İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlərin bilməli olduğu vacib məqam: Yenidoğulmuşlarda qan qrupu necə təyin edilir? 

“Qan transfuziyası müasir tibbin həyatqurtaran prosedurlarından biridir. Bu prosesin təhlükəsizliyi ilk növbədə dəqiq immunohematoloji diaqnostikadan asılıdır. Qan qrupunun səhv təyin edilməsi və ya uyğunsuz qan komponentinin köçürülməsi immunoloji hemolitik reaksiyalara, ağır orqan çatışmazlığına, hətta ölümə səbəb ola bilər. Bu risk xüsusilə yenidoğulmuşlarda daha yüksəkdir”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində həkim-laborant Mələk Babayeva səsləndirib.

Onun sözlərinə görə, yenidoğulmuşlarda qan qrupunun düzgün təyini xüsusi klinik əhəmiyyət daşıyır: “Ana ilə döl arasında qan qrupu uyğunsuzluğu yenidoğulmuşun hemolitik xəstəliyinin (YHX) yaranmasına səbəb ola bilər. Bu zaman ananın IgG sinifli anticisimləri plasentadan keçərək dölün eritrositlərinə hücum edir. Həm hamiləlik dövründə, həm də doğuşdan dərhal sonra aparılan erkən laborator diaqnostika xəstəliyin ağır formalarının qarşısını almağa imkan verir.

Qan qrupu testləri antigen–anticisim reaksiyasına əsaslanır. Eritrositlərin səthində A, B və Rh antigenləri yerləşir, plazmada isə onlara uyğun anticisimlər mövcuddur. Uyğun antigen və anticisimin qarşılaşması nəticəsində aqqlütinasiya, yəni hüceyrələrin yapışması baş verir. Qan qrupunun təyinində əsasən aqqlütinasiya reaksiyası və gel kart texnologiyasından istifadə olunur”.

M.Babayeva bildirib ki, yenidoğulmuşlarda immun sistemi tam formalaşmadığı üçün qan qrupunun təyini böyüklərdən fərqli şəkildə aparılır: “ABO sistemində qan qrupunun tam diaqnostikası iki mərhələdən ibarətdir: birbaşa (forward) və əks (reverse) qruplama. Birbaşa qruplama anti-A və anti-B reagentləri ilə, əks qruplama isə A və B hüceyrələrinin köməyi ilə aparılır. Lakin yenidoğulmuşlarda ABO anticisimləri hələ tam formalaşmadığından yalnız birbaşa qruplama tətbiq edilir.

Rezus-faktorun təyinində isə Rh (D) antigeni dölün inkişafının erkən mərhələlərindən etibarən mövcud olduğuna görə anti-D reagentləri və xüsusi gel kartlardan istifadə edilir. Bundan əlavə, zəif D (Du) variantı yenidoğulmuşlarda xüsusi klinik əhəmiyyət daşıyır. Bu vəziyyət ananın anti-D ilə sensibilizasiyasına səbəb ola bilər. Buna görə də D-mənfi görünən hər bir yenidoğulmuşda zəif D testinin aparılması tövsiyə olunur”.

Həkim-laborant qeyd edib ki, həm qan qrupu, həm də rezus-faktorun təyin olunması ilə bağlı nəticələr 3–6 ay sonra yenidən yoxlanıla bilər: “Çünki həm antigenlər, həm də anticisimlər məhz bu dövrdə tam formalaşır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR