Onlayn ictimai-siyasi qəzet
Türkiyədə şəhid ailələri, qazilər, müharibə və xidməti vəzifə zamanı əlil olmuş şəxslərin sosial təminatını genişləndirən yeni qanun parlamentin Baş Assambleyasında qəbul edilib. Dəyişikliklər şəhidlərin valideynlərindən övladlarına qədər ailə üzvlərinə verilən təminatları, qazilərin aylıqlarını, təhsil, mənzil, nəqliyyat və kommunal güzəştlərini əhatə edir.
Musavat.com xəbər verir ki, Türkiyədə şəhid ailələri və qazilərlə bağlı hüquqlar vahid bir güzəştdən ibarət deyil. Şəxsin hansı şəraitdə şəhid olması və ya əlil qalması, onun hərbçi, müddətli həqiqi hərbi xidmət keçən əsgər, polis, jandarm, təhlükəsizlik qorucusu və ya mülki şəxs olması, eləcə də hadisənin terrorla mübarizə və ya müharibə ilə bağlılığı hüquqların dairəsinə təsir göstərir. Əsas təminatlar 2330, 3713, 5434 və 5510 saylı qanunlarla tənzimlənir.
Yeni qəbul edilən dəyişikliklərin mühüm hissələrindən biri şəhidlərin və xidməti vəzifə əlillərinin valideynləri ilə bağlıdır. Yeni qayda ilə müvafiq kateqoriyaya daxil olan və həyatını itirən şəxslərin ana və atasına verilən ümumi aylığın bir aylıq xalis minimum əməkhaqqından aşağı olmaması təmin edilir.
Şəhidin anası və atası hansı hüquqlara malikdir?
Türkiyə qanunvericiliyinə görə, müharibə əlilliyi yaradan səbəblərdən, həmçinin 2330 və 3713 saylı qanunların əhatə etdiyi vəzifələrin icrası zamanı həyatını itirən şəxslərin, eləcə də xidməti vəzifə əlilliyi qaydaları çərçivəsində həyatını itirən əsgər və çavuşların ana və atasına aylıq bağlanır.
Bu kateqoriyada valideynlər üçün əvvəllər tətbiq olunan maddi ehtiyac şərti də ləğv edilib. Başqa sözlə, şəhidin anasının və ya atasının öz gəlirinin olması onların avtomatik olaraq bu hüquqdan məhrum edilməsi demək deyil.
Həyat yoldaşı və uşaqlar
Şəhidin həyat yoldaşı və qanunla hüquq sahibi hesab edilən uşaqları SGK vasitəsilə dul və yetim aylığı ala bilirlər. Bununla yanaşı, şəhid övladlarına ayrıca təhsil təminatları verilir.
2025–2026-cı tədris ili üçün SGK-nın açıqladığı illik təhsil yardımı ibtidai və orta məktəbin 1–8-ci siniflərində oxuyanlar üçün 17 553,16 lirə, orta təhsil pilləsində 26 329,74 lirə, ali məktəb tələbələri üçün isə 35 106,33 lirə təşkil edib.
Bu yardım şəhid övladları ilə yanaşı, müharibə və xidməti vəzifə əlillərinin özlərinə və təhsil alan uşaqlarına da müəyyən edilmiş şərtlərlə verilir. Ödəniş, bir qayda olaraq, ildə bir dəfə həyata keçirilir.
Şəhid övladları üçün ali təhsil və özəl təhsil müəssisələri ilə bağlı da ayrıca güzəştlər mövcuddur.
Bəs şəhidin bacı və qardaşları?
Şəhidin bacı və qardaşı avtomatik olaraq həyat yoldaşı, övladı, ana və ata ilə eyni həcmdə bütün şəhid yaxını hüquqlarını əldə etmir.
Lakin bacı və qardaşlar tamamilə hüquqlardan kənarda da qalmırlar. Konkret qanun və ailə vəziyyətindən asılı olaraq onlar dövlət işinə yerləşdirmə hüququndan yararlana bilirlər.
Məsələn, 2330 saylı qanun çərçivəsində həyatını itirən şəxsin ailəsinə ümumilikdə iki məşğulluq hüququ nəzərdə tutulur. Hüququn bölgüsündə həyat yoldaşı və ya uşaqlardan biri ilə yanaşı ana, ata və ya bacı-qardaşlardan biri də nəzərdə tutula bilər. Həyat yoldaşı və uşaqlar yoxdursa, müəyyən hallarda iki bacı və ya qardaş bu hüquqdan istifadə edə bilər.
Şəhidin qardaşları üçün hərbi xidmətdən azadolma ilə bağlı da xüsusi qaydalar mövcuddur. Hərbi xidmət zamanı həyatını itirən və ya ağır əlil olan şəxsin qardaşlarından biri müəyyən şərtlərlə hərbi xidmətə çağırılmaya bilər. Terrorla Mübarizə Qanununun əhatə etdiyi bəzi hallarda isə daha geniş azadolma hüququ tətbiq olunur.
Beləliklə, şəhidin bacı və qardaşları bütün güzəştləri avtomatik əldə etməsələr də, məşğulluq, hərbi xidmətdən azadolma və konkret qanunlarla müəyyən edilmiş digər hüquqlardan yararlana bilərlər.
Şəhid ailəsinə birdəfəlik kompensasiya
Türkiyədə müəyyən təhlükəsizlik, terrorla mübarizə və hərbi xidmət hallarında şəhid olan şəxslərin qanuni varislərinə birdəfəlik pul kompensasiyası da nəzərdə tutulur.
Müvafiq qanunlar çərçivəsində şəhid olanların qanuni varislərinə ən yüksək dövlət məmurunun ümumi aylığının əlavə göstərici daxil olmaqla 100 misli əsasında nağd kompensasiya hesablanır.
Əlil olanlara isə əlillik dərəcəsindən asılı olaraq həmin baza məbləğinin müəyyən hissəsi ödənilir. Başqasının daimi yardımına ehtiyac duyacaq dərəcədə ağır əlillik halında kompensasiyanın məbləği daha yüksək müəyyən edilir.
Müharibədə və hərbi xidmət zamanı əlil olanların statusu
Türkiyə qanunvericiliyində “vazife malulü” – xidməti vəzifə əlili və “harp malulü” – müharibə əlili anlayışları fərqləndirilir.
Müharibədə bilavasitə atəş altında, döyüş bölgəsində hərbi əməliyyat və xidmət zamanı, düşmən silahının təsiri nəticəsində və qanunla göstərilən digər hərbi şəraitdə əlil olan hərbçilərə “harp malulü” statusu verilə bilər. Bu şəxslərə müharibə əlilliyi aylığı bağlanır.
Xidməti vəzifənin icrası ilə əlaqədar əlillik isə ayrıca “vazife malullüğü” rejimi ilə qiymətləndirilir. Yəni hərbi qulluqçunun mütləq müharibədə yaralanması tələb olunmur. Əsas məsələlərdən biri əlilliklə xidməti vəzifə arasında səbəb-nəticə əlaqəsinin olmasıdır.
Yaralanıb, amma qazi sayılmayanlara yeni hüquq
Yeni qanunun diqqətçəkən yeniliklərindən biri indiyədək yaralanmasına baxmayaraq qazi hüquqlarından tam istifadə edə bilməyən şəxslərlə bağlıdır.
Terrorla mübarizə zamanı güllə, qəlpə, mina, əldəqayırma partlayıcı, minaatan, raket, qumbara və digər partlayıcı sursat nəticəsində yaralanmış, yaxud partlayışın təzyiq və istilik təsirinə məruz qalmış, lakin mövcud meyarlara görə əlillik dərəcəsi müəyyən edilmədiyi üçün qazi hüquqlarından tam istifadə edə bilməyən şəxslər üçün ayrıca mexanizm yaradılır.
Müəyyən tibbi şərtlərin təsdiqlənməsi halında həmin şəxslərə aylıq bağlanması nəzərdə tutulur.
Dəyişiklik hərbi qulluqçular və əsgərlərlə yanaşı Jandarma, Sahil Təhlükəsizlik Komandanlığı, MİT, polis, hərbi məktəb tələbələri və təhlükəsizlik qorucularının müəyyən kateqoriyalarını da əhatə edir.
Ağır əlil qazilərə ödəniş artırılır
Başqasının yardımı olmadan gündəlik həyatını davam etdirə bilməyəcək dərəcədə ağır əlil olan qazi və xidməti vəzifə əlillərinə verilən əlavə dəstək də artırılır.
İndiyədək xalis minimum əməkhaqqının iki misli səviyyəsində olan müvafiq ödəniş yeni dəyişikliklə 2,5 mislə qaldırılır.
Mənzil almaq üçün faizsiz kredit
Müharibə və xidməti vəzifə əlillərinə, eləcə də müvafiq qanunlar üzrə həyatını itirənlərin dul və yetimlərinə TOKİ vasitəsilə bir mənzillə məhdud olmaqla faizsiz mənzil krediti verilə bilər.
Şəhidin həyat yoldaşı yoxdursa və ya yenidən ailə qurubsa, müəyyən şərtlərlə uşaqlar, onlar olmadıqda isə ilk növbədə ana olmaqla valideynlər bu imkandan yararlana bilirlər.
Elektrik, su və qazda güzəştlər
Müvafiq kateqoriyaya daxil olan müharibə və xidməti vəzifə əlilləri, şəhidlərin dul və yetim aylığı alan yaxınları üçün yaşayış yerində istifadə edilən elektrik enerjisində ən azı 40 faiz güzəşt nəzərdə tutulur.
Şəhid ailələri, döyüş və əlil qazilər üçün təbii qazda da böyük güzəşt tətbiq olunur. 2 iyul 2025-dən qüvvədə olan sistemə əsasən fərdi yaşayış abonentliyində qazın topdansatış qiymətinə 50 faiz endirim edilir.
Qanunvericilikdə şəhid ailələri və qazilər üçün su ödənişlərində də güzəştlər nəzərdə tutulur.
Nəqliyyatdan pulsuz istifadə
Müəyyən edilmiş kateqoriyalarda hüquq sahibinin özü ilə yanaşı həyat yoldaşı, ana və atası, həmçinin evli olmayan və 25 yaşı tamam olmamış uşaqları pulsuz səyahət kartı ala bilirlər.
Bu hüquq şəhərdaxili və qanunvericiliklə müəyyən edilmiş digər ictimai nəqliyyat imkanlarını əhatə edir.
Dövlət işinə qəbul hüququ
Şəhid ailələri, qazilər və qazi yaxınlarının mühüm sosial təminatlarından biri dövlət sektorunda işlə təmin edilmə hüququdur.
2330 saylı qanun üzrə şəhid ailəsində ümumilikdə iki nəfərin iş hüququ yarana bilər. Ailənin tərkibindən asılı olaraq bu hüquq həyat yoldaşı, övlad, ana, ata, bacı və ya qardaş arasında qanunda göstərilən qaydada bölüşdürülə bilər.
Beləliklə, Türkiyədə şəhid ailələrinə verilən təminatlar yalnız aylıq ödənişlə məhdudlaşmır. Sistem şəhidin həyat yoldaşı, uşaqları və valideynləri üçün aylıq və kompensasiyadan tutmuş təhsil, dövlət işinə qəbul, faizsiz mənzil krediti, pulsuz nəqliyyat və kommunal güzəştlərə qədər geniş sosial təminatlar nəzərdə tutur.
Bacı və qardaşların hüquqları daha məhduddur və əsasən ailənin tərkibindən, digər hüquq sahiblərinin olub-olmamasından və şəhidliyin hansı qanunun əhatəsinə düşməsindən asılıdır.
Yeni qanunla xüsusilə şəhid valideynlərinin minimum gəlir təminatının gücləndirilməsi, ağır əlil qazilərin ödənişlərinin artırılması və yaralanmasına baxmayaraq əlillik meyarına düşmədiyi üçün qazi hüquqlarından tam yararlana bilməyən şəxslərin əhatəyə alınması nəzərdə tutulur.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ