Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzində baş müəllim vəzifəsində xidmət edən polkovnik-leytenant Alışov Bəhruz Ağabəy oğlu Musavat.com-un redaksiyasına şikayətlə müraciət edib.
28 il Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyini bildirən zabit Silahlı Qüvvələr və müharibə veteranı, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı olduğunu qeyd edib.
Bəhruz Alışovun sözlərinə görə, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Goradil bağ massivində çıxarışla təsdiqlənmiş torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə müdaxilə edilərək əmlakı dağıdılıb.
Şikayətçi iddia edir ki, tikinti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məlumatlandırma qaydasından istifadə edib. Onun sözlərinə görə, layihələndirilən tikinti mövcud memarlıq-planlaşdırma sənədlərinə uyğun olub və fərdi yaşayış evinin tikintisi ilə bağlı aidiyyəti orqana məlumat verilib.
Lakin B.Alışovun iddiasına görə, hər hansı məhkəmə qərarı və ya qanuni inzibati qərar ona təqdim edilmədən, belə qərarla tanış edilmədən evə müdaxilə olunub və tikili dağıdılıb.
Veteran zabitin əsas suallarından biri də söküntünün hansı hüquqi əsasla həyata keçirilməsi ilə bağlıdır. O bildirib ki, Binəqədi Rayon İcra Hakimiyyətinin, xüsusilə birinci müavin Hacıbaba Babayevin Bakı şəhərinin Baş Planına istinad etməsi də araşdırılmalıdır.
Şikayətçinin sözlərinə görə, əldə etdiyi Baş Planın 64-cü səhifəsində Goradil qəsəbəsinin yaşayış məntəqəsi kimi inkişaf etdirilməsi nəzərdə tutulur.
“Əmlakımın hansı hüquqi əsasla və hansı qərara əsasən dağıdıldığı ictimaiyyətə açıqlanmalıdır”, - deyə Bəhruz Alışov bildirib.
İcra hakimiyyətinin məktubunda nə yazılıb?
Şikayətçi bildirib ki, onun üçün əsas suallardan biri də Binəqədi Rayon İcra Hakimiyyətinin 2 oktyabr 2025-ci il tarixli məktubunda əksini tapan məlumatlarla bağlıdır.
Onun sözlərinə görə, məktubda söküntü işlərinin Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmadığı bildirilsə də, eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə təxirəsalınmaz söküntü işlərinin aparıldığı qeyd edilir. B.Alışovun iddiasına görə, bu məqam söküntünün kim tərəfindən və hansı hüquqi əsasla həyata keçirilməsi ilə bağlı suallar yaradır.
O, söküntünün qanuni prosedura uyğun həyata keçirilmədiyini bildirib və bu məsələdə məhkəmə qərarının olub-olmamasının araşdırılmasını istəyir.
Bəhruz Alışov məsələ ilə bağlı məhkəmə prosesində də Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin söküntü səlahiyyətinin olmaması ilə bağlı açıqlama verdiyini bildirib:
“Məhkəməyə icra hakimiyyətinin hüquqşünası gəlmişdi. Dedi ki, onların söküntü aparmağa ixtiyarı yoxdur. Qanunla söküntünü Fövqəladə Hallar Nazirliyi apara bilər. Amma sonradan əldə etdiyim məktubda başqa mənzərə ortaya çıxır”.
Şikayətçi qeyd edib ki, Fövqəladə Hallar Nazirliyindən isə sözügedən söküntüdə qurumun iştirak etmədiyi bildirilib. Onun sözlərinə görə, bu ziddiyyətlərin hüquqi qiymətləndirilməsi üçün məsələ ilə bağlı Baş Prokurorluğa da müraciət edib.
“Bu söküntünü kim edib? Fövqəladə Hallar Nazirliyi deyir ki, biz iştirak etməmişik. İcra hakimiyyəti isə bir tərəfdən səlahiyyətinin olmadığını deyir, digər tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti qurumlarla birlikdə söküntü apardığını yazır. Əgər bunlar sökməyibsə, bəs kim söküb?” – deyə B.Alışov bildirib.
Polkovnik-leytenant deyib ki, sözügedən torpaq sahəsi onun mülkiyyətindədir və mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur. O hesab edir ki, mülkiyyətində olan əmlaka müdaxilənin hüquqi əsası, söküntü ilə bağlı qərarı verən və icra edən qurumlar, eləcə də prosesdə iştirak edən digər dövlət strukturlarının rolu aydınlaşdırılmalıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Musavat.com-a bildirilib ki, 25 sentyabr 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisi, 285D ünvanında aparılmış şəhərsalma monitorinqi zamanı özbaşına tikinti işlərinin həyata keçirildiyi müəyyən edilib:" Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilib. Daha sonra həmin ərazidə qanunsuz aparılan tikinti işlərinin dayandırıldığı barədə rəsmi məlumat daxil olub.
Qeyd edək ki, Bəhruz Alışov məsələ ilə bağlı dəfələrlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib, həmçinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyi tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak edib. Müraciətlərə baxılması və şəxsi qəbul zamanı ona Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci və 80.3-cü maddələrinin tələbləri ətraflı izah olunub.
Bundan əlavə, vətəndaşın diqqətinə çatdırılıb ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plana əsasən, sözügedən torpaq sahəsi çoxfunksiyalı ictimai-işgüzar zonada yerləşir. Baş Planla müəyyən edilmiş funksional təyinat həmin ərazidə fərdi yaşayış evinin tikintisini nəzərdə tutmur. Bu baxımdan, sözügedən torpaq sahəsində fərdi yaşayış evinin inşası ərazinin müəyyən edilmiş funksional zonalaşdırılmasına uyğun deyil".
Komitədən bildirilib ki, vətəndaşın bütün müraciətlərinə baxılıb, Komitənin mövqeyinin hüquqi və şəhərsalma əsasları dəfələrlə onun diqqətinə çatdırılıb.



Şahanə Rəhimli
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ