İnsanlara hürriyət, millətlərə istiqlal!

Şah, kral, çar babalar və müasir fatehliyin limiti

Mistikadır, nədir, şah babalar haqqında bu yazını yazmağa başlayanda Feysbukda qarşıma hələ 17.07.2020-ci ildə yazılmş bir şeir çıxdı. Şeirin ilk misrasını yazım, sonra mətləbə keçərəm. Böylədir:

“Qalx ayağa, şah babam, yurdun viran olubdur”.

Şairənin kimi nəzərdə tutduğunu bilirsiniz, son günlər gündəmdə özüdür və Həmid Herisçi demişkən, şimali azərbaycanlılar israrla ondan ayağa qalxmasını tələb edirlər.

Şeirin yazılma tarixini əbəs yerə qeyd etmədim. Bu, ermənilərin Tovuzda Qaraqaya istiqamətindən hərbi hissələrimizi atəşə tutduğu, general və polkovniklərimizi şəhid etdiyi vaxt yazılıb.

O vaxt doğrudan da bir Heydər oğlu İsmayıla ehtiyac vardı. O, üzrlü səbəbdən viran olmuş yurdun müdafiəsinə qalxa bilməsə də, başqa bir Heydər oğlu bu işi gördü və məsələ 44 günün içində bitdi.

İndi Tenqriyə şükür, dövlətçiliyimiz yerində, ərazi bütövlüyümüz bərpa olunub, sərhədlərimiz qorunur, torpaqlarımız özümüzdədir. Hətta son informasiyaya görə, 5-6 il öncə daşı daş üstə olmayan Cəbrayıl turizm mərkəzi halına gəlib,. ötən ilin ilk rübündə Cəbrayıla gedən turistlərin sayı 914 nəfər olmuşdusa, indi artaraq 8 min 215 nəfərə çatıb - 799 faiz.

Belə anlaşılır ki, indi bizə fateh sərkərdələr yox, Daron Acemoğlu, Andrey Şleyfer, Cozef Stiglitz, Pol Kruqman (bunların adını Google-dən götürmüşəm) kimi Nobel ödüllü, müasir iqtisadiyyatı, beynəlxalq ticarətin yeni nəzəriyyəsini mükəmməl bilən iqtisadçılar lazımdır.

Çünki indinin fatehlərini uzağa getməyə qoymurlar, ən yaxşı halda öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməyə imkan verirlər. Limit bu qədərdir. Sərhədi bircə kilometr o tərəfə keçən kimi konvensiyalar işə düşür, sanksiya paketləri sovet dövrünün məktubları kimi daşdanıb gəlir.

Baxın, bu saat Rusiya kimi azman ölkənin 26 illik hökmdarı, adı dilimizə “cahangir” olaraq tərcümə olunan Putini fateh olmağa qoymurlar, Kiyevdən 2500 kilometr uzaqda olan şəhərlərini bombalayırlar, çar baba da əsəbiləşir ki, “dron çıxdı, mərdlik getdi, hay, haray!”

Yəni biz gərək irəliyə baxaq, şah babalarımızın qurduğu keçmiş imperiyaların xiffətini çəkməyə lüzum yoxdur.

Ona qalsa, müasir monqollar hökmdar babaları Çingiz xanın, Ugedeyin, Subedeyin, Batının, Hülakünün Koreya yarımadasından Macarıstana qədər uzanan imperiyasının həsrəti ilə qovrulurlar, amma nə xeyri var? Hətta Ulan-Batordan 54 km aralıda, Tuul çayı sahilindəki Tsonjin Boldog ərazisində xana nəhəng, 400 metrlik abidə də qoyublar, Göyəzənin zirvəsindən zəndlə baxsaq, bəlkə də görünər. (Abidəyə dair əqəmdə 0-ın birinin artıq olmasına fikir verməyin, tarixdən bəhs edəndə mübaliğə qaçılmazdır).

Fakt budur ki, şanlı keçmiş, türkün sözü, mazidə qalıb, indiki monqollar nə qədər toparlansalar da hökmdar babalarının şücaətini təkrar edə bilmirlər.

Bir monqollar deyil, başqa “qədim və böyük xalq”lar da var ki, keçmişdə qurduqları böyük dövlətlərlə, imperiyalarla, onların fəthləri ilə fəxr edirlər, hətta kral babalarından, imperator dədələrindən danışa-danışa digər xalqları cana-boğaza yığıblar.

Məsələn, ermənilərin bir Tiqranı var, adına həm "Böyük Tiqran", həm də II Tiqran (yəni ki, hələ birinci Tiqran da olub) deyirlər və iddia edirlər ki, o, eramızdan əvvəl 140–55 ildə yaşayıb. Barəsində səhih bilgi yoxdur, amma haylar yapışıblar ki, çar babaları böyük bir dövləti idarə edib. Tarixşünaslıq elmi mat qalıb, nə hayların xətrinə dəyir, nə də Tiqranın dövlətini “tanıyır”.

Gürcülər də I Demetri ilə qürur duyurlar. Onların çar babası Davit oğlu Demetri 1139-cu ildə Gəncədə baş verən dəhşətli zəlzələdən sonra “fürsət bu fürsətdir” deyə Gəncəyə hücum edib, şəhərin darvazasının bir tayını çıxararaq, hərbi qənimət kimi Gürcüstana aparıb. Vəssalam. Onun fatehliyi də bir darvaza tayı ilə əlamətdardır.

Yeri gəlmişkən, həmkarım Elman Cəfərli ilə bu işin peşindəyik. Üçüncü bir həmfikiri özümüzə qoşan kimi “Gəncə darvazasının salamat qalmış tayının tarixi vətəninə qaytarılması uğrunda mübarizə” ictimai təşkilatı yaradacaq və tələb qoyacağıq ki, darvaza tayını qaytarsınlar. Yaxşı olar ki, futbol komandalarımız Gürcüstan klubları ilə oynayanda stadionda belə bir pankart açaq: “Bu qapıya hücum edə bilərsiniz. Böyük qapını qaytarın!!!”

Dediyim odur ki, əzəmətli tarixdən, şanlı keçmişdən, şah, sultan babalardan uzun-uzun danışmaqla müasir rəiyyəti xoşbəxt etmək mümkün deyil. Bunun yolları, nümunələri var. Yaponlara, cənubi koreyalılarla baxmaq lazımdır. Düzdür, yaponların da şanlı imperator babaları olub, indi də var, amma ölkəni tez-tez dəyişən baş nazirlər idarə edir.

**

Dünya köhnə dünyadır, şahsevənləri təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR