Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı artan geosiyasi gərginlik, kiberhücumlar, təbii fəlakətlər, iqlim böhranı və mümkün pandemiyalar fonunda böhranlara hazırlıq səviyyəsini artırır. Yeni strategiyada vətəndaşların mümkün fövqəladə vəziyyət zamanı ən azı 72 saat ərzində kənardan yardım almadan öz ehtiyaclarını qarşılaya bilməsi tövsiyə olunur.
Musavat.com xəbər verir ki, Avropa Komissiyası hesab edir ki, müasir böhranlar getdikcə daha mürəkkəb xarakter alır və bir-birini tətikləyə bilər. Bu səbəbdən enerji, nəqliyyat, rabitə və ərzaq təchizatında yaranan problem qısa müddətdə digər sahələrə də yayıla bilər.
Komissiyanın qiymətləndirməsinə görə, enerji və ya təhlükəsizlik sistemində başlayan nasazlıq nəqliyyat və logistika şəbəkələrinə, rəqəmsal rabitəyə, ərzaq və içməli su təminatına, eləcə də dövlət xidmətlərinə təsir göstərə bilər.
Belə vəziyyətlərdə yardım və təchizat kanallarının müvəqqəti dayanması ehtimalına görə fərdi hazırlıq xüsusi əhəmiyyət daşıyır.
Strategiyanın diqqətçəkən məqamlarından biri əhalinin fövqəladə vəziyyətlərə fərdi hazırlığıdır. Aİ ölkələrdən vətəndaşları məlumatlandıraraq hər bir ailənin ən azı 72 saatlıq müddət üçün əsas ehtiyatlara malik olmasını təmin etməyə çağırır.
Məqsəd böyük böhran zamanı dövlət və xilasetmə xidmətlərinin bütün insanlara dərhal çata bilmədiyi ilk saatlarda əhalinin əsas ehtiyaclarını müstəqil şəkildə qarşılamasına imkan yaratmaqdır.
Aİ-nin planı yalnız evlərdə ehtiyat yaradılması ilə məhdudlaşmır. Təcili yardım və fəlakətlərə hazırlıq mövzularının gənclər proqramlarına, məktəbəqədər və ibtidai təhsil proqramlarına daxil edilməsi nəzərdə tutulur.
Bundan başqa, tibbi ləvazimatların və həyati əhəmiyyətli məhsulların ehtiyac yaranan bölgələrə daha sürətli çatdırılması üçün milli qurumlar arasında koordinasiya şəbəkəsinin yaradılması planlaşdırılır.
Aİ həmçinin milli imkanların kifayət etmədiyi fövqəladə vəziyyətlərdə istifadə olunan Aİ Mülki Müdafiə Mexanizmi və rescEU ehtiyatlarının gücləndirilməsini nəzərdə tutur.
Yeni strategiyada əsas diqqət beş istiqamətə yönəldilir: riskləri əvvəlcədən müəyyənləşdirmək, əhalini hazırlamaq, erkən xəbərdarlıq sistemlərini təkmilləşdirmək, müdaxilə imkanlarını artırmaq və mülki müdafiəni gücləndirmək.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ