İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna yavaş-yavaş Rusiyaya uduzur” deyən Zelenskinin sabiq nazirnə Bakıdan REAKSİYA

Ukrayna-Rusiya müharibəsində cəbhədə vəziyyətin Kiyev üçün getdikcə daha mürəkkəb xarakter aldığı barədə açıqlamalar səngimir. Bu dəfə Ukraynanın sabiq müdafiə naziri Mixaylo(Mixail) Fedorovun fikirləri diqqət çəkib.

Onun “Ukrayna yavaş-yavaş müharibədə Rusiyaya uduzur” sözləri Kiyevin hərbi və siyasi strategiyası ilə bağlı ciddi suallar doğurub. Ukraynanın keçmiş müdafiə naziri hesab edir ki, Kiyevin müharibənin gedişatını öz xeyrinə dəyişə biləcək mühüm qərarları qəbul etmək üçün çox az vaxtı qalıb. Onun sözlərinə görə, hazırda Ukraynanın qarşısında dönüş nöqtəsi yaranıb və bundan sonra veriləcək qərarlar ölkənin gələcək taleyinə birbaşa təsir göstərə bilər.

Михаил Федоров биография, фото, карьера, личная жизнь

Fedorov daha sərt mövqe ortaya qoyaraq bildirib ki, Kiyevin dörd il 6 aydır davam edən müharibədə necə qalib gələcəyinə dair aydın strategiyası yoxdur. Onun fikrincə, Ukraynanın mövcud imkanları müharibənin yeni reallıqlarına uyğunlaşdırılmadığı təqdirdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi çətinləşəcək.

“Düşünürəm ki, hazırda gələcək istiqamətimizi müəyyən edəcək dönüş nöqtəsi gəlib çatıb. Amma vəziyyətdən görünən budur ki, tədricən, yavaş-yavaş məğlub oluruq”, - Fedorov bildirib. Bununla belə, sabiq müdafiə naziri Ukraynanın müharibəni uduzduğunu qəti şəkildə elan etmir. Əksinə, o hesab edir ki, Kiyevin hələ də qalib gəlmək imkanları var.

Bu arada onu da qeyd edək ki, Fedorovun açıqlamasına Ukrayna Prezident Administrasiyasından da reaksiya gəlib. Administrasiya onun müdafiə naziri olduğu dövrdə müharibənin gedişatı ilə bağlı daha müsbət fikirlər səsləndirdiyini xatırladıb. Kiyevin mövqeyinə görə, dəyişən əsas məqam müharibə deyil, Fedorovun şəxsi statusudur. Fedorov həqiqətən Ukraynanın cəbhədəki vəziyyətinin pisləşdiyini gördüyü üçünmü danışır, yoxsa vəzifədən uzaqlaşdırıldıqdan sonra Zelenski administrasiyasına qarşı tənqidi mövqeyə keçib?

Əslində, məsələyə yalnız “sabiq nazir vəzifədən çıxarıldığı üçün belə danışır” prizmasından yanaşmaq da doğru olmazdı. Fedorov müdafiə naziri vəzifəsində çalışdığı dövrdə Ukrayna ordusunun real problemləri ilə kifayət qədər yaxından tanış olub. Buna görə onun söylədiklərinin müəyyən hissəsinin daxildə mövcud olan problemlər barədə şəxsi müşahidələrə əsaslanması mümkündür. Burada əsas məsələ isə onun “yavaş-yavaş məğlub oluruq” ifadəsinin nə dərəcədə real vəziyyəti əks etdirməsidir.

Zelenskinin komandası niyə sabiq nazirin sözlərinin məzmunundan daha çox onun vəzifədən getməsinə diqqət çəkir? Fedorovun sözləri vəzifədən çıxarıldığı üçün səsləndirilən siyasi mesajdır, yoxsa Ukrayna cəbhəsindəki reallığın pərdəarxasında getdikcə daha ciddi problemlər yaranır?


Əli Orucov: "Müharibədə balans Kiyevin xeyrinə dəyişir"

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a dedi ki, Rusiya-Ukrayna müharibəsi daha aktiv fazaya qədəm qoyub: “Qış ərəfəsində arsenaldakı bütün vasitələrdən istifadə edərək tərəflər əzici üstünlüyə nail olmağa çalışırlar. Qışda hərbi əməliyyatlar ləng gedir və enerji sektorunun ziyan çəkməsi sosial problemləri də artırır. Təsadüfi deyil ki, Moskva və Kiyev maksimum dərəcə bir-birlərinə daha çox zərər vurmaqda, müharibənin miqyasını genişləndirməkdədir. Rusiya ilə müqayisədə Ukraynanın zəif tərəfləri var. Xüsusən də Rusiya hava sahəsində üstünlüyünü saxlayır. Qərb tərəfindən vəd olunan hava hücumundan etibarlı müdafiəsi hələ gerçəkləşməyib. Ukraynanın müdafiəsi üçün lazım olan silah sursat demək olar xaricdən tədarük edilir. Maliyyə asılılığı qalır. Ən vacibi canlı qüvvə çatışmazlığı getdikcə daha artıq hiss olunmaqdadır. Lakin Rusiya üçün də problemlər mövcuddur. Qərbin tətbiq etdiyi sanksiyalar müharibəni yetərincə maliyyələşdirə bilmir. Həm enerji, həm də logistika sektorunda böyük itkilər verib. Faktiki olaraq yanacaq böhranı yaşayır. Müharibənin ilk dönəmlərindən fərqli olaraq Rusiya cəmiyyətində bədbin əhval-ruhiyyə yaranmaqdadır və psixoloji sarsıntılar insanlar arasında atır. Bir ümidsizlik yaranır. Canlı qüvvə çatışmazlığı Rusiyanı məcbur edir ki, xaricdən muzdlular cəlb etsin və yaxud Şimali Koreyadan on minlərlə döyüşçü gətirsin. Yəni tərəflərin zəif və üstünlükləri var. Ancaq Qərbin təhlükəsizliyi üçün Ukraynanın bütöv qalması və qalib çıxması çox vacib olduğundan, göstərilən dəstək də davamlı olacaq. Ola bilsin Fedorov bəzi məsələlərdə pessimizmə yaxud şişirtmələrə yol verir. Onun daha yüksək postalara qalxmaq iddiası vardı. Bəlkə də həmin iddianın gerçəkləşməməsi onu bir qədər subyektivliyə, qeyri-obyektivliyə yuvarlamış olsun. O məlumatlı şəxs olsa da Ukraynanın müharibəni davam etdirməsi üçün strategiyasının tükəndiyini söyləməsi fikrimcə hələ tezdir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR