Onlayn ictimai-siyasi qəzet
Bu gün saat 23:00- da start götürəcək Futbol üzrə Dünya Çempionatında azərbaycanlı azarkeşlərin birmənalı şəkildə dəstəklədiyi bir milli var. O da qardaş ölkə Türkiyənin "ay-ulduzlular"ıdır. Bu mundial türk millisinin qarşısında tarixi imkan açıb.
Belə ki, püşkün və turnir cədvəlinin mümkün inkişaf ssenarilərinə nəzər saldıqda, ay-ulduzluların yarımfinala qədər irəliləməsi üçün kifayət qədər əlverişli yolun mövcud olduğu görünür.
Türkiyə üçün ən ideal variant öz qrupunda birinci yeri tutmaq və eyni zamanda H qrupunda İspaniyanın lider olmamasıdır. Bu halda türklər 1/16 final mərhələsində digər qrupların üçüncü pillədə qərarlaşan komandalarından biri ilə qarşılaşacaqlar ki, bu da nisbətən rahat rəqib deməkdir.
Belə bir ssenaridə Türkiyənin 1/8 finaldakı potensial rəqibi ən pis halda Belçika ola bilər. Daha sonra isə 1/4 finalda Uruqvay və ya Xorvatiya kimi orta səviyyəli, lakin keçilməsi mümkün rəqiblərlə üz-üzə gəlmək ehtimalı yaranır. Təbii ki, bunun üçün İngiltərə, Portuqaliya və Argentina kimi favoritlərin öz qruplarında birinci yeri tutması vacib şərtlərdən biridir.
Lakin burada diqqət çəkən məqam İspaniyanın mövqeyidir. Əgər ispanlar öz qruplarını lider kimi başa vursalar, 1/4 finalda Türkiyə ilə İspaniyanın yolları kəsişə bilər. Bu isə ay-ulduzlular üçün arzuolunmaz variant sayılır. Bununla belə, Türkiyə mümkün sürprizə imza ataraq İspaniyanı mübarizədən kənarlaşdıra bilsə, yarımfinalda onu Almaniya, Fransa və ya Hollandiya kimi nəhənglərdən biri gözləyə bilər. Bunun üçün həmin komandaların da öz qruplarında birinci yerləri tutmaları lazımdır.
Beləliklə, Türkiyənin yarımfinala qədər nisbətən rahat irəliləməsi üçün üç əsas şərt ön plana çıxır:
Türkiyə öz qrupunu lider tamamlamalıdır. Mövcud vəziyyətə görə bu, kifayət qədər real görünür, çünki ay-ulduzlular qrupun əsas favoritlərindən hesab olunur.
İngiltərə, Portuqaliya və Argentina öz qruplarında birinci yeri tutmalıdırlar. Bu ssenarinin də baş vermə ehtimalı yüksək qiymətləndirilir.
İspaniya qrup lideri olmamalıdır. Bu variantın ehtimalı digər şərtlərlə müqayisədə daha aşağı olsa da, mümkünsüz deyil. Xüsusilə Uruqvayın ispanlara ciddi problem yarada biləcəyi istisna edilmir.
Alternativ ssenaridə Türkiyə qrupunu ikinci pillədə başa vurarsa, vəziyyət xeyli mürəkkəbləşəcək. Bu halda ay-ulduzlular 1/16 finalda ən pis halda Misirlə qarşılaşa bilər. Daha sonra isə 1/8 finalda son dünya çempionu Argentina, 1/4 finalda isə böyük ehtimalla Portuqaliya kimi ağır rəqiblər Türkiyənin yoluna çıxacaq.
Məhz buna görə də ən əlverişli variant Türkiyənin qrup lideri olması və turnir cədvəlinin onun xeyrinə formalaşmasıdır. Bu ssenari gerçəkləşərsə, ay-ulduzlular yarımfinala qədər dünya futbolunun ən böyük favoritləri ilə qarşılaşmadan irəliləmək şansı qazana bilər və bəlkə də 2002-ci ildən sonra yenidən dünya futbolunun ən böyük uğurlarından birinə imza atar.
Cavanşir Abbaslı
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ