Onlayn ictimai-siyasi qəzet
Xalq yazıçısı, görkəmli ədib Elçin Əfəndiyevin vəfatının ildönümü ilə əlaqədar avqustun 3-də Fəxri xiyabanda anım mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəhbərliyi, ədəbiyyat və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri, yazıçılar, şairlər, sənət adamları və Elçinin yaradıcılığını yaxından tanıyan ziyalılar iştirak ediblər.
İştirakçılar Xalq yazıçısının məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində Elçinin Azərbaycan ədəbiyyatında və mədəniyyətində tutduğu mühüm mövqedən, zəngin yaradıcılıq irsindən və ədəbi prosesə verdiyi töhfələrdən söz açılıb. Çıxış edənlər onun uzun illər ərzində Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynadığını, yazıçı, dramaturq, ədəbiyyatşünas və ictimai xadim kimi çoxşaxəli fəaliyyəti ilə seçildiyini vurğulayıblar.

Qeyd olunub ki, Elçin Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərini əks etdirən zəngin irslə səciyyələnir. Onun romanları, povestləri, hekayələri, dram əsərləri və publisistik yazıları uzun illərdir oxucular tərəfindən maraqla qarşılanır.
Mərasim iştirakçıları Xalq yazıçısı ilə bağlı xatirələrini bölüşüb, onun şəxsiyyəti, yaradıcılıq dünyası, ədəbiyyata və mədəniyyətə münasibəti barədə fikirlərini ifadə ediblər.
Çıxışlarda Elçinin əsərlərinin bundan sonra da Azərbaycan oxucusunun mənəvi dünyasında yaşayacağı, onun çoxşaxəli yaradıcılıq irsinin gələcək nəsillər üçün mühüm ədəbi-mədəni mənbə olaraq qalacağı bildirilib.
Anım mərasimi Xalq yazıçısı Elçinin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başa çatıb.
Könül
Fotolar müəllifindir
Musavat.com

23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ