İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev BU GÜN - ərzaq qıtlığı, boş marketlər - FOTOLAR

Son günlər Kiyev ağır ballistik raket hücumunun hədəfinə çevrilib. Zərbənin əsas hədəflərindən biri Ukraynanın paytaxtdakı dəmiryolu infrastrukturu olub.

Musavat.com xəbər verir ki, Ukraynanın öz məlumatları da hücumun nəticələrinin ciddi olduğunu göstərir.

“Ukrzaliznitsya”nın rəhbəri Aleksandr Pertsovski Kiyevdə dəmiryolu deposuna və digər dəmiryolu obyektlərinə ballistik zərbələr endirildiyini bildirib.

Ukraynanın dəmiryolu sistemi müharibə şəraitində ölkənin ən mühüm logistika damarlarından biridir. Kiyev dəmiryolu qovşağı isə qərb, şərq, şimal və cənub istiqamətlərini birləşdirən əsas nəqliyyat mərkəzlərindən biri kimi çıxış edir. Buna görə burada baş verən hər ciddi zədələnmə yalnız sərnişin daşımalarına deyil, bütövlükdə hərbi və iqtisadi logistikanın fəaliyyətinə təsir göstərə bilər.

Picture background

Ukraynada müharibənin cəbhə xəttindən kənardakı real nəticələri artıq supermarket rəflərində görünür. Kiyev, Lvov, İvano-Frankivsk, Vinnitsa və digər şəhərlərdə mağazalarda bir sıra gündəlik tələbat mallarının yoxa çıxması ölkənin pərakəndə ticarət və logistika sistemində ciddi problemin yarandığını göstərir. Məsələ təkcə ərzağın olub-olmamasında deyil. Ukraynanın müasir supermarket sistemi malların istehsalçıdan birbaşa mağazaya daşınması üzərində qurulmayıb. Bu sistemin ürəyi iri logistika və paylama mərkəzləridir. Məhsul əvvəlcə bu anbarlara daxil olur, burada çeşidlənir, qablaşdırılır və daha sonra onlarla, bəzən yüzlərlə mağazaya paylanır. Rusiya ordusunun Ukraynanın logistika infrastrukturuna endirdiyi zərbələr məhz bu mexanizmin ən həssas nöqtəsini vurur.

Ukrayna mediasının məlumatına görə, son beş gündə təxminən 400 min kvadratmetr anbar sahəsi sıradan çıxarılıb. Bunun 100 min kvadratmetrə yaxını soyuducu anbarlardır. Bu isə süd məhsulları, ət, kolbasa, dondurulmuş ərzaq və digər tez xarab olan məhsulların təchizatını xüsusilə riskli vəziyyətə salır.

Nəticə artıq mağazalarda görünür. Kiyevdə çörək, tərəvəz, toyuq əti, dondurulmuş yarımfabrikatlar və günəbaxan yağı kimi məhsulların çatışmazlığı barədə məlumatlar yayılır.

“The Washington Post” da Ukrayna mağazalarında təzə məhsulların, süd məhsullarının və digər malların yoxa çıxdığını yazıb. Ən maraqlısı isə budur ki, supermarket şəbəkələrinin öz addımları da problemin ciddiliyini göstərir. Ukraynanın ən böyük şəbəkələrindən olan ATB bəzi sosial kateqoriyalı malların bir nəfərə satışını məhdudlaşdırıb. Şirkət bunu topdansatış alışları və süni ajiotajla izah etsə də, belə məhdudiyyətlərin tətbiqi özü bazarda təchizat gərginliyinin göstəricisidir.


Picture background

Digər nəhəng – “Fozzy Group” isə avqust ayında logistika mərkəzlərinin zərər görməsi fonunda xərcləri azaltmağa başlayıb. Bu mərkəzlər “Silpo”, Fozzy, Thrash! və “Fora” kimi şəbəkələri təmin edirdi. Yəni söhbət artıq ayrı-ayrı mağazalardakı boş rəflərdən getmir. Ukraynanın pərakəndə ticarət modelinin dayaqları dağıdılır.

Ukraynada hələlik klassik mənada “aclıq” yaranmasından danışmaq düzgün deyil. Ölkədə ərzaq istehsalı tam dayanmayıb. Amma ərzağın istehsal olunması ilə onun mağazanın rəfinə çatması arasında uçurum yaranır.

Kremlin mövqeyinə görə, bu zərbələr Ukraynanın Rusiya ərazisində iqtisadi və logistika obyektlərinə hücumlarına cavabdır. Rusiya Müdafiə Nazirliyi isə iri logistika mərkəzlərinin Ukrayna ordusunun ehtiyacları üçün hərbi məhsulların saxlanması və daşınmasında istifadə edildiyini bildirir.

İndi isə həmin müharibənin nəticəsi cəbhədən yüzlərlə kilometr uzaqda – supermarket rəflərində görünür...

Picture background

Picture background

Picture background

Picture background

Picture background

Picture background

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR