Onlayn ictimai-siyasi qəzet
"2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafqazın siyasi tarixində mühüm dönüş nöqtəsi oldu. Bu görüş yalnız Azərbaycan-Ermənistan sülh prosesinin yeni mərhələyə keçidi ilə deyil, həm də Azərbaycan-ABŞ münasibətlərində uzun müddətdir mövcud olan bir məhdudiyyətin aradan qaldırılması ilə yadda qaldı".
Bu fikirləri Musavat.com-da Azərbaycan Parlamentinin üzvü Elnarə Akimova irəli sürüb.
Parlamentari xatırladıb ki, həmin görüş çərçivəsində Prezident Donald Tramp “Azadlığa Dəstək Aktı”nın Azərbaycana yardım göstərilməsini məhdudlaşdıran 907-ci düzəlişinin tətbiqini dayandıran qərar verdi: "Bu addım xüsusi siyasi məna daşıyırdı. Çünki 907-ci düzəliş 1992-ci ildən etibarən Azərbaycana qarşı ABŞ yardım siyasətində ciddi məhdudiyyət yaradırdı. Sonrakı illərdə müxtəlif prezidentlərin qərarları ilə onun tətbiqi müəyyən müddətlər üçün dayandırılsa da, 2025-ci il Vaşinqton görüşündə atılan addım Azərbaycan-ABŞ münasibətlərinin yeni geosiyasi reallıqlar əsasında yenidən qurulması baxımından diqqətçəkən hadisəyə çevrildi".

E.Akimovanın sözlərinə görə, bu qərarın məhz Prezident İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü fonunda qəbul edilməsi xüsusi siyasi mesaj idi: "Azərbaycan artıq ABŞ qarşısında yardım gözləyən ölkə kimi deyil, Cənubi Qafqazın təhlükəsizlik, enerji, nəqliyyat və geosiyasi gündəliyində mühüm rol oynayan strateji tərəfdaş kimi çıxış edirdi. 907-ci düzəlişlə bağlı qərar da bu dəyişən münasibətin simvolik göstəricilərindən biri oldu. Görüş zamanı Donald Trampın Prezident İlham Əliyevə nümayiş etdirdiyi xüsusi ehtiram da diqqətçəkən idi. ABŞ kimi dünyanın ən böyük siyasi və iqtisadi güclərindən birinin rəhbərinin Azərbaycan Prezidentinin liderliyinə verdiyi yüksək qiymət, onu uzaqgörən lider kimi təqdim etməsi Azərbaycanın beynəlxalq nüfuzunun hansı səviyyəyə yüksəldiyini göstərirdi. Bu mənzərə, əslində, Azərbaycanın son illərdə keçdiyi böyük siyasi yolun diplomatik ifadəsi idi".
Deputat həmçinin onu da səsləndirdi ki, Vaşinqton görüşünün digər mühüm nəticəsi Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması və Birgə Bəyannamənin imzalanması oldu: " Sənəddə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqlik ifadə edildi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra əldə etdiyi yeni reallığın siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi istiqamətində mühüm nəticəyə nail oldu.
Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun yaradılması haqqında memorandumun imzalanması da Vaşinqton görüşünün ayrıca mühüm nəticəsi idi. Bu addım Bakı ilə Vaşinqton arasında münasibətlərin daha geniş və uzunmüddətli strateji gündəlik əsasında inkişaf etdirilməsinə siyasi zəmin yaratdı. Bu hadisələrin hər birinin arxasında Prezident İlham Əliyevin ardıcıl xarici siyasəti, güclü dövlətçilik iradəsi və Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə müdafiə etmək bacarığı dayanır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni geosiyasi reallıqlara uyğun şəkildə davam etdirən İlham Əliyev əvvəlcə Azərbaycan torpaqlarını hərbi-siyasi yolla azad etdi, daha sonra bu Zəfəri diplomatik müstəvidə möhkəmləndirdi. Bu mənada Vaşinqton görüşü İlham Əliyevin hərbi Zəfəri diplomatik qələbəyə çevirən siyasi xəttinin mühüm mərhələlərindəndir. ABŞ Prezidentinin xüsusi münasibəti, 907-ci düzəlişlə bağlı mühüm qərar, sülh prosesində əldə olunan irəliləyiş və Azərbaycan-ABŞ strateji tərəfdaşlığının yeni müstəviyə çıxarılması bir araya gələndə 8 avqust 2025-ci ilin əhəmiyyəti daha aydın görünür.
Bu tarix Azərbaycanın yalnız müharibədən qalib çıxmış ölkə olmadığını, həm də əldə etdiyi Zəfəri beynəlxalq diplomatiyada siyasi nəticələrə çevirə bilən güclü dövlət olduğunu nümayiş etdirdi. Vaşinqtonda baş verənlər Prezident İlham Əliyevin diplomatik uğurunun, Azərbaycanın artan beynəlxalq nüfuzunun və Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın mühüm göstəricisi kimi tarixə düşdü".
Cavanşir Abbaslı
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ