Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın 2025-ci il dövlət büdcəsinin göstəricilərindən aydın olur ki, neft hasilatı və qiymətindəki azalma dövlət xəzinəsinə bu mənbədən daxil olan gəlirləri ciddi şəkildə azaldıb. Maliyyə Nazirliyinin açıqlamasına əsasən ötən il əsas neft ixracı reallaşan “Azəri-Çıraq-Günəşli” yatağında çalışan şirkətlərin büdcəyə mənfəət vergisi şəklində ödəmələri 2,3 dəfə azalıb.
Bundan əlavə, neftdən gələn gəlirlərin toplandığı Dövlət Neft Fonduna AÇG-dən 2025- ci il ərzində 8 milyard 292,9 milyon manat və ya təxminən 4 milyard 878 milyon dollar daxil olub. 2024-cü ildə bu mənbədən Fond 6 milyard 158,5 milyon dollar gəlir əldə etmişdi.

Hökumətin proqnozlarına əsasən 2029-cu ilədək Azərbaycanda neft hasilatının azalması davam edəcək. Həmin ildən hasilatda artım olsa da, alternativ enerjiyə keçidin qat-qat sürətlənməsi tələbatın azalması ilə neft qiymətlərinin azalmasının davamlı xarakter daşıyacağını gözləməyə əsas verir. Belə bir şəraitdə iqtisadiyyatı neft gəlirlərindən böyük ölçüdə asılı olan, diversifikasiya proseslərinin ləng getdiyi Azərbaycanda dövlət vəsaitlərinin xərclənməsi üzərində effektiv nəzarətin təmin olunması zərurətə çevrilib.
Belə görünür ki, hökumət də bu zərurəti anlayır və müvafiq addımlar atmağa başlayıb. Bir neçə gün əvvəl Prezident fərmanı ilə təsdiqlənmiş sənəd - Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin əsasnaməsi bu baxımdan diqqəti cəlb edir. Sənədə əsasən sistemin məqsədi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, inzibati cərimələr üzrə daxilomalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət, dövlət xəzinədarlığı, dövlət borcu və maliyyə öhdəliklərinin idarə edilməsi sahələrində dövlət idarəetməsinin optimallaşdırılması, analitik təhlillər aparılması, proqnozların və hesabatların hazırlanması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
RDMİS-in strukturuna 13 altsistem daxildir. Bunlardan “Dövlət maliyyə nəzarəti” altsistemi dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının vəsaitinin, dövlət zəmanəti ilə alınan və dövlət büdcəsinin vəsaiti hesabına verilən kreditlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitinin, habelə dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin vəsaitinin əldə edilməsi və təyinatı üzrə məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təmin edir.

“Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi” altsistemi dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələrinin və digər infrastruktur layihələrinin maliyyə ekspertizasının aparılması, dövlət büdcəsində dövlət investisiya xərclərinin ortamüddətli göstəricilərinin, dövlət büdcəsinin əsaslı xərclərinin, habelə dövlət investisiya proqramına daxil olan layihələrin maliyyə təminatının müəyyən edilməsi, onların icra vəziyyətinin real vaxt rejimində izlənilməsi, sosial-iqtisadi inkişaf konsepsiyaları, strategiyaları və dövlət proqramları çərçivəsində icra olunan tədbirlərin maliyyə göstəricilərinin proqnozlaşdırılması və monitorinqi üçün məlumatların əldə edilməsini və onların emalını təmin edir.
“Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi” altsistemi dövlət borcu və zəmanəti üzrə öhdəliklər barədə məlumatların toplanılmasını, idarə olunmasını və real vaxt rejimində monitorinqini, dövlət orqanları (qurumları) və digər təşkilatlar tərəfindən hesabatların təqdim olunmasını, eləcə də vahid xəzinə hesabının qalığının və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitinin idarə edilməsinə dair məlumatların toplanılmasını təmin edir.
Əsasnaməyə görə, Maliyyə Nazirliyi RDMİS vasitəsilə dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin rüblük əsaslarla monitorinqini və icra göstəricilərinin təhlilini həyata keçirəcək və sair.
Nazirliyə RDMİS-in fəaliyyətini təmin etmək üçün çox geniş məlumatların təqdim edilməsi nəzərdə tutulur. Bura vergi ödəyicisi barədə məlumatlardan (hüquqi və fiziki şəxsin adı, VÖEN-i, fəaliyyət növü, vergi ödəyici statusu, dövlət qeydiyyatına alındığı tarix, hüquqi ünvanı, hesabat təqdimetmə tarixi, təsdiqlənmiş vergi bəyannamələri) tutmuş, dövlət satınalmalarının iştirakçısı olan vergi ödəyicisi tərəfindən malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı tərtib edilən elektron qaimə-fakturalar; dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda nəqliyyat vasitələri barədə (markası, modeli, rəngi, növü, buraxılış ili, mühərrik həcmi, texniki baxış (saz, nasaz) məlumatları); gömrük bəyannamələri (nömrəsi, malın adı və kodu, miqdarı, mənşə ölkəsi, gömrük dəyəri, hesablanan və ödənilən gömrük ödənişləri, o cümlədən vergi və gömrük sahələrində güzəşt və azadolmaların qiymətləndirilməsi üçün zəruri məlumatlar), habelə gömrük borcları barədə; torpaq sahəsi, əkin növü, subsidiyanın məbləği, verilmə tarixi, müqavilə nömrəsi, fermer təsərrüfatının statusu barədə; auditi aparılmış təsərrüfat subyektləri barədə məlumatlara qədər çoxsaylı informasiyalar daxildir.
Nazirlik bildirir ki, yeni sistem dövlət qurumları, hüquqi və fiziki şəxslər üçün elektron kabinetlər vasitəsilə əlçatan olacaq, maliyyə məlumatlarının dəqiqliyini və etibarlılığını artıracaq, qərar qəbuletmə prosesində analitik imkanları genişləndirəcək.
Beləliklə, bu ildən etibarən dövlət vəsaitləri, xüsusilə də vergi və gömrük gəlirləri, faktiki olaraq, onları təmin edən qurumlar üzərində sərt nəzarət sistemi yaradılır. Bu nəzarət isə bütünlüklə Maliyyə Nazirliyinə verilir.
Qeyd edək ki, Azərbaycanda dünya təcrübəsi əsasında müstəqil vergi və gömrük qurumlarının ləğv edilərək Maliyyə Nazirliyinin rəhbərliyi altında kiçik struktur formasında fəaliyyətinin təmin olunmasını bir çox mütəxəssislər çoxdan təklif edirlər. Hökumət indiyədək buna getməyib, lakin yeni yaradılan sistem hər iki qurumun fəaliyyətinə nəzarətin Maliyyə Nazirliyinə həvalə olunması deməkdir. Bu addımın davamı olaraq Vergi Xidməti və Gömrük Komitəsinin müstəqil qurum kimi ləğvi ehtimalı kifayət qədər böyükdür.

İqtisadçı-ekspert Elman Sadıqovun Musavat.com-a dediyinə görə, RDMİS-nin yaradılmasında əsas məqsəd dövlət maliyyəsi sahəsində şəffaflığı artırmaqdır: “Məqsəd yalnız budurmu? Əlbəttə, xeyr. Əvvəllər də qeyd etdiyim kimi, fiskal siyasətin bir neçə istiqaməti var. Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biri fiskar siyasətdirsə, digəri büdcə vəsaitləri üzərində effektiv nəzarəti təmin etməkdir. Bura həm gəlirlər, həm də xərclər daxildir. Yəni gəlirlərdə şəffaflığı təmin etmədən xərclərdə eyni məqsədə nail olmaq mümkün deyil. Xərclərlə bağlı əsas məsələ budur ki, nəzarət postfaktum olmasın - ötən il səmərəsiz xərclənsin, bu il aşkarlansın prinsipi deyil, xərclənməyə qədərki və bilavasitə xərclənmə prosesinin gedişində şəffaflıq təmin olunsun. Eyni zamanda ikinci bir mühüm məsələ dövlət şirkətləri, həmçinin dövlətdən maliyyə alan özəl şirkətlərin həmin maliyyə ilə bağlı fəaliyyətinə effektiv nəzarət təmin edilsin. Dövlətin payçı olduğu şirkətlərin gəlir və xərclərinin səmərəliliyi, hesabatlılığının təmin olunması üçüncü bir istiqamətdir. Bundan əlavə, dövlətdən subsidiya alan təsərrüfatlara, şirkətlərə nəzarət məsələsi də əsasnamədə əksini tapıb”.
Ekspert bildirir ki, RDMİS dövlət vahid sistem üzərindən öz vəsaitlərinin necə xərcləndiyinə, gəlirlərin necə formalaşdığına nəzarət etmək istəyinin nəticəsi kimi yaradılır. Bu sistemin bir quruma - konkret olaraq Maliyyə Nazirliyinə çox geniş səlahiyyətlərin verilməsi sui-istifadə hallarına yol açmaya bilər:
“Maliyyə Nazirliyi sistem vasitəsilə vahid hesabatlılıq tətbiq edəcək, vergi, gömrük orqanları, dövlət şirkətləri, hətta fermerlər, Kənd Təsərrüfatı Nazirliyi belə həmin sistemə zəruri məlumatları təqdim etməlidilər. Burada səlahiyyətdən sui-istifadə sistemdəki şəffaflıq səbəbindən mümkün olmayacaq. Çünki o sistemə məlumat təqdim edən qurumlar, subyektlərin ora çıxışı olacaq və hərə öz sahəsinə nəzarət edə biləcək. Düşünürəm ki, belə bir nəzarətə imkan yaradılması çox mühüm məsələdir. Qarşılıqlı nəzarətin olması münasibətlərdə sağlamlığı təmin edəcək başlıca amildir. Ümid edirəm ki, belə bir nəzarət təmin ediləcək, əsasnamədə nəzərdə tutulan tədbirlər tam olaraq icra ediləcək və dövlət maliyyəsi sahəsində gözlənilən şəffaflıq təmin olunacaq”.
Dünya SAKİT,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ