İnsanlara hürriyət, millətlərə istiqlal!

Xilaskar qazilərimizin Rusiya-Ukrayna savaşına qatılması qəbuledilməzdir - işğalçı orduya qoşulmayın

Rusiya-Ukrayna müharibəsində iştirak edən həmvətənlərmizlə bağlı məsələ son günlər xeyli aktuallaşıb.

Bunun başlıca səbəbi savaşda həlak olanların sayının son 4 ildə olmadığı qədər artmasıdır. Həm Ukrayna tərəfdə, həm də Rusiya tərəfdə döyüşərək həlak olan soydaşlarımız barədə, demək olar ki, hər gün xəbərlər gəlir və bu ölkə vətəndaşlarında əndişə dolu suallar yaradır.

Əsas sual odur ki, bizimkilərin o müharibədə nə işi var.

Birincisi, onu nəzərə almaq lazımdır ki, iki slavyan qardaşın müharibəsində iştirak edən soydaşlarımızın bir xeylisi həmin ölkələrin hərbi mükələfiyyətli vətəndaşlarıdır və onlara hərbi xidmətə çağırış vərəqi gələndə səfərbərlikdən boyun qaçıra bilməzlər. Uzun illər bu ölkələrdə yaşamış, özünə iş-güc tapmış, ev-eşik, həyat qurmuş adamların “yox, mən slavyan deyiləm, türkəm, öz davanıza bizi qatmayın” demələri mümkün deyil.

Ukrayna tərəfdə orduya çağırış məsələsi şəffafdır, yaşı düşən vətəndaşları ayrı-seçkilik etmədən, milliyyətinə baxmadan, sırf Ukrayna vətəndaşı olduğu üçün ordu sıralarına çağırır, xarici aqressorun hücumuna məruz qalmış bölgələrə xidmət keçməyə göndərirlər.

Rusiyada isə vəziyyət fərqlidir. Moskva rus xalqının genefondunu qorumaq üçün safqanlı rus gənclərin müharibəyə aparılmasını minumama endirməyə çalışır, bu zaman döyüşən və itki verən ordu hissələrinin şəxsi heyətini federasiya ərazisində yaşayan 60-dan artıq qeyr-rus xalqların hərbi mükələfiyyətli kişilərinin, xarici ölkələrdən (o cümlədən postsovet məkanından) gəlmiş muzdluların, həbsxanalarda cəza çəkən vətəndaşların hesabına doldurmağa çalışır.

Bu baxımdan Rusiyanın ordu hissələlərində RF vətəndaşı olan soydaşlarımızla yanaşı, muzdla döyüşən azərbaycanlılar da var. Onların bəziləri Rusiyaya miqrant kimi gedənlərdir. Bu şəxslər hansısa məsələdə Rusiyanın hüquq-mühafizə orqanlarının cənginə keçiblər və canlarını müharibədə döyüşməklə qurtarmağa çalışırlar, həm də zənn edirlər ki, pul da qazanacaqlar. Rusiya həssas durumlarından sui-istifadə edərək, onları buna məcbur edir.

Gələn informasiyalara görə, döyüşlərə cəlb olunan soydaşlarımzın arasında 44 günlük müharibədə iştirak etmiş Azərbaycan vətəndaşları, Qarabağ savaşının veteranları da var.

Bu, xüsusilə təəssüf doğurur. Ona görə ki, qazilərimiz xilaskar döyüşçülərdir, onlar vətən torpağını işğalçılardan xilas ediblər. Belə adamların işğalçı ordunun sıralaraında başqa bir dövlətin ərazisində döyüşə qatılmaları Azərbaycan əsgərinin reputasiyasına zərbədir.

Həm də onların cavan canı yazıqdır. Öz vətəni uğrunda savaşda həlak olanların qədir-qiyməti vətənində bilinir, yad ölkədə həlak olanların adı isə it-bata düşür, bəzən heç cəsədləri də tapılmır, naməlum əsgər kimi torpağa gömülürlər və heç kəs onların həyatı üçün təəssüflənmir.

Ona görə də qazilərimizin Rusiya-Ukrayna savaşına qatılması qəbuledilməzdir. Ölkə ictimaiyyəti, nüfuzlu ziyalılar, siyasi xadimlər bunu birmənalı olaraq qınamalı, muzdlu əsgər olmaq istəyənləri bu niyyətlərindən daşındırmağa çalışmalıdırlar.

Üstəlik, hər kəs bilməlidir ki, Azərbaycan hüquq-mühafizə orqanları hansısa ölkədə muzdlu döyüşçü olan, sonradan ölkəyə qayıdanları cinayət məsuliyyətinə cəlb edir. Vaxtilə Suriya və İraqda İŞİD-ə qoşularaq döyüşmüş şəxslərin bir çoxu mühakimə olunublar. Görünür, muzdluluğa görə sanksiyaları və siyasət daha sərtləşdirilməlidir.

Başqa bir məsələ Rusiyanın hərbi hissələrinin tərkibində Ukraynaya qarşı müharibədə həlak olmuş və ya yaralanmış şəxslərin onlar üçün nəzərdə tutulmuş kompensasiyaları ala bilməməsidir. Rusiyalı komandirlər çox hallarda onlara kələk gəlir, yüz bir bəhanə ilə ödənişlərini vermək istəmirlər. Ukraynada qollarını və ayaqlarını itirmiş azərbaycanlının uzun müddət Rusiya vətəndaşlığını ala bilməməsi hadisəsi o cür hadisələrdən biridir. Həmin şəxs uzun çək-çevirdən sonra hüquqlarını bərpa etdirə bildi. Haqqını ala bilməyənlər isə daha çoxdur. Onları sadəcə, istifadə edib bir kənara atırlar. Deyilənə görə, rus komandirlər cəsədləri Ukrayna tərəfdə qalan “qara millət”lərin nəşini də geri almaq istəmirlər.

Uzun sözün kəsəsi, bu, bizim müharibəmiz deyil. Bizim müdafiə səciyyəli müharibəmiz oldu, bitdi, igid əsgərlərimizin şücaəti sayəsində həmin hərbi kampaniyadan zəfərlə ayrıldıq.

İndi bizim şücaətli, döyüşkən gənclərimiz özlərinə yad ellərdə təhlükəli macəra axtarmalı deyillər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR