İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə gərginlik PİK həddə - Yeni hərbi alyans yaranır?

“Səudiyyə Ərəbistanının liderliyi ilə Qırmızı dənizdə və Bəb əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyini qorumaq üçün yeni bir hərbi alyansın yaradılması region üçün ikili nəticələr doğura bilər. Qısamüddətli perspektivdə bu addım dəniz patrulları və müdafiə sistemləri vasitəsilə ticarət gəmilərinə vurulan zərbələrin qarşısını almaq, loqistik böhranın və enerji daşımalarındakı kəskin bahalaşmanın qarşısını almaq üçün operativ bir həll yoludur. Uzunmüddətli sabitlik baxımından isə məsələ bir qədər mürəkkəbdir, çünki yalnız hərbi gücə söykənən addımlar böhranın kökündə duran siyasi və hərbi səbəbləri aradan qaldırmır”.

Bunu Musavat.com-a hərbi jurnalist Səxavət Məmməd bildirib.

Tanınmış jurnalist Səxavət Məmməd hərbi jurnalistika və müharibə barədə |  EDnews TV - Azerbaycan | Facebook

Onun fikrincə, husilər bu cür koalisiyaları birbaşa hərbi hədəf kimi görərək hücumların miqyasını daha da genişləndirə bilər ki, bu da regionu daha böyük müharibə riski ilə üz-üzə qoyur: “Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı ilk dəfə deyil ki, husilərə qarşı koalisiya qurur. Zamanında qurulan koalisiya husilər tərəfindən məğlubiyyətə uğradılmışdı. Ona görə də Səudiyyə Ərəbistanının bu addımın uğurlu olub-olmayacağı sual altındadır.

Əslində, təhlükəsizliyi təmin etmək üçün, təkcə yeni bir hərbi alyans qurmaq deyil, başqa alternativ variantlardan da istifadə etmək olardı. Məsələn, Səudiyyə Ərəbistanı Omanın və İranın vasitəçiliyi ilə husilərlə artıq var olan birbaşa və ya dolayısı təmas kanallarını gücləndirə və Yəməndəki siyasi həll prosesini irəli aparmaqla hücumları dayandıra bilərdi. Digər tərəfdən, kənar böyük dövlətləri cəlb etmədən sırf Qırmızı dənizə çıxışı olan Misir, İordaniya və Cibuti kimi region ölkələrinin birgə təhlükəsizlik mexanizmini qurmaq da mümkün idi. Bu, husilərin “xarici müdaxilə” bəhanəsini boşa çıxarardı. Həmçinin, BMT Təhlükəsizlik Şurası çərçivəsində bitərəf dəniz dəhlizləri yaratmaq və ya ticarət gəmilərinin Afrika qitəsini dövr etməklə daha təhlükəsiz marşrutlara yönləndirilməsi kimi müvəqqəti logistik yollar da nəzərdən keçirilə bilərdi”.

Ekspert hesab edir ki, Çin və İranın bu koalisiyaya qarşı reaksiyası fərqli strategiyalara söykənəcək: “İran koalisiyanı regionda ABŞ və Səudiyyə Ərəbistanının təsirini artırmaq cəhdi kimi görüb ona qarşı kəskin şəkildə çıxacaq. Tehran açıq hərbi toqquşmaya girmədən husilər vasitəsilə təzyiqi saxlayacaq, yəni logistik, kəşfiyyat və silah dəstəyini davam etdirərək alyansın fəaliyyətini effektivsizləşdirməyə və onun maliyyə-hərbi yükünü artırmağa çalışacaq.

Çin üçün Bəb əl-Məndəb boğazı çox vacib ticarət yollarından biridir. Çinin Cibutidə böyük hərbi bazası mövcuddur. Pekinin koalisiyaya qoşulacağı inandırıcı deyil, əksinə, Çin dolayı yollarla husilərə dəstək verəcək. Pekin hərbi eskalasiyanın tərəfdarı olmadığını bildirib bitərəfliyini saxlayacaq. Cibutidəki bazasından istifadə edərək öz gəmilərini müstəqil qorumağa üstünlük verəcək, eyni zamanda Tehran üzərindən husilərlə pərdəarxası danışıqlar apararaq öz ticarət gəmilərinin toxunulmazlığını təmin etməyə çalışacaq. Qısacası, İran koalisiyanı husilərin əli ilə sıxışdırmağa, Çin isə hərbi bloka girmədən diplomatik kanallarla öz marşrutunu təmin etməyə üstünlük verəcək. Rusiyanın da dolayı yolla husilərə dəstək verəcəyi gözləniləndir. Faktiki olaraq, Körfəz və Hörmüzdən sonra ikinci əsas toqquşma istiqaməti kimi Qırmızı dəniz və Bəb əl-Məndəb boğazı görünür”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qırmızı dənizdə husilərin Bab əl-Məndəb boğazından gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərinin qarşısını almağa yönəlmiş yeni çoxmillətli hərbi koalisiyanın yaradıldığını elan edə bilər. Koalisiyanın qərargahının Səudiyyə Ərəbistanının komandanlığı altında Ər-Riyadda yerləşdirilməsi planlaşdırılır. Təşəbbüsə ABŞ, Misir, Pakistan, Türkiyə, Qətər, Bəhreyn, Küveyt, Cibuti, Somali və Sudan da daxil olmaqla 50-yə yaxın ölkə dəvət edilib.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR