Onlayn ictimai-siyasi qəzet
ABŞ son günlər Çinin onlarla şirkətini sanksiya və məhdudiyyət siyahısına daxil edib. Vaşinqton bunu Sincan bölgəsində məcburi əmək iddiaları, texnologiya təhlükəsizliyi və milli təhlükəsizlik səbəbləri ilə əsaslandırıb. Buna cavab olaraq Çin 6 ABŞ şirkətinə qarşı ticarət məhdudiyyətləri tətbiq edib. Həmçinin bəzi ABŞ şirkətləri ilə bağlı əməliyyatları məhdudlaşdırıb, ABŞ-ə pilotsuz uçuş aparatları (dronlar) və əlaqəli texnologiyaların ixracına əlavə nəzarət tətbiq edib.
Maraqlıdır, görəsən dünyanın iki ən böyük iqtisadiyyatı qarşıdurmanı dərinləşdirsə, bundan ən çox hansı ölkələr faydalanacaq yaxud zərər görəcək?
Milli Məclisin deputatı Azər Badamov vəziyyəti Musavat.com üçün şərh edib: “ABŞ ilə Çin arasında münasibətlər siyasi müstəvidə nə qədər sabit görünsə də, iqtisadi və texnoloji sahədə rəqabət getdikcə daha da sərtləşir. Vaşinqtonun Çin şirkətlərinə qarşı sanksiyaları genişləndirməsi və Pekinin buna ABŞ şirkətlərinə qarşı cavab məhdudiyyətləri tətbiq etməsi göstərir ki, söhbət artıq adi ticarət mübahisəsindən deyil, qlobal iqtisadi liderlik uğrunda mübarizədən gedir.
Dünyanın iki ən böyük iqtisadiyyatı arasında qarşıdurmanın dərinləşməsi ilk növbədə qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər. Çünki ABŞ və Çin dünya ÜDM-nin və beynəlxalq ticarətin böyük hissəsini formalaşdırır. Qarşılıqlı sanksiyalar istehsal və logistika xərclərini artırır, tədarük zəncirlərini pozur, inflyasiya risklərini yüksəldir və beynəlxalq investisiya axınlarını zəiflədir. Xüsusilə yarımkeçiricilər, süni intellekt, elektromobillər və yüksək texnologiyalar sahəsində rəqabət daha da kəskinləşəcək.
Bununla yanaşı, bu prosesdən faydalanacaq ölkələr də olacaq. Son illərdə bir çox transmilli şirkət istehsal güclərinin bir hissəsini Çindən Hindistana, Vyetnama, İndoneziyaya, Malayziyaya və Meksikaya köçürməyə başlayıb. Bu tendensiya qarşıdurma dərinləşdikcə daha da sürətlənə bilər. Həmin ölkələr yeni investisiyalar cəlb etməklə ixrac imkanlarını və məşğulluğu artıracaqlar.
Digər tərəfdən, Çin ABŞ-dan iqtisadi asılılığı azaltmağa və yuanın beynəlxalq mövqeyini gücləndirməyə çalışır. BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində milli valyutalarla ticarətin genişləndirilməsi istiqamətində atılan addımlar da bu strategiyanın tərkib hissəsidir. Bu proses yaxın perspektivdə dolların üstünlüyünü tam dəyişməsə də, qlobal maliyyə sistemində çoxqütblü modelin formalaşmasını sürətləndirə bilər”.
A.Badamovun fikrincə, yaxın illərdə ABŞ–Çin iqtisadi qarşıdurmasının zəifləməsi deyil, əksinə, daha da genişlənməsi ehtimalı yüksəkdir: “Bunun nəticəsində dünya iqtisadiyyatında yeni istehsal və ticarət marşrutları formalaşacaq, qlobal investisiya axınlarının istiqaməti dəyişəcək və geoiqtisadi rəqabət beynəlxalq münasibətlərin əsas müəyyənedicilərindən birinə çevriləcək. Bu səbəbdən bütün ölkələr, o cümlədən Azərbaycan da dəyişən qlobal iqtisadi reallıqlara çevik uyğunlaşmalı, ixrac bazarlarını və tərəfdaşlarını daha da şaxələndirməlidir”.
Nigar Həsənli
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ