Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin yeni müdafiə naziri Yevgeni Xmara qarşısında qoyulan əsas vəzifələri açıqlayıb.
Zelenski özünün "Telegram" kanalında bildirib ki, hazırkı şəraitdə əsas məqsəd müdafiə sistemini, silah istehsalını, satınalmaları və qoşunların təchizatını həqiqətən səmərəli səviyyəyə çıxarmaqdır.
"Ukraynada həyatı müdafiə edənlər Rusiyanın hücumlarını dəf etmək, cəbhədəki mövqələrimizi saxlamaq, aktiv əməliyyatlar keçirmək və düşmənə cavab zərbələri endirmək üçün lazımi hər şeylə təmin olunmalıdırlar. Putin müharibə və qətlləri faktiki olaraq yeni Rusiya ideologiyasına çevirib. Biz bu müharibə ideologiyasını kökündən məhv etməliyik", — deyə Ukrayna lideri vurğulayıb.
Prezident Yevgeni Xmaranın "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzindəki xidməti ilə sözünün üstündə duran şəxs olduğunu sübut etdiyini qeyd edib: "O, çox gözəl anlayır ki, işğalçıları boş vədlərlə məğlub etmək mümkün deyil".
Zelenski Müdafiə Nazirliyindən uzaqmənzilli zərbə vasitələrinin əməliyyat imkanlarının genişləndirilməsini, yerli silah istehsalçıları ilə hava hücumundan müdafiə potensialının artırılmasını və tərəfdaşlarla birgə hücum-müdafiə əməliyyatlarının gücləndirilməsini gözlədiyini bildirib. O, həmçinin Xmara ilə Drapatı arasında artıq yaxşı koordinasiyanın olduğunu vurğulayıb.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ