Onlayn ictimai-siyasi qəzet
2026-cı ildən etibarən II ixtisas qrupu üzrə 150 ballıq ixtisasların siyahısı genişləndirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, I qrupda kompüter mühəndisliyi və İnformasiya texnologiyaları da daxil olmaqla yeni ixtisaslar, II qrupda isə təxminən 7 ixtisas 150 ballıq siyahıya əlavə edilib. III və IV ixtisas qruplarında isə hər hansı dəyişiklik edilməyib. Dosent Şəmil Sadiq Sherg.az-a deyib ki, 150 balla qəbul imkanının genişləndirilməsi gənclərin təhsilə münasibətinə və özünəinamına mənfi təsir göstərə bilər. Ş.Sadiqin sözlərinə görə, universitetlərin dolması naminə keçid balını aşağı salmaq çıxış yolu deyil.

İlham Əhmədov
Dosent İlham Əhmədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanda rəqəmsal iqtisadiyyat prioritet sahə elan olunub. Lakin bu strateji məqsədlə ölkənin təhsil sistemi və insan kapitalının keyfiyyəti arasında ciddi uyğunsuzluq var: “Təhsil sistemimiz 25 ildə neft kapitalını insan kapitalına çevirə bilmədi. Neft tükəndi, amma keyfiyyətli insan kapitalı yaranmadı. Bunu universitetlərə builki qəbul kompaniyası da bir daha göstərdi. Bu il informasiya texnologiyaları və kompüter mühəndisliyi kimi ölkənin gələcəyini müəyyən edən strateji ixtisaslara 150 balla tələbə qəbulunun mümkün olması ciddi suallar doğurur. Məktəb proqramını 20 faiz mənimsəmiş bir şagirddən dörd il ərzində yüksək ixtisaslı kompüter mühəndisi hazırlamaq mümkündürmü? Bu sualın cavabı təkcə ali məktəblərin deyil, bütövlükdə ölkənin insan kapitalı strategiyasının gələcəyini təyin edir. İnformasiya texnologiyaları sektoru müasir iqtisadiyyatın ən mürəkkəb istiqamətlərindən biridir. Bu sahədə uğur qazanmaq üçün yalnız kompüterdən istifadə bacarığı kifayət etmir. Burada həm də güclü nəzəri baza tələb olunur. Kompüter mühəndisinin peşə hazırlığının təməlində riyazi analiz, diskret riyaziyyat, məntiq, ehtimal nəzəriyyəsi, alqoritmlər, proqramlaşdırma, verilənlər strukturları, kompüter arxitekturası, əməliyyat sistemləri, süni intellekt, kibertəhlükəsizlik kimi mürəkkəb fənlər dayanır. Bu fənləri mənimsəmək üçün məktəbdə riyaziyyat, informatika, fizika və məntiq üzrə keyfiyyətli hazırlıq vacibdir. Əgər bu baza zəifdirsə, universitetdə həmin boşluğu qısa müddətdə doldurmaq çox çətindir. Kvadrat tənliyi həll edə bilməyən, kəsrlər üzərində əməlləri apara bilməyən tələbə texniki fənləri mənimsəyə bilərmi? Ondan mühəndis, keyfiyyətli insan kapitalı yetişdirmək mümkündürmü? 150 bal nəyi göstərir? Əlbəttə, qəbul balı insanın bütün potensialını tam əks etdirmir. Hər bir imtahanın ölçmə məhdudiyyətləri var. Yüksək motivasiyalı tələbələr bəzən sonradan ciddi inkişaf göstərə bilərlər. Lakin qəbul balı ümumilikdə ilkin akademik hazırlıq səviyyəsi haqqında mühüm siqnaldır. Əgər geniş miqyasda qəbul həddi çox aşağı düşürsə, bu, ali təhsil sisteminə daxil olan tələbələrin baza hazırlığının da aşağı olduğunu göstərir. Belə vəziyyətdə əsas məsələ fərdi istisnalar deyil, sistemli tendensiyadır”.
İlham Əhmədov qeyd edir ki, universitet məktəbin əvəzinə işləməli deyil: “Son illərdə ali məktəblər getdikcə daha çox məktəbin əvəzinə baza bilikləri öyrətməyə məcbur olurlar. Bu isə universitetin əsas funksiyasını zəiflədir. Universitetin missiyası məktəb proqramını təkrar etmək deyil, yeni bilik yaratmaq, tədqiqat aparmaq, innovasiya hazırlamaq, yüksək səviyyəli mütəxəssis yetişdirməkdir. Əgər birinci kursun böyük hissəsi məktəb boşluqlarını doldurmağa sərf olunursa, dördillik proqramın keyfiyyəti təbii ki, azalır. Axı bu tələblər 3 aydan sonra 6 fəndən imtahan verməli və 51% bal toplamalıdırlar.
Bu gün demək olar ki, hər bir gənc smartfondan istifadə edir. Lakin smartfondan istifadə etmək kompüter mühəndisi olmaq demək deyil. Necə ki, avtomobil sürmək avtomobil konstrukturu olmaq deyil, xəstəxanaya getmək hələ həkim olmaq deyil. Eyni şəkildə də kompüterdən istifadə etmək proqram təminatı və ya kompüter sistemləri hazırlamaq bacarığı deyil. Kompüter mühəndisliyi yüksək səviyyəli analitik düşüncə və sistemli hazırlıq tələb edən peşədir. Rəqəmsal universitet yaratmadan rəqəmsal mühəndis yetişdirmək mümkündürmü?
Digər mühüm problem universitetlərin öz vəziyyətidir. Əgər universitet güclü tədqiqat mərkəzinə malik deyilsə, müasir laboratoriyaları yoxdursa, sənaye ilə əməkdaşlığı zəifdirsə, süni intellekt və yüksək texnologiyalar üzrə beynəlxalq layihələrdə iştirak etmirsə, onda tələbənin yüksək səviyyəli mühəndis kimi formalaşması da çətinləşir. Beləliklə, zəif məktəb hazırlığı ilə zəif innovasiya mühiti üst-üstə düşəndə, yüksək texnologiyalar üçün tələb olunan insan kapitalını formalaşdırmaq çətinləşir".
Ekspert dedi ki, süni intellekt dövründə ölkələrin rəqabət qabiliyyəti yüksək ixtisaslı insan kapitalı ilə müəyyən olunur. Kompüter mühəndisləri, proqram təminatı mütəxəssisləri və süni intellekt tədqiqatçıları gələcək iqtisadiyyatın əsas istehsal qüvvəsinə çevrilirlər: “Bu səbəbdən onların hazırlanmasına dair qərarlar qısamüddətli statistika deyil, uzunmüddətli milli inkişaf strategiyası əsasında qəbul edilməlidir. İKT sektoru elə bir sahədir ki, yaxşı mütəxəssislər öz ölkəsində yaşayaraq, xarici şirkətlərdə də işləyə bilərlər. İnsan kapitalı güclü olanda, xarici şirkətlər burada daha çox nümayəndəliklər açar, daha çox fərdi sifarişlər verərlər. Bu sektorda özünüməşğulluq imkanları da çoxdur. Təki, keyfiyyətli kadrlar olsun”.
Müsahibimizə görə, rəqəmsal dövlət qurmaq istəyiriksə, ilk növbədə rəqəmsal təfəkkürə malik vətəndaş yetişdirməliyik: “Bunun üçün isə məktəb, universitet və elm vahid ekosistem kimi işləməlidir. Bütün bunlar isə təhsil sistemində düzgün kadr siyasəti, islahatların səmərəli elmi təminatı və normal maliyyələşmə tələb edir, hansı ki, bu 30 ildə olmadı. Bununla belə, imkansızlıq ucbatından repetitor yanına gedə bilməyən, davamlılığı və keyfiyyəti aşağı düşən məktəb dərslərinin ümidinə qalan, zəif dərsliklərlə sərbəst şəkildə öyrənən, sonda 150 bal toplayan, amma yüksək potensialı olan, azsaylı istedadlı və yüksək motivasiyalı gənclər istənilən başlanğıc səviyyədən yüksələ bilərlər. Amma sistem səviyyəsində məktəb proqramını çox zəif mənimsəmiş geniş tələbə kütləsindən yüksək ixtisaslı kompüter mühəndisləri hazırlamaq çox çətindir. Rəqəmsal iqtisadiyyat möhkəm fundamental bilik, güclü universitetlər və tədqiqata əsaslanan təhsil sistemi üzərində qurulur. Bu üç sütundan biri zəiflədikdə, ölkənin rəqəmsal transformasiya və innovativ inkişaf strategiyası da risk altına düşür”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
06 Avqust 2026
05 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ