İnsanlara hürriyət, millətlərə istiqlal!

Transformatoru payalayan inanclı cahillər

Dünən axşam dostlar sosial şəbəkədə bir video paylaşmışdılar, baxanda adamı gülmək tuturdu, amma ağlamalı video idi.

Deməli, Hindistanda bir kənddə inək transformatorun altından keçəndə, necə olubsa, elektrik cərəyanına qapılıb. Yəni el dilində desək, dilsiz-ağızssız heyvanı “tok” vurub öldürüb. Ağ inəyin böyrü üstə qaldığını görən induslar hərəyə bir paya götürərək cumublar transformatorun üstünə, sağdan döşəyirlər, soldan vururlar, biri yorulur, çəkilir, o biri yeni güclə gəlir. Avadanlığın dəmirini döyəcləyirlər, naqillərini qırırlar. Bir od vurub odlamadıqlar qalır. Onu da yəqin hadisə yerinə gələn ağsaqqallar məsləhət edəcəklər.

Baxırsan, mat qalırsan. Adamlar anlamırlar ki, türkün sözü, trafonu zədələməklə heç nə olmayacaq, amma axşam qaranlıqda qalacaqlar.

Başqa yer olsaydı, dərhal o inəyi kəsərdilər ki, qanı axsın, əti murdar olmasın. Ondan sonra alışma edərdilər, hərəyə 4-5 kilo ət düşərdi, aparıb balalarına yedizdirərdilər.

Amma iş ondadır ki, inək induslarda müqəddəsdir, ətini yemək olmaz. İnancları belədir.

İşə baxın ki, inək ətindən ləzzətli steyklər bişirən ingilislər müstəmləkə illərində (1757-1947) onların bu inancına toxunmayıblar, deyiblər, düz deyirsiniz, inək müqəddəsdir, kəsməyin. Amma özləri danaların can ətini, necə lazımdır, basıb yeyiblər.

Bax, inanc məsələsinin belə şeyləri var. Biri inanır ki, dana əti ən qidalı, az xolestrinli, yeməli ətdir, o biri də inanır ki, onu yemək olmaz, inək müqəddəs heyvandır.

Başqa biri donuz ətiylə aclıq illərindən salamat çıxır, o biri inanır ki, Allah-təala şəxsən donuz ətini haram buyurub.

Yəni hər millətin özünə görə inancı var və birininki o birinə gülməli görünə bilir. Nə yazıq ki, məhz elədir.

Görünür, ölmüş inəyə görə transformatorun təcavüzə məruz qalması səhnəsini əks etdirən videoya bu qədər ironik şərh yazılması bu üzdəndir. Belə şeylər bizə çöçün gəlir.

Amma bir istifadəçi belə şərh yazmışdı: “Bizdə də adamlar özlərini döyürlər”. Başqa biri də böyük daşa şeytan deyərək, xırda daşlar atmağın induslara qəribə görünə biləcəyini qeyd etmişdi.

Bəli, bu ayinlər də onlara qəribə görünə bilər. Yenə ümid edək ki, əl-əlbət, onlarda da bir tolerant adam çıxar, deyər ki, gülməyin, hörmət edin, inanc məsələsidir.

Yaponiyada qədim sintoizm dininə tapınanlar hər şeydə - ağaclarda, qayalarda, şəlalələrdə və hətta cansız əşyalarda tanrıların və ruhların yaşadığına inanırmışlar. Amma müasir yaponlar fizika, kimya, riyaziyyat kimi elmlərə, qeyri-səlis məntiqə, radioaktiv şüalara (bunu onlara amerikalılar başa saldı) inanırlar. Ona görə də dəmir və rezindən robot-humanoidlər düzəldi, iş gördürürlər.

Çinlilər isə “kopi-peyst”in daha effektiv şey olduğuna inam bəsləyirlər, hazırda robot bazarının 97 faizini ələ keçiriblər. Onlar ateist şeydirlər, gözləri ilə görmədikləri şeylərə inanmırlar, gördüklərini də kopyalayırlar.

Bizə nə var, burda oturub dəqiq bilirik ki, inək müqəddəs deyil, onu sağmaq, kəsib-yemək olar. Amma sən gəl bunu induslara başa sal. Deyəcəklər ki, dədə-babalarımız inəyi müqəddəs sayıb, biz də elə davam etməliyik.

Bəlkə əcdadlar səhv ediblər, elmləri çatmayıb? Yox, ənənə belədir, qurtardı. İmtina etmək, dəyişmək olmaz.

Beləcə, Hindistanın dağının başında yaşayan cahil adam smartfonla Kanadada yaşayan qohum-qardaşı ilə görüntülü danışa-danışa elm və texonologiyanın tərəqqisinə, imkanlarına inanmır, amma öz kor inancına inanır.

Doğrusu, mən özüm namaz qılan adamın başını əvvəlcə sağ, sonra sol çiyninə döndərib nəsə dediyini ilk dəfə görəndə təəccüblənmiş və yanımdakı bilən adamdan soruşmuşdum ki, o, niyə belə edir. Simsar adam da demişdi ki, çiyinlərindəki mələklərə salam verir.

İlk dəfə onda bildim ki, çiyinlərimizdə iki mələk var, biri savablarımızı yazır, o biri günahlarımızı. Bu da inanc söhbətidir və ona çox adam inanır. Hətta dərin ziyalılar tanıyıram ki, çiynimizdə mələklərin yazdığı, çəkdiyi şeyləri skrin-şot etdiyinə, PDF formatında saxladığına əmindir.

Bir söz demirəm. Kim inanır, qoy inansın. Amma onu anlamıram ki, günahların qeydə alındığını, sənədləşdirildiyini bilə-bilə, o inanclı insanlar niyə bu qədər günah işlər tuturlar: yalan danışırlar, başqalarına kəf gəlirlər, mərdiməzarlıq, oğurluq, əliəyrilik edirlər. Sonra da gedib bir ay oruc tuturlar ki, guya günahları bağışlanacaq. Mümkündürmü? Əsla! Daşdan keçən sənədlər var.

Ona görə də yuxarıda sözügedən videoya baxaraq acı-acı fikirləşirsən: dünya yığıla o transformatoru payalayanları başa sala bilməz ki, inəyin heç bir müqəddəsliyi, o biri heyvanlardan heç bir üstün məziyyəti yoxdur. Bunu onların qarşısında deyən olsa, transformatoru buraxar, paya ilə adamın üstünə cumarlar ki, inancımıza dil uzadır.

**

Dünya köhnə dünyadır, cəhaləti də köhnədir, cahilləri təzədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR