Onlayn ictimai-siyasi qəzet
"Bu il ölkə başçısı cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilən Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, Cəzaların İcrası Məcəlləsinə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklər ölkəmizdə hüquq sisteminin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir".
Musavat.com xəbər verir ki, bu fikirləri bu gün Kollegiyanın sədri Anar Bağırov Vəkillər Kollegiyasının təntənəli mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu dəyişikliklər müdafiə hüququnun səmərəli təmin olunmasına və vəkilliyin institusional əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir.
“Eyni zamanda qeyd olunmalıdır ki, Vəkillər Kollegiyası yalnız müdafiə funksiyasını həyata keçirən institut kimi deyil, bütövlükdə ədalət mühakiməsi sisteminin formalaşmasında fəal iştirak edən mühüm tərəf kimi çıxış edir. Qanunvericiliyə əsasən, Kollegiya Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində öz nümayəndəsi ilə təmsil olunur ki, bu da vəkillik institutunun məhkəmə hakimiyyətinin effektivliyinə və obyektivliyinə verdiyi töhfənin bariz göstəricisidir.
Bununla yanaşı, Vəkillər Kollegiyası Baş Prokurorluğun Elmi-Məsləhət Şurasında, Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarında, habelə Məhkəmə Ekspertizası Şurasında nümayəndə ilə təmsil olunur. Kollegiyanın dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində fəal iştirakı da xüsusi vurğulanmalıdır”.
A.Bağırov qeyd edib ki, 2025-ci il ərzində Kollegiya tərəfindən 50-dən çox normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim edilmişdir ki, bu da onun normayaratma proseslərində mühüm tərəfdaş kimi rolunu bir daha təsdiqləyir:
“Eyni zamanda Konstitusiya Məhkəməsi ilə əldə edilmiş razılıq əsasında Vəkillər Kollegiyası il ərzində 26 iş üzrə mütəxəssis mülahizəsi təqdim etmişdir. Bu mülahizələr hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının hüquqi əsaslarının möhkəmləndirilməsi və hüquqi mövqelərin formalaşması baxımından əhəmiyyətli töhfə hesab olunur”.
Şahanə Rəhimli
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ