İnsanlara hürriyət, millətlərə istiqlal!

E1-də yarımçıq dava və sarımsaqlı xaş yemiş sərnişinlər...

Səhər-səhər E1 avtobusunda, türkün sözü, qovğa çıxdı. Sadə səbəbdən. 35-40 yaşlı qadın sərnişin qəfildən sürücüyə qışqırdı ki, niyə “Kristal Abşeron”un dayanacağında saxlamadın. O da dedi ki, “Jurnalistlər binası”nda saxlamışdım, düşəydin. Söhbət böyüdü.

Sürücünü o qədər də qınamalı deyildi. Ekspres marşrutda işləyən avtobuslar sovet dövrünün 15 qəpiklik marşrut taksiləri kimidir, hər yerdə saxlamırlar, şütüyüb gedirlər. İndiki cavanlar bilməz, o vaxtlar RAF adlanan 7-8 yerlik mikroavtobuslar vardı, belə işləyirdilər. İndiki avtobusların gövdəsi yekə, tutumu çoxdur, amma onlar da elə işləyirlər.

Bu üzdən tərəflərin ikisi də haqlıydı. Üstəlik, qadın “Lökbatan dairəsi”ndə avtobusa minərkən soruşubmuş ki, “Kristal Abşeron”da saxlayacaqsanmı, sürücü də deyib, bəli. O, yalan deməyib, deyilən yerin 200-300 addımlığında saxlayıb, qadın da elə bilib ki, bir az irəlidə, “Kristal Abşeron”in binalarının dayanacağında da saxlayacaq, bu da saxlamayıb. Adi bir anlaşılmazlıq.

Ancaq avtobus qadının düşməli olduğu yerdən uzaqlaşınca paralel olaraq onun səsi də yüksəldi. Axırda o, təxminən 40-45 yaşlı, xırıltılı və acıqlı səslə ona cavab verən sürücüyə hikkəli və konkret bir sual verdi: “Sən ermənisən, yoxsa azərbaycanlı?”

Sürücü cavab verənə qədər düşündüm ki, indi o sərt bir cavab verəcək. Ancaq sürücü diplomatik cavab verdi: “Sən necə hesab edirsənsə, elə olsun”.

Qadın bu cavabı gözləmirdi, ancaq yenə də səsinin tonunu aşağı salmadı, dedi, onda elə ermənisən.

Vəssalam, düşündüm, indi sürücü deyəcək ki, aaz, erməni sənin atandır, ərindir, oğlundur.

Hətta fikirləşdim ki, söhbətin “erməni sənin oğlundur” yeri qadına daha təhqiramiz görünəcək, onun hər hansı bir erməni ilə intim münasibətlərinə işarə olduğu üçün özünü təhqir olunmuş sayacaq və o, tamam avtobusun boş salonuyla irəliyə cumaraq çantasını sürücünün təpəsinə keçirəcək.

Sürücü isə mənim güman etdiyimdən də diplomat biri çıxdı, nəinki əsəbiləşmədi, hətta təmkinini də pozmadı, qadına eynilə belə cavab verdi: “Yaxşıdır da, erməni gəlib sizə xidmət edir, sizi sağ-salamat mənzil başına daşıyır”.

Tam döyüş hazırlığı vəziyyətinə gəlmiş qadın “hə, elə sən ermənisən” deməkdən başqa söz tapmadı və artıq Su İdman Sarayının dayanacağına çatmş avtobusdan söylənə-söylənə endi.

Doğrusu, sürücünün səbrinə heyran qaldım. “Erməni” adlandırıldığına görə dalaşan adam çox görmüşən. Hətta bu sözə görə dalaşmayan görməmişəm. Amma bu adam onu təhqir edənə lakonik və unikal cavab verdi. Görünür, ya bu cür adlandırılmağa vərdiş edib (ekspress marşrutlarda dayanacaq üstə dava hər gün, hər saat, hər 20 dəqiqədən bir olur), ya rəhbərlik onların qarşısında “ata-ananıza söysələr də, dava etməyin, bizə iş artırmayın” tələb-tövsiyəsi qoyub, ya da nəsə başqa söhbətdir.

Şükür ki, sağ-salamat, dava-şavasız mənzil başına çatdıq. Belə davalarda adətən zərərəçəkənlər başqaları olur. Araya giririk, tərəflər xəsarətsiz sovuşur, olan bizim kimi “sülhpərvərlər”ə olur – dürtmə, təpik, çanta zərbəsi yemək qaçılmazdır.

Bununla belə, ictimai nəqliyyat maraqlıdır. Adama xeyli mövzu verir. Hər cür insanla rastlaşırsan, dövrün, cəmiyyətin nəbzini tutursan. Sadəcə, çalışmalısan ki, dava zamanı axırda nəbzi tutulan sən olmayasan.

Qərara almışam ki, indən belə həftədə 3 gün ekspress marşrutun sərnişini olacağam. Yalnız bir minus var, onu yazmasam, olmaz. Hətta bəlkə AYNA-ya yazılı müraciət də etdim ki, axşamdan sarımsaqlı xəngəl və ya səhər obaşdan sirkə-sarımsaqlı xaş yeyib ictimai nəqliyyata sərnişin olanlara qarşı bir tədbir görülsün. Bu, ictimai qınaqla düzələn iş deyil. O gün biri yeyib-içib buğlana-buğlana lap ön sırada oturmuşdu, “Neftçilər”ə qədər avtobusun salonuna sarımsaq rayihəsi dağıtdı. Andırın qoxusu qlamur qızların vurduğu fransız parfümünün ətrini də üstələyirdi. Heç kim də heç nə demirdi. Nə desinlər? “Bəy, sizin sarımsaqlı xaşınızın iyi avtobusu Hadrut-Gorus avtobusuna döndərib” deyib, davaya düşsünlər? Hamı avtobus sürücüsü kimi diplomatik cavab verməz axı, “erməni sənsən, sənin böyüyündür” deyər.

Düşəndə sürücüyə diqqətlə baxdım, erməniyə oxşamırdı, daha çox Ağcabədi-Füzuli türklərinə oxşayırdı.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

22 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

14 May 2026

12 May 2026

09 May 2026

07 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

30 Aprel 2026

28 Aprel 2026

25 Aprel 2026

23 Aprel 2026

21 Aprel 2026

19 Aprel 2026

16 Aprel 2026

14 Aprel 2026

12 Aprel 2026

10 Aprel 2026

07 Aprel 2026

05 Aprel 2026

02 Aprel 2026

31 Mart 2026

28 Mart 2026

26 Mart 2026

24 Mart 2026