Onlayn ictimai-siyasi qəzet
Rusiyanın federal mediası oktyabrda Sankt-Peterburqda konsert verəcəyi bildirilən amerikalı reper Kanye Uestin səfərini böyük mədəni hadisə və ölkənin beynəlxalq təcriddən çıxmasının göstəricisi kimi təqdim edir. Müharibə tərəfdarı Z-kanallarının bir hissəsi isə hakimiyyətin bu münasibətini sərt tənqid edir. Səbəb Uestin Adolf Hitler və nasizm haqqında qalmaqallı açıqlamalarıdır.
Musavat.com xarici mediaya istinadən xəbər verir kiRusiya dövlət mediası və Z-kanallarının Uestin oktyabrın 10-11-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan konsertlərinə münasibətini araşdırıb.
Dövlət mediası tədbiri artıq dünya səviyyəli hadisə kimi təqdim edir. “Rossiyskaya qazeta” şounun səhnə quruluşunu “möhtəşəm”, vizual həllini “heyranedici” adlandırıb. “Beşinci kanal” konsertlərə 160 minədək tamaşaçının gələ biləcəyini yazıb, NTV isə “Rusiya tarixinin ən möhtəşəm şousu” ifadəsini başlığa çıxarıb.
Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova Uestin gəlməsinə “çox şad” olduğunu və konsertə məmnuniyyətlə gedəcəyini bildirib. “Vesti” reperin uzun müddətdir Vladimir Putinlə görüşmək arzusunda olduğu barədə təşkilatçıların sözlərini də ayrıca xəbər edib.
Prodüser İosif Priqojin konsertin on minlərlə xarici turisti Rusiyaya gətirəcəyini düşünür. Prodüser Sergey Dvortsov isə Uestin səfərinin böyük Qərb ulduzlarının geri dönüşünün başlanğıcı ola biləcəyini, gələcəkdə Beyons, Britni Spirs və Teylor Sviftin də Rusiyaya gələ biləcəyini söyləyib.
Dövlət Dumasının Mədəniyyət komitəsi sədrinin birinci müavini Yelena Drapeko Uestin musiqisini dinləmədiyini etiraf etsə də, onun səfərini “blokadanın yarılması” adlandırıb. Deputat Aleksandr Tolmaçov isə bunu Rusiyanın beynəlxalq təcridi barədə təsəvvürlərin iflasının göstəricisi sayıb.
Lakin Z-kanallarında tamamilə əks reaksiya yaranıb. Müəlliflər xüsusilə Hitleri açıq şəkildə tərifləmiş bir amerikalı reperin İkinci Dünya müharibəsinin ən ağır blokadalarından birini yaşamış Leninqradda – indiki Sankt-Peterburqda təntənə ilə qarşılanmasını hakimiyyətin “denasifikasiya” ritorikası ilə ziddiyyət kimi göstərirlər.
Bəzi Z-kanalları federal medianın sevincini istehza ilə qarşılayıb, digərləri isə müharibə davam etdiyi halda rusiyalıların cəbhəyə yardım əvəzinə konsert biletlərinə on minlərlə rubl xərcləməsini tənqid edib. Ən sərt reaksiyalardan birində baş verənlər “epik kukoldizm” adlandırılıb. Başqa bir müəllif Rusiyada Morgenşternin, Karlos Kastanedanın kitablarının və bəzi digər mədəni məhsulların qadağan edildiyi halda Uestin ölkəyə gətirilməsini “sürrealizm” adlandırıb.
Narazılığın əsas səbəbi reperin əvvəlki açıqlamalarıdır. Uest 2022-ci ildə Hitlerdə “yaxşı şeylər” gördüyünü deyib, “Hitleri sevirəm” ifadəsini işlədib və özünü nasist adlandırıb. Sonradan svastikalı köynəklər satışa çıxarıb, 2025-ci ildə isə “Heil Hitler” adlı mahnı buraxıb. Bundan sonra Avstraliya onun vizasını ləğv edib.
Beləliklə, Kanye Uestin səfəri Rusiyanın öz daxilində ideoloji paradoks yaradıb: federal media onu ölkənin təcriddən çıxmasının rəmzi kimi təqdim edir, Z-düşərgəsinin bir hissəsi isə Hitleri tərifləmiş amerikalı reperin keçmiş Leninqradda böyük təntənə ilə qarşılanmasını hakimiyyətin öz ritorikasına zidd sayır.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ