Onlayn ictimai-siyasi qəzet
Azərbaycan son illər regionda və beynəlxalq müstəvidə müstəqil, balanslı və prinsipial siyasəti ilə mövqelərini möhkəmləndirdikcə, bu reallıqdan narahat olan dairələrin də aktivləşməsi qaçılmaz olur. Konstantin Zatulinin son açıqlamaları məhz bu kontekstdə təsadüfi bəyanatlar deyil, Azərbaycana qarşı aparılan hibrid müharibənin informasiya–ideoloji xətt üzrə tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Ölkəmizin artan beynəlxalq nüfuzu, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçməsi, suveren qərarlarını heç bir mərkəzdən asılı olmadan verməsi Rusiyadakı şovinist dairələri hərəkətə gətirib və köhnə ssenarilər yenidən dövriyyəyə buraxılıb.
Bu hibrid hücumlar təkcə Moskvadan səslənən ritorika ilə məhdudlaşmır. Prosesdə Qərbdəki Rusiya agentura şəbəkəsi – AŞPA müstəvisində Moskvanın maraqlarına xidmət etmiş Yanqland, Ştrasser, Şvabe və digərləri, eyni zamanda erməni lobbiləri ilə koordinasiyalı fəaliyyət diqqət çəkir. Xaricdən başlanan bu hücumlar hər zaman olduğu kimi Azərbaycandakı daxili "5-ci kolon"la sinxronlaşdırılır. Ramiz Mehdiyev, Əli Həsənov çevrəsi, onların müxtəlif siyasi düşərgələrdə yerləşdirdiyi fiqurlar – Əli Kərimli, Gültəkin Hacıbəyli və digərləri üzərindən ölkə daxilində süni narazılıq və etiraz görüntüsü yaratmaq cəhdləri edilir.
Lakin reallıq dəyişib. Qərbdə bu cür destruktiv şəbəkələrin zəifləməsi, xüsusilə Tramp faktorunun bu dairələrə vurduğu zərbə fonunda xarici mərkəzlərin imkanları daralıb, ölkə daxilində isə "5-ci kolon" əsasən neytrallaşdırılıb. İndi proses daha çox nəzarətdə olan ayrı-ayrı YouTube blogerlər və sifarişli informasiya kampaniyaları üzərindən davam etdirilməyə çalışılır. Amma bu cəhdlər də nəticə verməyəcək. Çünki Azərbaycan artıq geri dönməz mərhələdədir. Müstəqil siyasət kursu formalaşıb, dövlət iradəsi möhkəmdir və heç bir hibrid hücum bu yolu dayandıra bilməz.
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bunları dedi:

"Cənab Prezident İlham Əliyev Azərbaycanın sadəcə ərazi bütövlüyü və tam suverenliyini bərpa etmədi. Həm də Azərbaycanı elə bir məqama çatdırdı ki, bu gün verdiyimiz qərarlar heç bir rəqabətin mərkəzində qalmadan, təzyiq altında formalaşdırılmadan, heç bir xarici təsir mexanizmlərini hesablamadan verdiyimiz qərarlardır. İllərlə Azərbaycan torpaqlarını işğal altında tutaraq məhz bu yolla xarici siyasətimizə təsir etməyə çalışan qüvvələrin əlindən bütün rıçaqlar çıxıb.
Şübhəsiz ki, hegemonluq iddiasını illərlə, əsrlərlə diktə edən tərəfləri məhz bu amil hiddətləndirir. Buna görədir ki, Azərbaycanın beynəlxalq müstəvidə uğurlu mövqədə dayanması, bunu möhkəmləndirməsi bəzi dairələrin də aktivləşməsinə səbəb olub. Şübhəsiz ki, Zatulinin səsləndirdiyi bəyanatlar da məhz bunun nəticəsidir.
Azərbaycana qarşı hibrid müharibənin müxtəlif üsul və metodlarına əl atılır. Bütün qapılar döyüldü, bütün planlar işə salındı ki, ölkəmizin artan beynəlxalq nüfuzuna xələl gətirilsin. Bu gün Azərbaycan ABŞ-la münasibətlərini tamamilə yeni və son dərəcə uğurlu bir mərhələyə keçirib. Bu gün Azərbaycan elə bir qərarlar qəbul edir ki, bu da sırf öz milli maraqlarımız nəzərə alaraq həyata keçirilir. ABŞ və Avropa İttifaqı ilə qurulan münasibətlər Rusiyadakı bəzi şovinist dairələri aktivləşdirib. Onlar öyrəşdikləri ssenariləri yenidən dövriyyəyə gətirməyə çalışırlar.
Zatulinlər əlini Qərbdəki qanadlarına uzadaraq onların da səsinə səs verməsinə çalışır. Yanqland, Ştrasser, Şvabbe və başqaları erməni lobisi ilə sinxron addımlar atır və bu kəslər Azərbaycandakı "5-ci kolon"la səs-səsə verib. Ramiz Məhdiyev çevrəsi, onların otuzdurduqları qüvvələr Əli Kərimli, Gültəkin Hacıbəyli və başqaları üzərindən daxildə süni gərginlik yaradılmağa çalışılır, belə bir fon yaradılır ki, guya etiraz dalğası var, proseslər məhz bu cür formalaşdırılır. Lakin reallıq o reallıq deyil. Həmin bu dairələr artıq zəifləyib, Tramp onların manevr imkanlarını tamamilə daraldıb, nəticə etibarilə "5-ci kolon" neytrallaşdırılıb.
İndi isə nəzarətdə saxlanılan YouTube blogerlər və sifariş alan kəslər məkirli informasiya kampaniyaları yürüdərək Azərbaycana təzyiq göstərməyə çalışırlar. Bunların heç biri öz məqsədinə çata bilməyəcək, niyyətləri mənzilə vara bilməyəcək. Azərbaycan artıq elə bir mərhələdədir ki, bu mərhələ keçmişə nöqtə qoyub, bunun üfüqü gələcəyə doğrudur. Azərbaycanın dövlət iradəsi sarsılmazdır və heç bir hibrid hücum Azərbaycanı haqlı mövqeyindən yayındıra bilməz".
Cavanşir ABBASLI
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ