İnsanlara hürriyət, millətlərə istiqlal!

Universitetlərdə təhsil haqqı Avropa səviyyəsində, bəs keyfiyyət? - MÜQAYİSƏ

“Abituriyent” jurnalının son sayında dərc olunan 2026/2027-ci tədris ili üzrə illik təhsil haqları cəmiyyətdə ciddi müzakirələrə yol açıb.

Musavat.com xəbər verir ki, bəzi ixtisaslarda qiymətlər aşağı endirilsə də, digər ixtisaslar üzrə təhsil haqlarının 6 000–8 000 manat (təxminən 3 500–4 700 ABŞ dolları) səviyyəsinə yüksəlməsi fonunda vacib bir sual ortaya çıxır: Biz bu qiymətə tələbələrə hansı qlobal imkanları və təhsil keyfiyyətini təklif edirik?

Həmin ixtisasların xarici ölkələrlə müqayisəsi göstərir ki, Azərbaycandakı təhsil haqları nəinki region ölkələrindən, hətta bir sıra Avropa dövlətlərindən belə baha başa gəlir. Bununla belə, diplomların beynəlxalq səviyyədə nüfuzu və təhsilin qlobal reytinqlərdəki mövqeyi qiymətlərdəki artımla eyni mütənasibliyi qorumur.

Məsələn, Azərbaycanda ADA Universitetində hüquqşünaslıq və ya maliyyə ixtisasının illik təhsil haqqı 8 000 manat, Bakı Ali Neft Məktəbində və Xəzər Universitetində isə əksər ixtisaslar üzrə təhsil haqqı 4 500 manat təşkil edir.

Türkiyənin təhsil bazarı isə azərbaycanlı tələbələr üçün həm qiymət, həm də diplomların tanınması baxımından daha cəlbedici alternativlərdən biri hesab olunur. Türkiyənin nüfuzlu dövlət universitetlərində, o cümlədən ODTÜ, İstanbul Texniki Universiteti və Boğaziçi Universitetində əcnəbi tələbələr üçün ingilisdilli mühəndislik, İT və digər proqramların illik ödənişləri bəzi hallarda 400–2000 dollar, yəni təxminən 700–3 400 manat arasında dəyişir.

Bu universitetlərin bir sıra beynəlxalq reytinqlərdə yüksək mövqelərdə yer alması da diqqət çəkir. Azərbaycanda 4 500–8 000 manat arasında təhsil haqqı tələb edən ali məktəblərlə müqayisədə Türkiyənin bəzi aparıcı dövlət universitetləri daha aşağı ödənişlə daha geniş beynəlxalq akademik imkanlar təqdim edir.

Şərqi Avropa ölkələri ilə müqayisədə də oxşar mənzərə ortaya çıxır. Polşa, Çexiya və Litvada ingilis dilində biznes, maliyyə və İT ixtisasları üzrə illik təhsil haqları orta hesabla 2 000–3 500 avro, yəni təxminən 3 600–6 300 manat təşkil edir. Almaniyanın bir sıra dövlət universitetlərində isə təhsil haqqı tutulmur, tələbələr əsasən semestr üzrə inzibati rüsum ödəyirlər.

Qonşu Gürcüstanda da ingilisdilli proqramlar, xüsusilə tibb və biznes istiqamətləri üzrə, illik təxminən 2 000–3 000 dollar arasında dəyişir. Gürcüstanın Avropa ali təhsil məkanına inteqrasiyası və bir sıra universitetlərinin beynəlxalq akkreditasiyalara malik olması da tələbələr üçün əlavə üstünlüklər yaradır.

Azərbaycanda BDU-da hüquq ixtisası üzrə 4 800 manat ödənildiyi halda, eyni vəsaitə Rusiyanın köklü elmi bazaya malik bir sıra dövlət universitetlərində müxtəlif hüquq, rəqəmsal iqtisadiyyat və digər istiqamətlər üzrə təhsil almaq mümkündür.

Bu müqayisələr Azərbaycanda ali təhsilin qiymətinin nə dərəcədə rəqabətədavamlı olması məsələsini gündəmə gətirir. Əgər tələbə Azərbaycanda bakalavr təhsili üçün illik 8 000 manat ödəyirsə, dörd il ərzində yalnız təhsil haqqına 32 000 manat xərcləməli olur. Bu məbləğin ölkədəki orta əməkhaqqı və məzunların gələcək qazanc potensialı ilə müqayisəsi isə təhsilə qoyulan investisiyanın nə qədər müddətə geri qayıda biləcəyi sualını ortaya çıxarır.

Eyni və ya daha aşağı büdcə ilə Türkiyədə və ya Avropanın bir sıra ölkələrində təhsil almaq tələbəyə yalnız diplom deyil, həm də xarici dil mühiti, beynəlxalq təcrübə və staj imkanları, fərqli akademik mühit və daha geniş əmək bazarına çıxış imkanı yarada bilər.

Əgər yerli universitetlərdə təhsil haqları beynəlxalq alternativlərlə müqayisə edilə biləcək səviyyəyə yüksəlirsə, tələbə və valideynin təbii olaraq daha geniş seçim imkanlarına üz tutması qaçılmazdır. Bu baxımdan əsas sual yalnız “Azərbaycanda ali təhsil niyə bahalaşır?” deyil, həm də “Bu qiymətə tələbəyə hansı əlavə akademik və karyera imkanları təqdim olunur” sualıdır.

Həkim -pediatr Vaqif Qarayev mövzu ilə bağlı öz sosial media hesabında narahatlığını belə ifadə edib: "Tibb Universitetində təhsil haqqı azaldılıb... Müxtəlif fakültələrdə 500-1500 manat civarında... Kənardan baxanda bu rəqəmləır böyük görünür, amma yenilənmiş təhsil haqqı da bir çox ailələr üçün çoxdur. Məsələn, müalicə işi fakültəsində oxuyanlar 6 ilə 30 000 (otuz min!!!) manat ödəməlidir... Digər xərcləri də bura əlavə etsək, ortas tatistik azərbaycanlı ailə üçün çoxdur. Cəmi bir neçə bala görə ödənişlə oxuyan xeyli tələbəmiz olub, yenə də olacaq. Onların əksəriyyəti savadlı uşaqlardır. Bir çox hallarda ödənişsizlərdən yaxşı oxuyurlar. Uzatmayım. Təki bundan sonra diplomu götürüb xaricə qaçanların sayı azalsın..."

Afaq Mirayiq,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR