İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela tapmacası...

O gün bir də baxıb gördüm, millət bir günün içində dönüb “Venesuela üzrə böyük mütəxəssis” oldu! Başa düşürük, internetdə hər şey haqqında nə qədər desən, “məlumat” var. Gələcəkdə nə olacağını bilmirəm, amma yaxınlaradək internetə həm də “ictimia tualet” deyirdilər...

Bu xüsusda sanballı alimlərin fikri çox maraqlı olardı: internetdəki resurslara nə qədər etibar etmək olar? Biliriniz, niyə deyirəm? İnternet əlçatan olduqca kitablar gözdən düşür, amma kitabın üstündə müəllfin adı yazılır və bilirsən ki, sabah kimin yaxasından yapışmaq lazımdır!

İnternetdəki məlumatlarısa bilmirsən kim yazır, haradan götürür? İki-üç il əvvəlin söhbətidir. Ali məktəblərdən birində çalışan keçmiş tələbə yoldaşımdan soruşdum ki, mühazirələrini nəyin əsasında hazırlayarsan? Qayıtdı ki, intenetdən! Soruşdum ki, tələbələr özü internetə girə bilmir?..

Oxucu bağışlasın, yazılarım demək olar, suallardan ibarət olur, çünki çox şey var ki, özümün də başım çıxmır və istəyirəm ki, kimsə sizə də, mənə də nələrisə izah etsin.

Amma, inanın, sualların heç birini uydurmuram. Bəli, hətta indiki Rusiyanın özündə Latın Amerikasını bilən nəinki alimlər, hətta çox böyük jurnalistlər var. Biz isə ağızdan - ağıza eşitdiyimizi ona-buna sırımaq məcburiyyətindəyik.     

Bəndəniz son Venesuela məsələsinə də tapmaca, yaxud da sindrom deyərdi. Adam çox şeyi unutmağa başlaıyır, amma deyəsən, amerikalı qardaşlarımızın vaxtilə daha bir oxşar əməliyyatı olmuşdu: Noryeqa idi, nə idi, az qala, onu da ölkəsinə girib yatağından götürmüşdülər və adını  da qoymuşdular “narkobaron”!..

Sözüm bunda deyil. Latın Amerikasının dünyanın ən böyük tapmacasıdır. Burada ən çox diqqət çəkən nəhəng yazıçılar - ədiblər (Markes, Borxes və b.) olub. Ən maraqlısısa budur ki, regionun hətta intellektuallarının çoxu ABŞ-ı sevməyib! İntellektuallar cəhənnəmə, bir dəfə Marodana haqda verilişə baxırdım. Dünyanın futbol kralı deyirdi ki, onu ABŞ-a hansısa mükafatı almağa çağırıblarmış, amma tüpürüb buna və gedib Kubaya, dostu Fidelin yanına...

Daha böyük paradoksa ondadır ki, bu anti-ABŞ ölkələrinin sıravi əhalisisə ABŞ-a köçmək və orada yaşamaqçün az qala, dəridən-qabıqdan çıxır! Tramp nahaq yerə divar tikmir ki! ABŞ-da nəhəng ispan-portuqal dilli linqvistik icma yaranıb. Bəzi futuroloqlar deyir ki, istisna deyil, nə vaxtsa, ABŞ da ispandilli ölkə olacaq.

Katolik kilsəsinin liderlərinin çoxu həmin regiondandır. Bir sözlə, tamam, sirlərlə dolu dünyadır, baş açmaq olmur. Hələ mən ABŞ-ın özündə yaşayan adamdan eşitmişəm ki, Çaves bəzi məsələri düz deyirdi!

İllər öncə o boyda qitənin nəhəng intellektuallarının çoxu Çe Qevara, əsasən də Fidel vurğunu idi! Bəlkə burada da nəsə var? Bəlkə insanlar Pinoçet kimi “liberal”- generalları da sevmirlər?

Bir daha deyirəm: Latın Amerikası sözün əsl mənasında, siyasi ekzotika dünyasıdır, hətta Afrika yanında heçdir!

Neft, kofe və daha nə bilim, nələr, bəlkə heç onuncu dərəcəli məsələ deyil, bundan daha qəlizdir bu region. Bunların siyasi dünyası təbii sərvətlərindən də “zəngindir”. İndini bilmirəm, vaxtilə trotskistlərin az qala, hamısı burada toplanmışdı.

Bəndənizi tamam başqa məsələlər narahat edir. Bəlkə də Maduro elə həqiqətən də narkobarondur! Sözüm yoxdur! Amma başqa dövlətlərə bu cür müdaxilələrin effektli olacağına inanmıram, əksinə ABŞ-ın belə hərəkətləri Putin kimilərinə, Kremlə ilham verir: bir də gördün, Kreml də harasa müdaxilə etdi ki, bəs orada “rusdillilərin hüquqaları” pozulur!

Həm də daim təəccüblü gəlir: əcaba, kimisə yatağından aparan ABŞ, onun MKİ-si, Pentaqonu, FTB-si niyə görə, az qala, yarım əsrdir beş-on iranlı mollanın əlində “girinc” qalıbdır? Bəlkə belə daha çox sərf edir?..

Həm də Venesuelanın problemini venesuelalıların özlərinin iştirakı və əlilə həll etmək olmazdı? Axı Vaşinqton bəzən elə prinsipiallıq edir ki, adam az qala, çaşıb “əhsən” də demək istəyir!

Doxsanıncı illərdə bir Aristid vardı. Unutmuşam ökəsini. Xalq bunu hakimiyyətdən qovmuşdu. Vaşinqton iki ayağını bir deşiyə dirəmişdi ki,  yox, Aristid qanuni prezidentdir! Bəs niyə demirdiniz, məsələn, elə Zviad Qamsxurdia da qanuni prezidentdir? Nə isə! Az qala, Aristidi zorla qaytardılar və bir-iki aydan sonra da özləri də harasa rədd etdilər...

Bəzən mənim yazılarda kimlərisə yada salmağımı belə başqa cür yozulur. Amma məqsədim tamam başqadır. Əvvəla, nə vaxtsa ruhən biz yaxın olan adamları da anmaq borcumuzdur. Sözüm bunda da deyil. 90-lar idi deyəsən. Beynəlxalq terrorizm, Bin-Laden söhbətini təzə atmışdılar ortaya. Nə gizlədək, hamımız daha çox ona çalışırdıq ki, şərhlərdə Dağlıq Qarabağ problemini indi də bu qəlibə salaq ki, bəlkə nəsə xeyiri oldu! Bizdən fərqli, o vaxt Mirzə Xəzər özü kiçik şərh yazdı və dedi ki, Dünya böyük məchulluğa gedir...

İndi də Dünya bilmirsən ki, hara gedir? Məlumluğa, yoxsa... Odur, nəticələrlə tələsməyin. Görək, bunların sonu nə olur? Bəlkə elə həqiqətən də qədim Çin filosofları demişkən, hər qaranlıqda bir işıq var? Nə  eyirik? Amma bizə Ukrayna lazım idi, yoxsa Maduro? Yoxsa bu da növbəti “ticarət”, “dəyiş-düyüşdür”?..

Yox, şübhə toxumu səpmirəm: bəlkə bunların bir əlaqəsi var? Bəlkə elə doğrudan, bunun ardınca böyük neft savaşı gələcək?

Amma bu da neft-qaz ölkələri, xüsusən də onların milyonlarla yarıac əhalisi üçün yaxşı heç nə vəd etmir.

Sonuncu devalvasiyanın nə vaxt olduğunu unutmuşam, amma indiyədək özümüzə gələ bilmirik. Hələ onu demirəm ki, neçə jurnalist öz peşəsinə, ünumiyyətlə, “əlvida” dedi: güman, digər kitab-qələm adamları da eyni aqibəti yaşadılar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR