İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Putinin "ürəyinə" zərbə vurdu - ŞOK PROQNOZ

Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda cəbhədən uzaqda yerləşən strateji enerji obyektlərinə endirilən zərbələrin sayı artmaqdadır. Son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın enerji infrastrukturunu hədəf alan növbəti genişmiqyaslı əməliyyat həyata keçirib.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

"Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidməti Ufadakı iki neft emalı zavoduna – "Başneft-Ufaneftexim" və "Başneft-Novoyl"a zərbə endirib. Bu obyektlər cəbhə xəttindən təxminən 1500 kilometr uzaqlıqda yerləşir", - deyə Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, əməliyyat Rusiyanın hərbi-sənaye və yanacaq təminatı infrastrukturuna zərbə vurmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu cür hücumlar Rusiyanın müharibə imkanlarının zəiflədilməsinə xidmət edir.

Volodimir Zelenski iyunun 25-nə keçən gecə həyata keçirilən digər əməliyyatı da təsdiqləyib. O bildirib ki, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Krasnodar diyarında yerləşən iri neft anbarına da zərbə endirib. Məlumata görə, həmin obyekt cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşir.

Rəsmi Kiyev son aylarda Rusiyanın neft emalı zavodları, yanacaq anbarları və digər strateji enerji obyektlərini hədəfə alan uzaqmənzilli əməliyyatların intensivləşdirildiyini bildirir. Ukrayna tərəfi hesab edir ki, bu cür zərbələr Rusiyanın hərbi logistikasına və yanacaq təminatına ciddi təsir göstərir.

Hələlik Rusiya tərəfi Zelenskinin səsləndirdiyi iddialarla bağlı rəsmi açıqlama verməyib.

WhatsApp Image 2026-06-26 at 15.44.47.jpeg (32 KB)

Politoloq Kənan Novruzov mövzu ilə bağlı Musavat.com-a bunları deyib:

"Son zamanlar Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrin intensivləşdiyini hər kəs görür. Düşünmək olar ki, ən azı yaxın gələcəkdə bu zərbələrin ardı-arası kəsilməyəcək, əksinə, daha da güclənəcək. Bu isə öz növbəsində adekvat addımlara səbəb olur. Ukraynanın Rusiya ərazisinə davam edən zərbələrinin mümkün nəticəsi ilə bağlı iki əsas ehtimal var. Birincisi, rəsmi Moskvanın perspektivdə geri çəkilməsidir. Bu, Kiyevin ümid etdiyi və baş verməsi üçün çalışdığı ssenaridir. Ukrayna çalışır ki, hərbi müstəvidə təzyiqlərlə Rusiyanı diplomatik sferada güzəştlərə məcbur etsin. İkinci ehtimal isə rəsmi Moskvanın daha da aqressivləşməsi ilə bağlıdır. Belə ki, Rusiya təzyiq altında olduğunu hiss etsə, daha radikal addımlar ata bilər. Hətta bir zamanlar gündəmdə olan, son vaxtlar isə aktuallığını itirmiş nüvə silahının tətbiqi məsələsi yenidən müzakirə mövzusu ola bilər. Məlum olduğu kimi, nüvə silahının tətbiqi Rusiyanın özünə təhdid hiss etdiyi situasiyalarda aktuallaşır. Bu baxımdan Ukraynanın davam edən zərbələri fonunda Rusiya bu məsələni yenidən şantaj elementi kimi qabarda bilər.

Xüsusilə neft emalı zavodlarının hədəf alınması onu deməyə əsas verir ki, Rusiyanın qarşıdakı aylarda enerji məsələsində çətinliyi ola bilər. Ukraynanın bir neçə il əvvəl yaşadığı qışı Rusiya bu il yaşayacaq. Davam edən zərbələr Rusiya xalqının hakimiyyətdən narazılığının artmasına da səbəb ola bilər".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR