İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzurda ABŞ-İran DAVASI – İrəvan iki OD arasında

Ermənistanın bütün cəhdlərinə baxmayaraq, İran "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsini özünə təhdid mənbəyi kimi görməkdə davam edir. İndi iş o yerə çatıb ki, TRIPP layihəsi səbəbindən ABŞ-İran savaşının növbəti meydançası Ermənistan ərazisi ola bilər. İrandan gələn müxtəlif xəbərdarlıqlar da bunu təsdiq edir.

Tehran TRIPP-in ABŞ-ın Cənubi Qafqazda mövqeyinin güclənməsinə xidmət etdiyini düşünür. Cənub qonşumuz belə hesab edir ki, ilk baxışdan iqtisadi xarakter daşıyan layihə gələcəkdə ABŞ-ın İranın şimal sərhədlərinə yaxın strateji təsirinin artmasına səbəb ola bilər. İranın bəzi siyasi dairələri TRIPP-i sadəcə nəqliyyat layihəsi deyil, regionda qüvvələr nisbətini dəyişdirə biləcək geosiyasi mexanizm kimi qiymətləndirir. Bu fonda İran TRIPP-in inşasının dayanması üçün Ermənistana təzyiqlərini artırır.

Zəngəzur dəhlizi İranı ikiyə böldü

Ermənistanın News.am portalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Tehran gözlənilmədən Baş nazir Nikol Paşinyana TRIPP-lə bağlı yeni sərt şərtlər təqdim edib. Nəşrə görə, əslində İrəvana ultimatum verilib. İrəvana çatdırılıb ki, TRIPP-i qorumaq adı altında heç bir ABŞ, Avropa və ya digər ölkənin hərbçiləri Ermənistana yeridilməməlidir.

Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Sarkis Xandanyan İranın Ermənistan-Amerika TRIPP layihəsi ilə bağlı vaxtaşırı səsləndirdiyi narahatlıqları şərh edərkən bildirib ki, Ermənistan və İran ikitərəfli münasibətlərlə bağlı bütün məsələləri çox yaxşı və mehriban bir atmosferdə müzakirə edir.

Cəmi bir neçə gün əvvəl Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov da Şərq İqtisadi Forumunda çıxışı zamanı TRIPP layihəsinin ABŞ-yə İran sərhədi yaxınlığında hərbi infrastruktur yerləşdirməyə imkan verəcəyi barədə xəbərdarlıq etmişdi. Onun iddiasına əsasən, Amerikanın hərbi mövcudluğu özəl hərbi şirkətlər və kəşfiyyat agentlikləri adı altında birbaşa Ermənistan və İran sərhədlərində təşkil edilə bilər.

Zəngəzur dəhlizində ABŞ-nin hərbi varlığı nəzərdə tutulubmu? Tehran niyə belə şivən qoparır?

Yenidən kim-kimi: Qərb, yoxsa Rusiya?

Politoloq Züriyə Qarayeva Musavat.com-a dedi ki, hazırda açıqlanan məlumatlarda TRIPP çərçivəsində Zəngəzurda ABŞ hərbi bazasının yaradılması nəzərdə tutulmur: “Layihə Ermənistanın suverenliyi altında fəaliyyət göstərəcək nəqliyyat-kommunikasiya marşrutu kimi təqdim olunur. Lakin onun təhlükəsizliyinin kim tərəfindən təmin ediləcəyi, ABŞ-yə bağlı özəl şirkətlərin hansı səlahiyyətlərə malik olacağı və həmin ərazidə texniki-nəzarət infrastrukturunun necə qurulacağı tam aydınlaşdırılmayıb. Məhz bu qeyri-müəyyənlik İran və Rusiyaya “özəl mühafizə”, “logistika mərkəzi” və ya “konsaltinq xidməti” adı altında Qərbin kəşfiyyat və təhlükəsizlik strukturlarının bölgəyə daxil ola biləcəyini iddia etmək imkanı verir. Ancaq indiki mərhələdə ABŞ-nin birbaşa hərbi mövcudluğuna dair təsdiqlənmiş fakt deyil, daha çox geosiyasi ehtimal və təzyiq ritorikası var. Tehranın sərt reaksiyasının əsas səbəbi isə yolun özündən çox, ABŞ-nin İranın şimal sərhədində uzunmüddətli strateji mövqe qazanması ehtimalıdır. İran Ermənistanı Cənubi Qafqazdakı ən mühüm çıxış nöqtələrindən biri, Sünik bölgəsini isə regional əlaqələrinin qorunması üçün həyati məkan hesab edir. TRIPP reallaşarsa, Azərbaycan-Türkiyə bağlantısı güclənəcək, Ermənistanın Qərblə əməkdaşlığı dərinləşəcək, İran və Rusiyanın regiondakı təsir imkanları isə nisbətən zəifləyəcək. Buna görə Tehran təhlükəsizlik arqumentindən istifadə etməklə İrəvanı ABŞ hərbçilərini və xarici təhlükəsizlik qüvvələrini layihədən kənarda saxlamağa məcbur etməyə çalışır. Ermənistan isə bir tərəfdən ABŞ ilə strateji yaxınlaşmanı davam etdirmək, digər tərəfdən İranla sərhəd və iqtisadi münasibətləri itirməmək məcburiyyətində olduğundan, həqiqətən də iki geosiyasi od arasında qalır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR