qüvvələri, xüsusilə də texniki təminat baxımından ciddi problemlərlə üzləşib.
Məhz belə bir şəraitdə Türkiyənin hərbi sənayesi Avropa üçün cəlbedici alternativ kimi görünür. Son illərdə Ankara bu sahədə ciddi inkişaf əldə edib və artıq tanklar, pilotsuz uçuş aparatları, qanadlı raketlər, reaktiv yaylım atəş sistemləri, artilleriya qurğuları, hərbi gəmilər və digər müasir silah sistemləri istehsal edir. Xüsusilə diqqətçəkən məqamlardan biri Türkiyənin dünyada ilk pilotsuz döyüş təyyarələrindən biri hesab edilən “Kızılelma” layihəsidir. Bundan başqa, Türkiyə istehsalı olan silahların NATO standartlarına uyğunluğu və qiymət-keyfiyyət balansının yüksək olması onları Avropa bazarında rəqabətqabiliyyətli edir.
Ekspertlərin fikrincə, Avropanın öz hərbi-sənaye kompleksi olsa da, istehsal gücü artan tələbatı tam qarşılamaq üçün kifayət etmir. Digər tərəfdən, Avropa istehsalı olan silahların yüksək qiyməti dövlət büdcələrinə əlavə yük yaradır.
Bu səbəbdən NATO ölkələri daha sərfəli və operativ təchizat imkanları təqdim edən alternativ istehsalçılara üz tutmağa başlayırlar. Türkiyə isə məhz bu boşluğu doldura biləcək ölkələrdən biri hesab edilir.
Əvvəllər Avropa üçün əsas alternativ ABŞ hesab olunurdusa, hazırda Türkiyə də bu sırada ön plana çıxmağa başlayır. NATO sammiti isə Ankaraya müdafiə sənayesinin imkanlarını nümayiş etdirmək və yeni ixrac müqavilələri əldə etmək üçün mühüm platforma rolunu oynaya bilər. Türkiyə NATO sammitində əsas hədəflərindən biri də ölkənin dünya siyasətində yerini bir daha müəyyən etmək baxımından da mühümdür.![]()
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-da Türkiyə üçün yaranan fürsətdən danışdı: “İndi NATO-nun növbəti Sammitinin Türkiyədə keçirilməsi bəlkə də zaman baxımından ən uğurlu bir vaxtdır. Məlumdur ki, son bir ildən artıq zaman kəsiyində ABŞ prezidenti Donald Tramp Avropanın NATO-ya üzv olan ölkələrindən hərbi xərcləri artırmalarını və onu ən azından ümumi daxili məhsulun 5%-i səviyyəsinə yüksəltməyi tələb etdir. Avropa ölkələrindən fərqli olaraq Türkiyə öz hərbi sənayesini yüksələn xətlə inkişaf etdirir. Son 10 ildə Türkiyənin hərbi sənayesinin illik ümumi dövriyyəsi 5 milyard dollardan 20 milyard dollara qədər - yəni 4 dəfə artırmış və hazırda icrada olan müdafiə sənayesi layihələrinin ümumi büdcə dəyəri 100 milyard dollardan çoxdur və bu çərçivədə 1100-dən çox yerli layihə reallaşdırılır. Son 10 ildə hərbi sənaye məhsullarının ixracı 6 dəfədən çox artıb. Müdafiə sənayesinin ölkənin ümumi ixracatındakı payı 2022-ci ildə 1.7% olduğu halda, 2025-ci ildə iki dəfədən çox artaraq 3.7%-ə çatıb. Əvvəllər ixracat əsasən Yaxın Şərq və Afrika ölkələri ilə məhdudlaşırdısa, son illərdə İspaniya, Portuqaliya, Rumıniya və Polşa kimi NATO və Avropa İttifaqı ölkələrinə də hərbi gəmilər (məsələn, MİLGEM korvetləri), zirehli maşınlar və aviasiya texnikaları (HÜRJET) satılmağa başlanıb. Əlbəttə ki, bu ixracatın lokomotivi rolunu məşhur PUA-lar (Bayraktar TB2, Akıncı və s.) və ağıllı sursatlar oynayır. Türkiyə artıq xarici hərbi asılılığı tamamilə minimuma endirməklə yanaşı, dünyada rəsmən ilk 11-12-ci əsas silah tədarükçüsü səviyyəsinə yüksəlib və qlobal bazarda payını 1.5%-ə çatdırıb. NATO sammitinin Türkiyədə keçirilməsi Türkiyə hərbi sənayesini bundan daha üstün sürətlə inkişaf etdirmək üçün bir fürsətdir”.
Cavanşir Abbaslı
Musavat.com
03 Iyul 2026
02 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ