Onlayn ictimai-siyasi qəzet
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan "Məkkə Müdafiə Sazişi" regionda geniş müzakirələrə səbəb olub. Kollektiv müdafiə prinsipinə əsaslanan bu formatın gələcəkdə genişlənib-genişlənməyəcəyi və Azərbaycanın belə bir platformada təmsil olunmasının mümkün olub-olmayacağı da maraq doğuran əsas suallardandır.
Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu göstərir ki, rəsmi Bakı müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirsə də, hərbi-siyasi bloklara qoşulmaq məsələsində həmişə ehtiyatlı mövqe nümayiş etdirib. Türkiyə ilə Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin hüquqi əsasını formalaşdırıb, Pakistanla müdafiə əməkdaşlığı sürətlə inkişaf edir, Səudiyyə Ərəbistanı ilə isə siyasi və iqtisadi əlaqələr son illərdə yeni mərhələyə qədəm qoyub.

Məhz buna görə də yeni üçtərəfli format Azərbaycanın adı ətrafında müxtəlif ehtimalların səsləndirilməsinə səbəb olub. Bununla belə, indiyədək rəsmi Bakı tərəfindən belə bir sazişə qoşulmaq niyyəti barədə hər hansı açıqlama verilməyib. Amma şübhəsiz ki, əgər gələcəkdə bu platformanın genişlənməsi gündəmə gələrsə, Azərbaycanın mümkün iştirakı bir sıra amillərdən, o cümlədən regional təhlükəsizlik mühitindən, tərəflərin siyasi iradəsindən və ölkənin milli maraqlarından asılı olacaq.
Digər tərəfdən, Azərbaycan uzun illərdir balanslaşdırılmış xarici siyasət yürüdərək həm Qərb, həm Türk dünyası, həm də region ölkələri ilə əməkdaşlığı paralel şəkildə inkişaf etdirir. Bu səbəbdən hər hansı yeni təhlükəsizlik formatına qoşulmaq məsələsi də yalnız ölkənin milli maraqları prizmasından qiymətləndirilə bilər.
Gələcəkdə "Məkkə Müdafiə Sazişi" daha geniş coğrafiyanı əhatə edə bilərmi? Azərbaycanın belə bir platformaya qoşulması regional təhlükəsizlik baxımından hansı nəticələr doğura bilər?
Siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a bunları dedi: "Mövcud geosiyasi vəziyyət yeni ittifaqların qurulumasını və hərbi blokların yaranmasını qaçılmaz edir. Ona görə də, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan "Məkkə Müdafiə Sazişi" gözlənilməz hadisə deyil.
Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr, yeni təhdid ocaqlarının yaranması ölkələri əlavə tədbirlərə məcbur edir. İran müharibəsindən sonra Səudiyyə Ərəbistanı ilə ABŞ arasında yaranan problemlər, Pakistan üçün işğalçı Hindistan təhdidi, Türkiyəyə qarşı bölücü planlar, həmçinin NATO üzvləri arasında ziddiyyətlərin artması, Rusiya-Ukrayna, ABŞ/İsrail-İran müharibəsi və.s kimi amillər yeni yanaşmalar tələb edir.
Bu baxımdan 3 islam ölkəsi arasında yaxınlaşma zərurətdən doğur. Azərbaycanın isə hər 3 ölkə ilə yüksək səviyyəli münasibətləri var. Azərbaycanı Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə müvafiq olaraq qardaşlıq münasibətləri, milli-mənəvi, dini bağlar və strateji maraqlar birləşdirir. Ona görə də yaxın perspektivdə olmasa da, növbəti dönəmdə Azərbaycanın sazişə qoşulacağnı istisna etmək olmaz".
Cavanşir Abbaslı
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ